Klassik diplomatik çərçivələri aşan səfər. Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvidən siyasi şərh

İkitərəfli yox, daha geniş əməkdaşlıq başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.

Vəhdət Partiyasının sədri, politoloq Adəm İsmayıl Bakivi YeniMedia.net portalına verdiyi açıqlamada səfərin bu cəhətini xüsusi vurğulayıb.

Tanınmış ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi hesab edir ki, səfər çərçivəsində aparılan müzakirələr və verilən mesajlar Bakı ilə Belqrad münasibətlərinin uzunmüddətli və sistemli inkişaf perspektivinə malik olduğunu göstərir. Çox səmimi şəraitdə keçirilən ikitərəfli görüşlərin nəticələri göstərdi ki, iki ölkə arasında əlaqələr təkcə mövcud əməkdaşlıqla məhdudlaşmır.

“Bunu Prezidentin çıxışlarında səsləndirdiyi fikirlər də təsdiqləyir. Cənab İlham Əliyevin vurğuladığı kimi, tərəflərin “gələcək üçün açıq-aydın planlarının” olması siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir. Xüsusilə beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi, birgə sərmayə layihələrinin icrası və enerji-nəqliyyat imkanlarının genişləndirilməsi – bütün bunlar iki ölkə münasibətlərini klassik diplomatik çərçivədən çıxarır. Bu yanaşma Azərbaycan–Serbiya tərəfdaşlığının strateji səviyyəyə yüksəldiyini təsdiqləyir və əlaqələri real iqtisadi məzmunla zənginləşdirir”.

Vəhdət Partiyasının sədri bildirir ki, səfərin diqqətçəkən məqamlarından biri Azərbaycanın Serbiyaya iri həcmli sərmayə yatırmağa hazır olduğunu bəyan etməsidir: “Bu mesaj təkcə iqtisadi niyyət deyil, həm də Serbiyada formalaşmış əlverişli investisiya mühitinə verilən siyasi qiymətdir. Enerji infrastrukturu, xüsusilə elektrik stansiyalarının tikintisi və yenidən qurulması sahəsində mümkün fəaliyyət tərəfdaşlığın uzunmüddətli olacağını göstərir.

Burada Serbiya Prezidenti Aleksandar Vuçiçin həyata keçirdiyi islahatların yaratdığı imkanlar ayrıca qeyd olunur”. Siyasi şərhçi hesab edir ki, Azərbaycanın Serbiyaya qaz ixracını artırmaq qərarı, eyni zamanda bərpaolunan enerji və elektrik enerjisi istehsalı istiqamətində birgə fəaliyyət perspektivləri Avropa enerji təhlükəsizliyi kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Deməli, bu əməkdaşlıq təkcə ikitərəfli deyil, daha geniş regional ölçüyə malik olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək, xüsusilə enerji, investisiya və nəqliyyat sahələrində konkret layihələrlə möhkəmlənəcək.

Mövcud dinamika iki ölkənin Avrasiya məkanında bir-birini tamamlayan tərəfdaşlara çevrildiyini göstərir.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səfərin siyasi-psixoloji atmosferindən də danışır: “Qarşılıqlı etimad, dostluq ritorikası və yaxın gələcəkdə yeni görüşlərin planlaşdırılması münasibətlərin formal diplomatiyadan kənara çıxaraq real tərəfdaşlıq müstəvisində inkişaf etdiyini göstərir. Prezidentin ‘Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!’ çağırışı bu münasibətlərin emosional və siyasi simvoluna çevrilir”.

Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya səfəri yalnız diplomatik hadisə deyil, həm də Azərbaycan–Serbiya münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir