“14 fevral Sevgililər gününü qeyd etməkdə nə problem var?” – YYSİB sədri, ictimai və mədəniyyət xadim Aydın Xan Əbilovdan geniş açıqlama

Fevralın 14-ü dünyanın bir çox ölkəsində “Sevgililər günü” kimi qeyd olunur. Azərbaycanda isə bu günə münasibət birmənalı deyil. Bir qisim insanlar 14 fevralın bizim milli-mənəvi dəyərlərimizə uyğun gəlmədiyini, bu ənənənin əsasən xristian dünyasına məxsus olduğunu, digər qisim isə sevginin, diqqətin, qayğının ifadəsi üçün xüsusi günün olmasının heç bir ziyanı olmadığını bildirir.

Onu da qeyd edək ki, ölkəmizdə bəzi insanlar Sevgililər gününü 30 iyun, yəni 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü tarixində qeyd edir. Amma bu təşəbbüs faktiki olaraq geniş ictimai dəstək qazanmayıb.

14 Fevral həqiqətən sevginin günüdür? - TARİXİ HƏQİQƏTLƏR

Bəs 14 fevralın “Sevgililər Günü” kimi qeyd olunması adət-ənənələrimizə, məişətimizə nə dərəcədə uyğundur?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a qeyd edib ki, Sevgililər gününün Azərbaycanda qeyd olunması normal qarşılanmalıdır:

“Azərbaycanda Gənclər günü, Ordu günü var, 30 iyun Milli Sevgililər günü kimi qeyd olunur, 8 Mart qadınların bayramıdır. Bəs onda 14 fevral Sevgililər gününün qeyd olunmasının nə problemi var, bunu anlamaq çətindir… Niyə insanlar hər məsələdə mütləq millilik axtarırlar? Axı elmin, musiqinin, universal düşüncənin milləti olmadığı kimi, insan haqları da universaldır. Belə olan halda hansısa bayramı və ya günü mütləq milliləşdirmək cəhdinin qəti əleyhinəyəm”.

Aydın Xan deyib ki, nə qədər çox sevinc, xoş əhval-ruhiyyə, sevgi gətirən günlər olsa, bu, cəmiyyətdəki ümumi gərgin psixoloji və sosial ab-havanın yumşalmasına bir o qədər kömək edər:

“Sevgidən, məhəbbətdən gözəl nə ola bilər? Əgər belə yanaşsaq, onda 8 Martı da qeyd etməməliyik, çünki bu gün Amerikada və Avropada xristian qadınların hüquq mübarizəsi ilə bağlı yaranıb. Eləcə də 31 dekabrı qeyd etməməliyik, çünki istifadə etdiyimiz təqvim bizə deyil, Avropaya aiddir. Bu cür dar düşüncədən artıq qurtulmaq lazımdır. Əksinə, Sevgililər günü hər kəsin ətrafına sevgi, xoş münasibət, sevinc və sülh bəxş etməyə çalışdığı bir gün olmalıdır. Çalışmalıyıq ki, bu gün münasibətilə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edək, xüsusən də gənclərə həyatın necə gözəl olduğunu, sevgi və sevincin insan həyatını daha mənalı və daha tərəqqipərvər etdiyini aşılayaq. Bu baxımdan Sevgililər gününün çox böyük fəlsəfəsi var”.

Bəs “Sevgililər günü” kimi qeyd edilən bayramın tarixçəsi necədir?

Məlumata görə bu bayramın tarixi hələ 1500 il əvvələ gedib çıxır və əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır. Mənbələrin birinə görə Roma imperatoru ölkəsini öz qanunları ilə idarə edən qəddar imperator ll Kladius ordu üçün savaşan əsgər tapmaq üçün evliliklərə qadağa qoyur. Səbəb isə romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəyi ilə bağlı olub.

Valentin adlı rahib isə özü kimi rahib olan Mariusla birlikdə gəncləri gizli olaraq evləndirib. Bundan xəbər tutan imperator 269-cu ildə Valentini edam etdirir. Onun bu əməli müqəddəs iş kimi qiymətləndirildiyindən edam olunduğu gün, fevralın 14-ü “Müqəddəs Valentin günü” kimi tarixdə qalır.

İki əsr sonra 496-cı ildə Papa Helasiusun dövründə rahib Valentin kilsə tərəfindən müqəddəs elan olunur və fevralın 14-ü Valentin günü kimi qeydə alınır. Beləliklə Papa Helasius əxlaqsızlığı rəsmiləşdirir. Yalnız 1969-cu ildə Roma Katolik Kilsəsi bu səhvi düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahsından çıxararaq “Müqəddəs Valentin günü” bayramının keçirilməsini məsləhət görmür.

“Müqəddəs Valentin günü”nün ləğv olunduğu ölkələr

Artıq uzun illərdir ki, bir çox Qərb ölkələri “Müqəddəs Valentin günü”nü keçirmir və yaxud səthi yanaşır. Məsələn, hər il bu bayramda Rusiyada millətçilər, xristianlığın bəzi məzhəblərinin davamçıları ilə bu günü daha təntənəli keçirən cinsi azlıqlarının nümayəndələri arasında dava-dalaş düşür. Rusiyada bu bayram demək olar ki, sıradan çıxarılıb. Universitetlərdə tələbələrin fevralın 14-də təşkil olunacaq şənliklərdə, diskotekalarda iştirakı qadağan edilib. Beləliklə, Valentin günü “rus milli dəyərlərinə zidd” adlandırılıb. Almaniyada isə bu tarix “psixi cəhətdən sağlam olmayanların günü” kimi qeyd edilir. İordaniyada da “Sevgililər günü”nün qadağan olunduğu ölkələr sırasındadır. İslam əxlaqlarına uyğun olmadığı üçün Malayziyada da bu gün qadağan edilib.

İslamabad Ali Məhkəməsi də Pakistan ərazisində Müqəddəs Valentin Günü-Sevgililər gününü qadağan edib. Məhkəmə bu qərarı “Sevgililər günü”nün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib.

Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Bununla bərabər bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan olunub. Özbəkistanda və Türkmənistanda da bu günün qeyd olunması qadağandır. İranda isə bu gün ilə bağlı bütün hədiyyəlik əşyaların satışı və reklamları qadağan edilib.

Səudiyyə Ərəbistanda isə 2004-ci ildə verilən fitvada “Sevgililər günü”nü Allaha və Qiyamət gününə iman gətirən müsəlmanların qeyd etməmələri söylənib. Fitvada Allahın qəzəbindən qorxanlar üçün bunun bir vəzifə olduğu vurğulanıb. Türkiyədə isə bu bayram təxminən 20 ildən çoxdur ki, qeyd olunur.

Xalidə Gəray

https://musavat.com/news/14-fevral-sevgililer-gununu-qeyd-etmekde-ne-problem-var-aydin-xandan-etiraz_1239782.html?utm_source=chatgpt.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir