Müğənnilərə veriləcək 655 manat maaşla bağlı YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan açıqlama
İrlandiya hökuməti ölkədəki sənətçilərə işlərini dəstəkləmək üçün həftədə 325 avro (günün məzənnəsinə uyğun 655 manat ) ödəməyi planlaşdırır. “İncəsənət üçün Əsas Gəlir” (BIA) adlanan proqramın dünyada öz növündə ilk olduğu bildirilir. Mədəniyyət naziri Patrik O’Donovan bildirib ki, proqram İrlandiyanı sənətçilərə dəstək siyasətində qlobal lider kimi təqdim edir. May ayında başlayacaq müraciətlərdən sonra təxminən 2000 sənətçi seçiləcək və üç il ərzində müntəzəm maaş alacaq.
YYSİB sədri, azıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, dövlətlərin sənətçilərinə və musiqiçilərinə yanaşma tərzi müxtəlif olur:
“Bu baxımdan Avropa ölkələrində, o cümlədən İrlandiyada və ümumilikdə Qərb dövlətlərində incəsənət daha çox kommersiya xarakterli sahə kimi qəbul edilir. Doğrudur, klassik bəstəkarlıq, akademik musiqi və yaradıcılıqla bağlı müəyyən fondlar mövcuddur və bu fondlar qrantlar vasitəsilə sənətçilərə dəstək göstərir. Lakin ümumi yanaşma ondan ibarətdir ki, musiqiçi və sənətçi öz fəaliyyəti hesabına gəlir əldə etməli, özünü maliyyələşdirməyi bacarmalıdır. Bu səbəbdən Qərb ölkələrində sənətçilərin prodüserləri, marketoloqları, reklam və PR komandaları olur. Bu komandalar həm öz qazancını təmin edir, həm də musiqiçinin bazarda yaşamasına və tanınmasına şərait yaradır. İrlandiya isə Avropanın nisbətən zəif iqtisadiyyata malik ölkələrindən biri hesab olunur və iri kommersiya incəsənət layihələri geniş yayılmadığı üçün hökumət müəyyən hallarda incəsənət xadimlərini dəstəkləməyə məcbur qalır. Azərbaycanda da bu sahədə dövlət dəstəyi mövcuddur. Məlum olduğu kimi, dövlət tədbirlərində iştirak edən, rəsmi çıxışlar edən incəsənət xadimləri üçün qonorarlar müəyyən edilir. Dövlət televiziyalarında yayımlanan musiqi proqramlarında və mahnılarda iştirak edən sənətçilərə də müvafiq ödənişlər ayrılır. Bununla yanaşı, ölkədə restoran, toy və əyləncə sektoru kimi sahələr var ki, burada həm ifaçılar, həm musiqiçilər, həm də konsert təşkilatçıları və fonogram sahəsində çalışanlar gəlir əldə edə bilirlər.
O deyib ki, bu baxımdan incəsənət adamlarının maliyyələşdirilməsi hər bir ölkədə, o cümlədən Azərbaycanda fərqli modellərlə həyata keçirilir:
“Bu, normal hal kimi qəbul edilməlidir. Ancaq elə sənət sahələri var ki, xüsusilə klassik incəsənət növləri opera, balet, akademik bəstəkarlıq, muğam və aşıq sənəti bazar mexanizmləri ilə özünü tam təmin edə bilmir. Bu sahələrdə çalışan sənətçilər mütləq şəkildə dövlət tərəfindən dəstəklənməlidir. Məhz bu məqsədlə Heydər Əliyev Fondu, Beynəlxalq Muğam Mərkəzi və digər qurumlar xalq musiqisi, muğam və milli irs sahəsində fəaliyyət göstərən yaradıcı insanlara dəstək verir. Azərbaycanda incəsənət xadimlərinin dəstəklənməsi ilə bağlı müxtəlif dövlət proqramları mövcuddur. Gənc istedadlar üçün xüsusi layihələr, “Qızıl kitab”, bəstəkar və ifaçılar üçün Prezident təqaüdləri tətbiq olunur. Xalq və əməkdar artistlər aylıq əlavələrlə, fəxri adlarla, medallarla, bir çox hallarda isə mənzillə təmin edilirlər. Bütün bunlar dövlətin milli incəsənətin, muğamın, aşıq sənətinin və klassik musiqinin yaşadılmasına verdiyi önəmin göstəricisidir. Əslində, İrlandiyada tətbiq edilən bu model Azərbaycanda uzun illərdir mövcuddur və ölkəmiz bu sahədə bir çox dövlətlər üçün nümunə sayıla bilər. Beynəlxalq festivallar – Qəbələ Musiqi Festivalı, Şuşada keçirilən “Xarıbülbül” festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Muğam festivalları və digər mədəni tədbirlər dövlətin incəsənət xadimlərinə göstərdiyi diqqətin bariz nümunəsidir. Bununla belə, qeyd etmək lazımdır ki, həddindən artıq himayə bəzən sənətçilərdə passivlik yarada bilər. Ona görə də əsas məqsəd onları asılı vəziyyətə salmaq deyil, yaradıcılığa və inkişafına motivasiya vermək olmalıdır. Prezident təqaüdləri və ömürlük xüsusi müavinətlər uzun illər musiqinin inkişafına töhfə vermiş sənətçilər üçün mühüm sosial dayaq rolunu oynayır. Bu mexanizmlər musiqi ilə məşğul olan, milli mədəniyyətin inkişafında xidmətləri olan şəxslər üçün ciddi dəstəkdir və incəsənətin davamlılığını təmin edən əsas amillərdən biri hesab olunur”.
Leyla Turan
https://demokrat.az/az/news/269226/mugennilere-verilecek-655-manat-maasla-bagli-aciqlama

