“Biz iş axtarmırıq, iş yeri açırıq” – Qismət İbrahimov UNEC-də ustad mühazirəsi

UNEC-dəvaxtilə tədris ilinin “İnformasiya texnologiyaları (İT) ili” elan edilməsi ilə bağlı tədbirlər planının icrası məqsədilə Rəqəmsal iqtisadiyyat fakültəsində master-klas keçirilib.

Fakültənin dekanı dos. Elman Cəfərov UNEC-də tədris ilinin “İnformasiya texnologiyaları (İT) ili” elan edilməsi barədə iştirakçılara məlumat verib.

Sonra “TransEuroCom” MMC-nin baş direktoru, tex.e.n. Qismət İbrahimov tələbələrə “Biz iş axtarmırıq, iş yeri açırıq” mövzusunda master-klas keçib. O, İKT-nin əsaslarının yaranması tarixi və informasiya mübadiləsi üçün geniş istifadə olunan şəbəkələrin iş prinsipləri, informasiya ötürücülüyü, həmçinin ayrı-ayrı obyektlərdə İKT sahəsində son nəsil GPON və EPON texnologiyalarının strukturu, xüsusiyyətləri və istifadəsinə dair tətbiq nümunələri haqqında ətraflı məlumat verib.

Görüş zamanı tələbələrin sualları da cavablandırılıb.

Qismət İbrahimov haqqında

Qismət İbrahimov (Qismət Qənimət oğlu İbrahimov) 02 iyul 1966-cı ildə keçmiş Azərbaycan SSR-in Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur.

1973–1983-cü illərdə Gecəgözlü kənd orta məktəbində təhsil almış və məktəbi əla qiymətlərlə bitirmişdir.

1983–1988-ci illərdə Moskva Rabitə və İnformatika Texniki Universitetində ali təhsil almış, “Rabitə müəssisələrinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Ali təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan SSR Rabitə Nazirliyinə mühəndis vəzifəsinə göndərilmişdir.

Əmək fəaliyyətinə 01 avqust 1988-ci il tarixindən Rabitə Nazirliyinin “Bakı Poçtamtı”nın elektron qurqularının təmiri şöbəsində II dərəcəli elektromontyor vəzifəsində  başlamışdır.

1989–1990-cı illərdə Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin (BPRİB) “Azərbaycan” Nəşriyyatında yerləşən Mətbuat Ekspedisiya Mərkəzində əvvəlcə VI dərəcəli çilingər, daha sonra isə elektronika və proqram təminatı üzrə mühəndis vəzifələrində çalışmışdır.

1990–1993-cü illərdə isə BPRİB-nin Avtomatlaşdırma və Mexanikləşdirmə İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.

1993–1994-cü illərdə Pakistan İslam Respublikasının İslamabad şəhərində Milli Müasir Dillər Universitetində “İngilis dili və diplomatik münasibətlər” ixtisası üzrə birillik kursları bitirmiş və müvafiq diplom almışdır.

1994–2004-cü illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyində yeni yaradılmış Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzində əvvəlcə direktor müavini, daha sonra isə baş direktor vəzifələrində çalışmışdır.

ABŞ-ın Minneapolis şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransında Azərbaycan Respublikasını təmsil etmiş, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının Dövlətlərarası Nizamnaməsinin Yekun Aktını imzalamaq səlahiyyəti verilmişdir.

O, 50-dən çox ölkədə keçirilən beynəlxalq telekommunikasiya tədbirlərində Azərbaycan Respublikası Rabitə Nazirliyini təmsil etmişdir.

Rabitə Nazirliyinin rəhbərliyində aparılmış struktur dəyişikliklərindən sonra 26 aprel 2004-cü ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuşdur.

2004-cü ildən Azərbaycan Respublikası Nəqliyyat nazirinin dəvəti ilə

Nəqliyyat Nazirliyində işə qəbul olunmuş və telekommunikasiya sahəsində fəaliyyətini davam etdirmişdir. Nazirliyin tövsiyəsi əsasında ölkədə fəaliyyət göstərən nəqliyyat müəssisələrinə internet, telefon və digər rabitə xidmətlərinin göstərilməsi məqsədilə xüsusi telekommunikasiya şirkətinin yaradılmasını təşkil etmişdir.

2004-cü ildən etibarən özü tərəfindən təsis edilmiş “TransEvroKom” MMC telekommunikasiya şirkətinin baş direktoru vəzifəsində çalışır

1999–2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Strateji araşdırmalar və dövlət müdafiəsinin idarə olunması” ixtisası üzrə kursu bitirmiş və ehtiyatda olan polkovnik rütbəsinə layiq görülmüşdür.

2004–2007-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının dissertantı olmuş və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 iyul 2007-ci il tarixli qərarı ilə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Telekommunikasiya sahəsində 1 ixtira patentinin, ali məktəblər üçün 2 dərsliyin və Azərbaycanda, həmçinin xarici ölkələrdə dərc edilmiş 25-ə yaxın elmi əsərin müəllifidir.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 21 yanvar 2011-ci il tarixli  əmri ilə “Rabitə ustası” fəxri adına layiq görülmüşdür.

İngilis və rus dillərini sərbəst bilir.

Ailəlidir, iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir