İfşa faylları niyə İran müharibəsi ərəfəsi açıldı – təsadüf, yoxsa?
Çox güman ki, bu addım Trampa qarşı istifadə edilən güclü kartın vaxtından əvvəl masaya qoyulması idi…
Böyük siyasətdə təsadüflər nadir hallarda olur. Xüsusən də söhbət İrana qarşı hərbi zərbə ehtimalının açıq şəkildə müzakirə edildiyi günlərdən və ABŞ siyasətinin ən qaranlıq fiqurlarından biri olan Ceffri Epşteynin dosyesindən gedirsə. 31 yanvar – 1 fevral tarixlərində Trampın İrana zərbə endirəcəyi barədə qlobalist mətbuatın ardıcıl yazıları fonunda, 30 yanvarda ABŞ Ədliyyə Nazirliyinin 3 milyon səhifəlik Epşteyn fayllarını ictimailəşdirməsi doğrudanmı sadəcə hüquqi prosedurdur?
Bu sənədlərin Trampın razılığı olmadan açıqlanmasının mümkün olmadığı Vaşinqtonda hər kəsə bəllidir. Elə isə sual yaranır – Tramp niyə öz adının minlərlə dəfə çəkildiyi, təsdiqlənməmiş, amma son dərəcə ağır ittihamlarla dolu bir dosyenin tam da İran böhranının pik nöqtəsində açılmasına razı oldu? Bu, ona qarşı təzyiq idimi, yoxsa əksinə – Trampın onu müharibəyə sürükləyən dairələrə qarşı son anda atdığı əks-zərbə?
Bu sual bizi istər-istəməz İran-ABŞ-İsrail üçbucağının dərinliklərinə aparır. İran ABŞ üçün doğrudanmı həyati təhlükədir?

Açıq danışaq, İran ABŞ üçün həyati risk daşımır. İran ABŞ ərazisini, ABŞ dövlətçiliyini, ABŞ iqtisadi sistemini birbaşa təhdid edən aktor deyil. Elə isə Tramp niyə belə bir müharibənin bütün risklərini üzərinə götürməlidir?
Cavab İranın özündə deyil. Cavab Çin və Rusiyadadır. ABŞ üçün İran yalnız bir hədəf yox, vasitədir. Pekin və Moskvanın supergüc iddialarını cilovlamaq üçün İranın ram edilməsi Vaşinqton baxımından strateji əhəmiyyət daşıyır. Elə buna görə də Rusiya və Çin İrana kömək etməyə məhkumdurlar və bunu gizlətmirlər. Bu gün İran ən müasir hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri, hipersonik ballistik raketlər, gəmi əleyhinə yüksək dəqiqlikli silahlar, peyk siqnallarını bloklayan texnologiyalar, “hərbi məsləhətçi” adı altında real döyüşçülər alır. Bu, faktiki olaraq Rusiya və Çinin ABŞ-a verdiyi açıq mesajdır: “Burada dayan”.
İsrail üçün isə İranla müharibə həyati əhəmiyyət daşıyır. Və tələsir. Çünki anlayır ki, ABŞ-ı İranla müharibəyə cəlb etmək üçün zaman pəncərəsi daralır. Maydan sonra bu ssenari xeyli çətinləşəcək. Üstəlik, payızda İsraildə Knessetə seçkilər keçiriləcək. Lakin 12 günlük müharibə İsraili ayıltdı. Bu müharibə göstərdi ki, İsrailin İran raketlərinə qarşı tam etibarlı müdafiəsi yoxdur. İran real olaraq dəqiq hədəfi vuran hipersonik raketlərə malikdir, hətta ABŞ-ın ən müasir HHM sistemi sayılan THAAD belə bu raketlər qarşısında acizdir. Bu reallıqdan sonra İsrail təkbaşına İranla müharibəyə girə bilməz. Ona görə də indi müxtəlif kanallarla Tehrana mesaj ötürür: “Biz növbəti müharibədə olmayacağıq”. Amma bu, yalnız formal mövqedir. İsrail istəyir ki, müharibəni ABŞ aparsın, özü isə kölgədə qalsın. Hətta mümkünsə, İsrail hərbçiləri ABŞ təyyarələrində, ABŞ bayrağı altında vuruşsun ki, İranın İsrailə birbaşa cavab vermək üçün formal əsasları olmasın. Görünən odur ki, İran bu oyunu anlayır. Elə buna görə də əvvəlcədən “zərbəni kim vurursa-vursun, ilk hədəflər sırasında İsrail də olacağını” bəyan edib. Tehran yaxşı anlayır ki, ABŞ onu təkbaşına müharibəyə sürükləmirsə, deməli, kulis arxasında İsrail var. Tramp məcbur edilməsə, belə riskə getməz.
ABŞ analitikləri gizlətmirlər ki, Tramp İsraildən asılıdır. Amma bu asılılığın konkret mexanizmi barədə yekdil fikir yoxdur. Versiyalar isə çoxdur – kürəkəni Cared Kuşner amili, MOSSAD-ın əlində olduğu deyilən Epşteyn kompromatları, Trampın əsas sponsoru olan sionist milyarder Miriam Adelson. Ola bilsin, bunların hamısı rol oynayır. Və Netanyahu bu amillərin hamısından Trampın “yüyənini” çəkmək üçün istifadə edir. Qlobalist mətbuatın 31 yanvar – 1 fevral tarixlərini konkret göstərərək “İrana zərbə olacaq” yazması da təsadüf deyildi. Tramp bu tarixləri özü açıqlamamışdı. Bu, daha çox Trampın manevr imkanlarını daraltmaq üçün məqsədli sızıntı idi.
Epşteyn fayllarının açılması bu kontekstdə tamamilə başqa məna kəsb edir. Çox güman ki, bu addım Trampa qarşı istifadə edilən güclü kartın vaxtından əvvəl masaya qoyulması idi. Beləliklə, Tramp həmin kartı zəiflətməyə və vaxt qazanmağa çalışdı. Və bu dəfə İrana zərbə endirməkdən yayınmağa nail oldu. Amma bu oyun hələ bitməyib. İndi qlobalist KİV Trampı “İrandan qorxdu”, “Çin və Rusiyadan çəkinir”kimi başlıqlarla sıxmağa çalışacaq ki, onu İranla müharibəyə itələsin. Alınıb-alınmayacağı isə yaxınlarda bilinəcək

