Zəkanın zəfəri, Vəhdətin dəstəyi: Azərbaycan şahmatında yeni çempionluq salnaməsi
Şahmat üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı yekunlaşıb.
Yüksək mübarizə və peşəkarlıq şəraitində keçən yarışmanın final görüşlərinin izləyiciləri arasında Vəhdət Partiyasının rəhbərliyi də yer alıb.
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi və təşkilatın rəsmiləri çempionat çərçivəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla görüşüb.
Görüş zamanı son illər ölkəmizdə şahmatın inkişaf dinamikası, milli çempionatın artan nüfuzu və beynəlxalq arenada qazandığı mövqe xüsusi vurğulanıb.
Adəm İsmayıl Bakuvi qeyd edib ki, şahmat Azərbaycanın intellektual potensialını və zəngin idman ənənələrini dünyaya tanıdan mühüm sahələrdən biridir. Bu sahədə əldə olunan uğurlar ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.
Partiya sədri bildirib ki, Azərbaycanda idmana dövlət tərəfindən sistemli şəkildə diqqət və qayğı göstərilir.
Onun sözlərinə görə, idman sahəsi Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olub.
Xüsusilə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olduğu dövrdən etibarən ölkədə olimpiya hərəkatı daha da genişlənib və inkişaf edib.
Bu dəstək nəticəsində Azərbaycan idmançıları, o cümlədən şahmatçılar beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanıblar.
Adəm İsmayıl Bakuvi yarışın qalibləri – kişilər arasında Azərbaycan çempionu olan Məhəmməd Muradlı və qadınlar arasında ölkə çempionu Ülviyyə Fətəliyeva ilə görüşərək onları təbrik edib.
O, şahmatçılara beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etməyi, daha böyük uğurlar qazanmağı arzulayıb və gələcək fəaliyyətlərində yeni nailiyyətlər diləyib.



