Tarix Əliyev və Səidə Sultan arasında qalmaqal: EFİR MƏKANINDA ETİK SƏRHƏDLƏR AŞILIR?

Son günlər bəzi aparıcılar və müğənnilər arasında sosial şəbəkələrdə və canlı yayımlarda baş verən qarşılıqlı təhqirlər cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu kimi halların açıq şəkildə, on minlərlə izləyicinin qarşısında baş verməsi həm düşündürücü, həm də acınacaqlı mənzərə yaradır.

Təəssüf ki, bəzi şəxslər böyük-kiçik, ağsaqqal-ağbirçək anlayışını nəzərə almadan, etik və əxlaqi çərçivələri aşaraq danışırlar. Efir məkanı və sosial platformalar bəzən mədəni ünsiyyət mühitindən çox, küçə üslubunda qarşıdurma meydanına çevrilir. Halbuki efir və ictimai çıxışlar cəmiyyətə nümunə olmalı, mədəni davranış və sağlam dialoq prinsiplərini təbliğ etməlidir.

Son günlər Tarix Əliyev adlı aparıcıyla müğənni Səidə Sultan arasında baş vermiş mübahisə bir daha “Şou biznes” deyilən camiənin hansı vəziyyətdə olduğunun şahidi olduq.

Bu cür mübahisələrin canlı yayımlarda, geniş auditoriya qarşısında qeyri-etik ifadələrlə müşayiət olunması xüsusilə narahatedici məqamdır. Çünki bu platformaları yalnız böyüklər deyil, həm də gənclər izləyir. Azərbaycanın gələcəyi olan 18–20 yaşlı gənclərin əlində telefon və sosial şəbəkələr var və onların dünyagörüşünün formalaşmasında ictimai şəxslərin davranışı böyük rol oynayır. Açıq təhqir və etikadan kənar çıxışlar gənclərin təfəkkürünə və mənəvi dəyərlərinə mənfi təsir göstərə bilər.

Digər tərəfdən, milli mental dəyərlərdən danışan bəzi ictimai şəxslərin özlərinin bu dəyərlərə zidd davranış sərgiləməsi ziddiyyətli və təəssüf doğuran haldır. Belə çıxışlar təkcə şəxsi nüfuza deyil, həm də ümumi mədəni mühitə və cəmiyyətin etik normalarına zərbə vurur.

Bu baxımdan, ictimai nüfuz qazanmış bəzi lasımsız aparıcı və müğənnilərin artıq məsuliyyət hissi ilə davranmaları vacibdir. Efir məkanında tamaşaçıya hörmət göstərilməsi, etik qaydalara riayət olunması və nümunəvi davranış sərgilənməsi əsas prinsip olmalıdır. Kimliyindən asılı olmayaraq, etik normaları aşan və ictimai platformalarda qeyri-mədəni davranış nümayiş etdirən şəxslərə qarşı müvafiq ölçülərin görülməsi, efir mədəniyyətinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Cəmiyyətə təsir gücü olan şəxslər unutmamalıdırlar ki, onların hər sözü və davranışı geniş auditoriya tərəfindən izlənir və nümunə kimi qəbul olunur. Buna görə də ictimai çıxışlarda məsuliyyət, etik davranış və milli-mənəvi dəyərlərə hörmət hər zaman ön planda olmalıdır.

Ramal Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir