“Süni mayalanma ilə doğulan uşaqlar…” YYSİB sədri, analitik-ekspert Aydın Xan Əbilov dan şok açıqlama
“Azərbaycan ailəsi tarixən monolit olub və sözün əsl mənasında dövlətimizin kiçik bir modeli hesab olunub. Lakin son illərdə həm Azərbaycanda, həm də xaricdə gənclər fərqli və modern ailə modellərinə üstünlük verməyə başlayıblar”. Bu sözləri AZXEBER.COM-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü ,yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, Azərbaycan ailə modeli ilə bağlı son illərdə müxtəlif hadisələr baş verir:
“Böhran içində olan ailə və məişət adət-ənənələrimizi qorumaq və yaşatmaq üçün həm dövlət tərəfindən, həm də ayrı-ayrı ictimai xadimlər və qurumlar tərəfindən müəyyən addımlar atılır. Lakin bütün dünyada baş verən proseslər, yəni ailə modelinin dəyişməsi, insanların modern həyat tərzinə keçməsi, ailə məsuliyyətini və qarşılıqlı öhdəlikləri üzərlərinə götürmək istəməməsi kimi hallar Azərbaycanda da artmaqdadır. Bu isə ailə modelimizə və ailə institutumuza mənfi təsir göstərir. Boşanmaların artmasının həm sosial, həm mədəni, həm də texnoloji səbəbləri var. Sosial şəbəkələr və internet vasitəsilə xaricdən gələn təsirlər, liberal həyat tərzinin yayılması, ekoloji və tibbi təsirləri mövcuddur”.
Aydın Xan Əbilov bildirib ki, süni mayalanma ilə dünyaya gələn uşaqların çoxunun cəmiyyətlə emosional bağları yoxdur:
“Son 30 ildə insanların həyat tərzində baş verən dəyişikliklər, doğuşla bağlı problemlər, süni mayalanmanın artması kimi amillər də ailə münasibətlərinə müəyyən təsirlər göstərir. Bu dəyişikliklər genetik olaraq milli şifrəmizin həm mənəvi, həm fizioloji baxımdan ailə institutuna təsir edir. Süni mayalanma ilə dünyaya gələn uşaqların çoxu öz valideyinləriylə və cəmiyyətlə emosional bağları yoxdur. Həmin uşaqlar ailə dəyərlərinin nə olduğunu başa düşməkdə çətinlik çəkirlər”.
O əlavə edib ki, subaylara vergilər tətbiq edilməlidir:
“Toylara, yaslara, ailə-məişət münasibətlərinə, qaynanaya, yeznəyə, baldıza və digər ailə üzvlərinə qarşı hücumlar edirik. Bu cür davranışlar, həmçinin ağbirçəklər, aqsaqqallar, yengə institutlarının dağıdılması kimi hallar da boşanmalara səbəb olur. Bu boşanmaların qarşısını almaq üçün biz indi çox qeyri-adi tədbirlər görməyə məcburuq. Məsələn, dul adamlara və subaylara vergi tətbiq olunmalıdır. Həmçinin evlilik depoziti adlı bir bank hesabı yaradılmalıdır. Əgər tərəflər ayrılırsa, həmin bank hesabındakı vəsait uşaqların təhsili, səhiyyəsi, inkişafı və mənzil təminatına yönəldilməlidir. Bu, uşaqların hüquqlarının qorunmasına xidmət edən bir mexanizmdir”.
Ekspert vurğulayıb ki, demoqrafik problemlər də bu məsələyə təsir edir:
“Bununla yanaşı, milli-mənəvi dəyərlərin inkişafı, ailə modelinin gücləndirilməsi, gənc ailələrin dəstəklənməsi və xüsusən uşaqlı ailələrin dövlət tərəfindən subsidiyalar və müavinətlərlə dəstəklənməsi üçün xüsusi proqramların həyata keçirilməsi vacibdir.
Eyni zamanda demoqrafik problemlər də bu məsələyə təsir edir. İnsanlar ailə qurmaqdan çəkinir, ailə məsuliyyətini üzərlərinə götürmək istəmirlər. Bunun səbəbləri arasında iqtisadi çətinliklər, sosial təminat problemləri və həyat şəraitinin mürəkkəbləşməsi yer alır”.
Aydın Xan Əbilov qeyd edib ki, istəsək də, istəməsək də, ailələr zamanla dəyişir:
“Bir-iki uşaqlı, tək valideynli ailələr, hətta eyni cinsdən şəxslərin ictimai və ya dini formada ailə qurması da mövcuddur. Bu, ailə qanunvericiliyində yenilənmələr tələb edir. Dini nikah hüquqi tərəfi olmasa belə, faktiki nikah hesab olunur. Amma belə nikahlardan dünyaya gəlmiş uşaqların hüquqlarının qorunmasında boşluqları olur. Bu da ailə münasibətlərində problemlərə yol açır. Dini, ictimai və hüquqi nikah fərqli anlayışlardır. Reallıqla üzləşmək vacibdir, çünki bu fərqliliklərin yaratdığı problemlər aktuallığını qoruyur”.
Şahanə Ziyad
https://azxeber.com/az/suni-mayalanma-ile-doulan-usaqlar/sosial/

