Vəhdət Partiyasının Xaqani Şirvaniyə həsr etdiyi kreativ kampaniyası: bölgələrdə yubiley tədbirləri keçirəcək
XAQANİ ŞİRVANİ – 900 İL
Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncam Azərbaycan mədəniyyətinə və klassik ədəbi irsimizə verilən yüksək dəyərin növbəti təzahürüdür. Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə AMEA ilə birgə Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanması və həyata keçirilməsi tapşırılıb.
1126-cı ildə Şamaxıda anadan olmuş dünya şöhrətli şair və mütəfəkkir Xaqani Şirvani (əsl adı İbrahim) klassik Azərbaycan və Şərq ədəbiyyatının ən qüdrətli simalarından biridir. Yüksək istedadı ilə seçilən Xaqani gənc yaşlarında Şirvanşahlar sarayına dəvət alıb, dərin elmi biliklərə və geniş dünyagörüşünə malik bir sənətkar kimi şöhrət qazanıb. Onun həyat yolu həm yaradıcılıq uğurları, həm də ağır şəxsi itkilərlə zəngin olub. Buna baxmayaraq, şair zəngin və ölməz bir irs qoyub gedib.
Xaqani Şirvaninin yaradıcılığı klassik Şərq poeziyasının bütün əsas janrlarını əhatə edir. Onun 17 min beytlik lirik “Divan”ı, epik poeziyanın ilk görkəmli nümunələrindən sayılan “Töhfətül-İraqeyn” məsnəvisi, ictimai-fəlsəfi məzmunlu “Mədain xəbərləri” və “Şiniyyə” qəsidələri, eləcə də məşhur “Həbsiyyə” şeirləri Azərbaycan və Şərq ədəbiyyatının nadir incilərindəndir. Əsərlərində ədalət, insan ləyaqəti, mənəvi ucalıq, azadlıq ideyaları və vətənpərvərlik motivləri aparıcı yer tutur.
Xaqani Şirvani fars və ərəb dillərində yazsa da, yaradıcılığının ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan ədəbi məktəbini təmsil edib, sonrakı yüzilliklərdə bir çox şair və mütəfəkkirlərə güclü təsir göstərib. Onun əsərləri Azərbaycanla yanaşı, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa alimləri tərəfindən tədqiq edilib, bir hissəsi Azərbaycan dilinə tərcümə olunub.
Vəhdət Partiyası Xaqani Şirvaninin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncama görə cənab Prezident İlham Əliyevə təşəkkür edir.
Vəhdət Partiyası böyük söz ustadının yubileyi ilə əlaqədar xüsusi iclas keçirəcək və Xaqani Şirvani irsinin daha geniş tanıdılması, gələcək nəsillərə ötürülməsi məqsədilə Bakı, Şirvan və digər bölgələrdə silsilə tədbirlər təşkil edəcək.

