“Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilati dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyinin mərkəzi ofisində “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda tədbir keçirilib.
YeniMedia.net portalı xəbər verir ki, tədbiri giriş sözü ilə açan GVİB-nin sədri, ictimai xadim Muğan Əliyev müqəddəs Novruz bayramının ilk Su çərşənbəsi münasibətilə iştirakçıları təbrik etdikdən sonra bildirib ki, fevral ayında elan olunan Xocalı ayının məqsədi Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu anlatmaq, ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirməkdir.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların diqqətini yenidən Xocalı soyqırımına cəlb etməli, onları bu vəhşiliyə, özbaşınalığa və misli görünməmiş ədalətsizliyə münasibət bildirməyə çağırmalıdırlar.
Sədr vurğulayıb ki, “Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərində misli görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca öldürülüb. Onlardan 56 nəfər xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər isə əsir götürülüb”, – deyə çıxışında bildirib.
Bildirilib ki, faciə unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsillər bilməlidirlər ki, xalqımızın başına hansı müsibətlər gətirilib: “Hamılıqla hər zaman ayıq-sayıq olmalı, dövlətimizə qarşı çıxanlara qarşı mübarizə aparmalıyıq.”
Tədbirdə çıxış edən digər natiqlər də Xocalıda baş vermiş faciədən danışıblar və bu hadisəni törədənlərin məhkəmə məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayıblar.

