Şamaxı zəlzələsi: 31 yanvar 1902-ci il faciəsini anırıq
Azərbaycan coğrafi mövqeyinə görə seysmik cəhətdən fəal bölgədə yerləşir və tarix boyu dəfələrlə dağıdıcı zəlzələlərlə üzləşib. Bu baxımdan Şamaxı şəhəri və ətraf ərazilər ölkənin seysmoaktiv zonalarından biri kimi tanınır. Əsrlər boyu baş verən güclü yeraltı təkanlar bu qədim şəhərin taleyində dərin izlər buraxıb, minlərlə insanın həyatına son qoyub, zəngin maddi-mədəni irsi ciddi şəkildə məhv edib. Şamaxı zəlzələləri içərisində isə miqyası və fəsadlarına görə 1902-ci il 31 yanvar faciəsi xüsusi yer tutur.
Məlum olan ən qədim Şamaxı zəlzələsi 1192-ci ildə baş verib. Sonrakı dövrlərdə də şəhər dağıdıcı təbii fəlakətlərdən yan keçməyib. Tarixi mənbələrə görə, Şamaxı bölgəsində ən güclü zəlzələlər 1667, 1859, 1872 və 1902-ci illərdə qeydə alınıb. 1806–1902-ci illər arasında bu şəhərdə 9 güclü zəlzələ baş verib ki, onların hər biri ciddi dağıntılar və insan tələfatı ilə nəticələnib.
Bu zəlzələlər içərisində 1859-cu il dekabrın 2-də baş verən təbii fəlakət xüsusilə ağır nəticələri ilə yadda qalıb. Şəhər demək olar ki, tamamilə dağıldığından Şamaxı quberniyasının inzibati mərkəzi Bakıya köçürülüb. Bu hadisə Şamaxının tarixi inkişafında ciddi dönüş nöqtəsi olub və şəhərin əvvəlki mövqeyinin zəifləməsinə səbəb yaradıb.
Lakin bütün bu fəlakətlərin zirvəsində 1902-ci il 31 yanvar zəlzələsi dayanır. Bir neçə saniyə davam edən güclü yeraltı təkanlar Şamaxını xarabalığa çevirdi. Zəlzələ zamanı 2000 mindən çox insan həlak olmuş, 20 minə yaxın əhali evsiz-eşiksiz qalmışdı. Şəhərin memarlıq və mədəni irsi ağır zərbə aldı -4 min yaşayış evi, 8 qədim məscid, 40 Şərq hamamı, iki kilsə və onlarla ticarət obyekti tamamilə yerlə-yeksan edildi.
Zəlzələnin təsiri təkcə şəhərlə məhdudlaşmadı, ətraf kəndlər də ciddi şəkildə zərər gördü. Sağ qalan insanlar ağır qış şəraitində aclıq, soyuq və xəstəliklərlə mübarizə aparmalı oldular. Minlərlə ailə doğma yurdunu tərk etməyə məcbur qaldı, Şamaxının sosial və iqtisadi həyatı uzun müddət iflic vəziyyətinə düşdü.
1902-ci il Şamaxı zəlzələsi eyni zamanda Azərbaycan seysmologiya tarixində mühüm mərhələ hesab olunur. Bu faciədən sonra bölgədə seysmik proseslərin elmi əsaslarla öyrənilməsinə daha ciddi yanaşılmağa başlandı. Acı təcrübə gələcək nəsillər üçün mühüm dərs və xəbərdarlığa çevrildi.
Bu gün 31 yanvarda biz təkcə bir təbii fəlakəti deyil, həm də həyatını itirən minlərlə günahsız insanın xatirəsini ehtiramla anırıq.
Şamaxı zəlzələləri tariximizin ağrılı, lakin unudulmamalı səhifələrindəndir.

