Sosial şəbəkələrdə yeniyetmələrin uyğunsuz görüntülərinin yayılması nəyə işarədir? – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan sərt tənqid
Ötən gün sosial şəbəkə platforması “TikTok”da gənclər arasında yayılan video böyük müzakirələrə səbəb olub. Videoda təxminən 7-8 yeniyetmə və bir qız bir araya gələrək rəqs edir, sanki içkili vəziyyətdəymiş kimi hərəkətlər edirlər və hərəkətlər zamanı uyğunsuz, nalayiq ifadələrdən istifadə olunur.
Görüntülər təkcə əyləncə məqsədli olmayıb, həm də etik normaların pozulması, valideyn nəzarətinin zəifliyi və yeniyetmələr arasında sərbəstliyin artması kimi məsələləri gündəmə gətirir. Videonun paylaşılması və internetdə yayılması ictimai narahatlıq doğurur.
Bu görüntülər hansı sosial təhlükənin siqnalıdır? Nəyə görə gənclik bu cür hallar nümayiş etdirir?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq, tənqidçi Aydın Xan Əbilov bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də nələrsə baş verir:
“Bu baş verən hadisələr heç də müsbət yöndə deyil, əksinə cəmiyyəti, yeni nəsli geriyə çəkən mənfi təzahürləri özündə birləşdirir. Bununla əlaqədar dünyanın bir çox ölkələrində beyin mərkəzləri, ictimai qurumlar, institutlar çalışır, təşkilatlar, tanınmış ictimai xadimlər, psixoloqlar, sosioloq və kulturoloqlar müəyyən diskussiyalar aparır. Lakin Azərbaycan cəmiyyətində sadəcə telekanallarda və saytlarda bir-iki ekspertin çıxışından sonra hər şey sanki unudulur. Yayılan görüntülər hələ ən yaxşısıdır. Ən dəhşətlisi də odur ki, azərbaycan vətəndaşı bu cür çirkin, dünyada pornoqrafiya və erotikanın nümunəsi kimi qadağan edilmiş, amma bizim yeniyetmə və gənclərimizin iştirakı ilə çəkilmiş görüntüləri böyük həvəslə izləyirlər”.
Sosioloq cəmiyyəti düşündürən suallar da ortaya qoyur:
“Nə üçün gənclərimiz öz bədənlərini nümayiş etdirməklə, söyüş söyməklə, eyni zamanda digər mənfi vərdişləri təbliğ etməklə sosial şəbəkəni “bəzəməyə” çalışırlar? Niyə onlar idmanda, rəqs meydançalarında, incəsənət qollarında, məktəb dərnəklərində yox, evlərdə valideynlərinin işdə olduğu bir vaxtda hansısa maddələrin təsiri altında bu cür davranışlar edib bizi heyrətləndirməyə çalışırlar? Günahkar kimdir?
Biz dəfələrlə vurğulamışıq ki, analar son illər təbii yolla uşaq dünyaya gətirmir, ona ana südü deyil, xaricdən gələn kimyəvi tərkibli qidalarla bəsləyir, laylay oxumaq əvəzinə cizgi filmləri, komputerdə şiddət məzmunlu oyunlarla başını qatırlar.
Valideynlərlə yanaşı, müəllimlər də bu məsələdə həlledici rol oynayır.
Bugünkü gündə məktəblərdə müəllimlər 45 dəqiqəni yola verirlər ki, sadəcə vaxt keçsin. Nə şagirdləri muzeylərə, teatrlara aparır, nə maraqlı səyahətlər təşkil edirlər. Əvəzində sadəcə məktəb pul yığır, valideynsiz şəkildə uşaqlar müxtəlif bölgələrə istirahətə göndərilir. Orada nə hoqqadan çıxdıqları isə bəlli deyil. İndiki uşaqlar da əvvəlkilər kimi deyil. Onlara nəyisə qadağan etmək olmur, hər kəs öz haqqını tələb edir”.
Müsahibimizin fikrincə, indiki gənclər video çəkib paylaşaraq tez-bazar pul qazanmaq istəyir:
“Son illərdə sosial şəbəkələrdə özünü fenomen sayan əxlaqdan kənar hərəkətlər edərək “like”lar yığıb , izləmələr toplayan şəxslərin oyunbazlığı belə gənclərin yetişməsinə gətirib çıxarır.
Belə görüntüləri qınaq obyektinə çevirmək üçün ictimailəşdirməyə bəzən icazə vermirlər, guya biz bununla milli mənəvi dəyərlərimizi, uşaqların psixologiyasını qoruyuruq. Halbuki bu cür hadisələr haqqında danışmadıqda valideynlərin, o cümlədən, digər yeniyetmələrin xəbəri olmur və nəticədə belə halların sayı artır. Bununla da cəmiyyətin sosial-mənəvi düşüncəsinə böyük zərbələr endirilir”.
A.Əbilov vurğulayıb ki, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bununla bağlı uyğun inzibati və cinayət əməllərini törədən şəxslərə həm cərimələr, həm də müəyyən sutkalıq həbs cəzası tətbiq etsələr də, nədənsə vəziyyət düzəlmir:
“Doğrudur, hazırda özünü göstərən “Tiktoker” və ya bloggerlərin sayı çox olmaya bilər. Lakin belə yeniyetmələrimizin, uşaqların sayı günü-gündən artır. Uşaqlar marketlərdən rahatlıqla siqaret, spirtli və ya enerji içkiləri ala bilirlər. Bu tip görüntüləri yayılan yeniyetmələri də araşdırsaq, bu hərəkətlərinin arxasında sintetik və polisintetik uyuşdurucu maddələrin, həblərin və ya enerji içkilərinin istifadəsinin dayandığını görərik.
Bunların qarşısını almaq üçün gəncləri maksimum yükləmək lazımdır. Məktəblərdə dərnəklər, maraqlı klublar, idman yarışları, KVN-lər təşkil olunmalıdır. Məktəbliləri kitabxanalara, muzeylərə, teatrlara, ictimai tədbirlərə yönləndirməliyik. Hər birimiz gənc nəslin əldən getməsinin qarşısını almaq üçün çabalamalıyıq”.
Ləman Sərraf

