Yenilənən Vəhdət Partiyası regionlarda təşkilatlanmanı gücləndirir: Quba və Bərdədə təsis-bərpa konfransları keçirildi
İstənilən siyasi partiya üçün regional fəaliyyət – ictimai dayağın və siyasi təsir imkanlarının əsas sütunlarından birini təşkil edir. Bu baxımdan Vəhdət Partiyasının son dövrlərdə bölgələrdə keçirdiyi rayon konfransları partiyanın strukturunun möhkəmləndirilməsinə, yerli təşkilatların aktivləşdirilməsinə və cəmiyyətlə birbaşa təmasların genişləndirilməsinə xidmət edir.
Son 10 gün ərzində Vəhdət Partiyası Quba və Bərdə rayonlarında təsis və bərpa konfranslarını uğurla keçirib. Hər iki tədbir yüksək təşkilatçılıq səviyyəsi və geniş iştirakçı kütləsi ilə yadda qalıb.
Yüzdən çox iştirakçının qatıldığı Quba rayon konfransında partiya rəhbərliyinin nümayəndələri çıxış edərək təşkilatın qarşıya qoyduğu strateji hədəflərdən danışıblar. Vəhdət Partiyası sədrinin müşaviri Nazim Hacıyev çıxışında partiyanın nizamnamə və proqram sənədləri barədə ətraflı məlumat verərək qubalıları təşkilatın əsas prinsipləri, ideoloji xətti və prioritet istiqamətləri ilə tanış edib. O bildirib ki, əsas məqsəd partiyanın bölgələrdə təşkilati strukturunu gücləndirmək, vətəndaşların ictimai-siyasi proseslərdə fəal iştirakını təşviq etmək və yerli problemlərin həllinə töhfə verməkdir.
Partiyanın təşkilatı işlər üzrə şöbə müdiri Zahir İbrahimli isə çıxışında rayon təşkilatlarının fəaliyyət mexanizmi, üzvlərlə işin təşkili, yerli təşəbbüslərin dəstəklənməsi və hesabatlılıq prinsipləri barədə iştirakçılara geniş məlumat verib. Qeyd olunub ki, regional fəaliyyətin gücləndirilməsi hazırda partiyanın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir.

Daha sonra təşəbbüs qrupunun irəli sürdüyü namizədlərlə bağlı açıq səsvermə keçirilib. Demokratik və şəffaf şəraitdə baş tutan səsvermənin nəticələrinə əsasən İslam Kərimov Vəhdət Partiyasının Quba rayon təşkilatının sədri seçilib. Mahirə Quliyeva və Fikrət İbrahimov isə partiyanın Baş Məclisinə təmsilçi olaraq müəyyən ediliblər. Bundan əlavə, daha üç nəfər yerli Nəzarət-Təftiş Komissiyasının (NTK) nümayəndəsi kimi təsdiqlənib.

Bərdə rayonunda keçirilən konfrans isə daha geniş miqyasda və yüksək iştirak səviyyəsi ilə yadda qalıb. 300-ə yaxın çox partiya üzvü və tərəfdarının qatıldığı tədbirdə partiyanın rəhbər nümayəndələri çıxış edərək təşkilatın gələcək planları, regional inkişaf strategiyası və qarşıdakı dövrdə həyata keçiriləcək layihələr barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, regional istiqamət partiyanın ümumi siyasi kursunun mühüm tərkib hissəsidir və bölgələrdə fəallığın artırılması prioritet vəzifə kimi müəyyənləşdirilib.
Səsvermənin nəticələrinə əsasən Elxan Əsədov Vəhdət Partiyasının Bərdə rayon təşkilatının sədri seçilib. Konfrans iştirakçıları yeni seçilmiş rəhbərliyə uğurlar arzulayaraq birgə fəaliyyətin daha səmərəli nəticələr verəcəyinə əminlik ifadə ediblər.
Qeyd edək ki, Vəhdət Partiyası qarşıdakı dövrdə də regionlarda təsis və bərpa konfranslarını davam etdirəcək, yerli təşkilatların maddi-texniki və təşkilati potensialının artırılması istiqamətində ardıcıl addımlar atacaq. Partiya rəhbərliyi bölgələrdə vətəndaşlarla birbaşa ünsiyyət formatının genişləndirilməsini və ictimai təşəbbüslərin dəstəklənməsini əsas fəaliyyət prioritetlərindən biri kimi müəyyənləşdirib.

