Ömür vəfa qilsaydı…

ÖMÜR VƏFA QILSAYDI

Hələ orta məktəb illərindən gündəlik mətbuatla maraqlanıb, daha çox yerli jurnalistlərin publisistik məqalələrini oxuyardım. İstər Respublika mətbuatında, istərsə də Lənkəranda çıxan “Leninçi“ (indiki “Lənkəran”) qəzetində Ağaddin Babayevin imzasına tez-tez rast gələrdim. Ən çox rus və dünya ədəbiyyatı klassiklərindən etdiyi tərcümələr diqqətimi cəlb edərdi. Sonralar öyrəndim ki, o, həm də istedadlı yazıçı-jurnalist, şair, dramaturq və teatrşünasdır. Əvvəllər yalnız imzasını gördüyüm və yaradıcılığını izlədiyim bu xeyirxah insanın özünü isə hansısa bir rayon tədbirində daha yaxından gördüm. Gördüm ki, gözəl mənəviyyatı, əxlaqlı, ağır təbiəti, nurlu siması ilə seçilən köhnə kişilərdəndir.
Bir daha yəqin etdim ki, işıqlı düşüncələri, dərin fikir və duyğuları məhz onun geniş ürəyindən , nurlu təfəkküründən qaynaqlanırmış.
Heç yadımdan çıxmır, mən muzeyə direktor təyin olunduğum gün əlaqə saxladı. Sevincək təbrik etdi. Muzeyin 100 illiyinə dəvət etsəm də, zəng açaraq kövrək səslə təbrik etdi və dedi ki, bağışla gələ bilmirəm xəstəyəm, amma təbrikini qəzetində dərc etdi.
Bu cəfakeş, fədakar insanın böyüklüyü, elə səmimiyyətində və diqqətində idi.
Ağaddin Abdulla oğlu Babayevin tərcümeyi–halı heç də qeyri-adi təsir bağışlamır. O da çoxları kimi sadə həyat yolu keçib. 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində zəhmətkeş, çörəyini əllərinin qabarı ilə qazanan bir ailədə dünyaya göz açıb. Şağlaser kənd orta məktəbini bitirdikdən sonra keçmiş Lenin adını sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakıda “Qırmızı ulduz” İstilik–Elektrik stansiyasında qazanxana maşinisti, Nərimanov rayonundakı Kommunal Təsərrüfatı şöbəsində fəhlə və briqadir olmaqla əmək fəaliyyətini davam etdirib.1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən təxris olunduqdan sonra illərlə ürəyində bəslədiyi ali təhsil almaq arzusunu gerçəkləşdirib. Yəni 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin teatrşünaslıq fakültəsinə daxil olub. İstər orta məktəb, istərsə də ali məktəb illərində bədii yaradıcılıqla məşğul olub. Şeirləri, hekayələri, publisistik məqalələri nəinki yerli “Leninçi” qəzetində, respublikanın müxtəlif qəzet və jurnallarında dərc olunurdu. Ali məktəb illəri tezliklə arxada qaldı. 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini müvəffəqiyyətlə bitirən Ağaddin Babayev Lənkəran Dövlət Dram Teatrında ixtisası üzrə işə düzəlir, teatrın ədəbi-dram hissəsinin rəhbəri olur. Elə həmin ildə həm də “Leninçi” – “Lənkəran” qəzetində işləməyə dəvət olunur. Ayda bir dəfə buraxmaqla talış dili səhifəsini hazırlamaq ona tapşırılır. Paralel olaraq qısa müddətdə Ağaddin Babayevin həm Lənkəran Dövlət Dram Teatrında,p həm də yerli “Leninçi” qəzetində çox cəhətli yaradıcılıq istedadı üzə çıxır.
Çox keçmədi ki, Ağaddin Babayev rus dilindən etdiyi tərcümələr “Bakinski raboçi” qəzetinin yaradıcı kollektivinin diqqətini cəlb edir və redaksiyada xüsusi müxbir vəzifəsinə dəvət alır. Ömrünün çox illəri məhz bu qəzetlə bağlı olur. ”Bakinski raboçi”nin elə bir nömrəsi olmazdı ki, orada publisistik yazıları yer ayrılmasın. Çünki yazıları mövzusuna, aktuallığına, dilinə, formasına görə seçilirdi.
Təbii ki, Ağaddin Babayevin jurnalistlik fəaliyyəti təkcə “Bakinski raboçi” qəzeti ilə məhdudlaşmadı. O, APA İnformasiya Agentliyinin və APA TB-nin Cənub bölgəsinin rəhbəri vəzifələrində də çalışaraq respublikada informasiyanın inkişafına öz yaradıcılıq töhfəsini verib.
Ağaddin Babayev eyni zamanda pedoqoji fəaliyyətlə də məşğul olub.O, uzun illər Lənkəran rayonunun Şağlaser, Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatını tədris edib. Saysız-hesabsız şagirdləri fəal həyat mövqeyi qazanıblar. Onların xoş sorağı nəinki respublikanın hər yerindən, eləcə də bir çox xarici ölkələrdən gəlir.
Ağaddin Babayev ömrünün sonuna qədər “Lənkəran “ qəzetində şöbə müdiri vəzifəsində çalışırdı. Qəzetin mövzu rəngarəngliyi, ideya, siyasi, yeni forma axtarışı baxımından yüksək səviyyədə çıxmasında böyük yaradıcı əməyi vardı.
Ağaddin Babayevnə az, nə də çox, düz 50 il bədii yaradıcılıqla məşğul olub. Yuxarıda qeyd etdiyimiz kimi, əgər onun yaradıcılığını bir gülüstana bənzətsək, orada hər cür çiçək tapmaq mümkündür. Belə ki, o, özünün çoxcəhətli yaradıcılığında qələmini şeirdə də, hekayədə də, pyesdə də, tərcümə sənətində də sınayıb və oxucuların ürəyindən xəbər verən bədii nümunələr yaratmağa müvəffəq olub. Şeir və hekayələri, rus və dünya ədəbiyyatından etdiyi tərcümələr müxtəlif ədəbi almanaxda, qəzet və jurnallarda işıq üzü görüb. Həm yazdığı, həm də tərcümə etdiyi bir neçə pyesi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub.
Ağaddin Babayev rus dilində çapdan çıxan “Moi sobesedniki” (2002-ci il, Bakı “Qanun “ nəş.) , “Ot naşeqo korrespondenta” (2009-cu il, “Qanun “ nəş.) adlı iki kitabın müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan, tanınmış yazıçı –jurnalist, şair, tərcüməçi, dramaturq Ağaddin Babayevin fəaliyyəti heç də diqqətdən kənarda qalmayıb. O, bir çox ədəbi müsabiqələrin, o cümlədən Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqələrin qalibi olub. Eyni zamanda “Qızıl Qələm” Media Mükafatına layiq görülüb.
Qeyd edək ki, Ağaddin Babayev öz jurnalistlik fəaliyyətində daha bir zirvəni fəth edib.O, cənubda ilk dəfə olaraq “Prizma“ adlı ictimai –siyasi qəzetin təsisçisi və redaktoru olub. Dörd səhifədən ibarət olan və yüksək poliqrafik səviyyədə buraxılan qəzet zamanın güzgüsünə çevrilmişdi. Başqa sözlə desək, hər bir oxucu qəzetdə öz zövqünə uyğun istər mətbu, istərsə də bədii yazı tapa bilərdi.
Ağaddin Babayev 21 iyun 2025-ci ildə haqq dünyasına qovuşub. Hazırda doğulub boya-başa çatdığı, ləyaqətli övladı tək başucalığı gətirdiyi doğma Şağlaser kənd qəbrıstanlığında əvədi uyuyur.
Yaşasaydı, bu ilin mart ayında 70 yaşı tamam olacaqdı. Lakin amansız ölüm bu yubiley sevincini yaşamağı və bu sevinci dost-tanışları, oxucuları ilə bölüşməyi ona rəva bilmədi.
Bəli istedadlı yazıçı-jurnalist, gözəl və nəcib ziyalı, xeyirxah insan Ağaddin müəllim bu gün cismən aramızda yoxsa da, əsərləri ömrünün davamı kimi bizimlədir. Yazıları onu həmişə yadımıza salacaq. Hər dəfə nəsillər bu yazıları oxuduqda geniş ürəyinin səsini, döyüntüsünü eşidəcək, sənətkar kimi anacaqlar.

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.

Leyla Məcidova

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Tarix Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir