“Məmurun vətəndaşa qarşı bu cür davranışı qətiyyən qəbulolunmazdır” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov məlum hadisədən danışdı

Bir neçə gün əvvəl Sumqayıtda məmurun küçə ticarəti ilə məşğul olan satıcıya qarşı davranışı sosial şəbəkələrdə və mediada geniş rezonans doğuraraq ictimaiyyət tərəfindən ciddi tənqidlərə səbəb olub.

Yayılan videogörüntülərdə küçə ticarəti ilə məşğul olan satıcının kənd təsərrüfatı məhsullarını həm öz satış məntəqəsində, həm də obyektin önündəki səkidə satmağa çalışdığı əks olunub. Bu zaman məmur satıcıya səkini zəbt etdiyini bildirərək almaları kobud şəkildə yığmağa başlayıb. İctimai qınağa səbəb olan digər məqam isə məmurun satıcıya məxsus meyvələrin onun göstərişi ilə avtomobilə yüklənməsi olub.

Məlumat üçün bildirək ki, hadisədən sonra “Yeni Sabah” redaksiyası həmin satıcıdan məsələ ilə bağlı açıqlama alıb. Satıcı qeyd edib ki, baş verənlər cəmiyyət tərəfindən sərt şəkildə qınandıqdan sonra məmur meyvələri geri qaytarıb.

Qeyd edək ki, reyddən sonra küçə boşaldılıb, hazırda ərazidə çöldə qurulmuş piştaxtalar yoxdur. Mağaza isə adi qaydada fəaliyyətini davam etdirir.

Sumqayıtda baş verən məmur–satıcı münasibətinə Patrul.az-a mövqeyini bildirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə, hadisədə hər iki tərəfin müəyyən haqsızlıqları mövcuddur.

Əbilovun sözlərinə görə, vətəndaşlar bu hadisədə səkiləri zəbt etmiş küçə ticarətinə qarşı görülən tədbirləri deyil, məmurun satıcıya – özü kimi bir vətəndaşa qarşı kobud davranışını qınayırlar:

“Paytaxt Bakı və ona yaxın rayonlarda, o cümlədən Abşeron, Qaradağ və Sumqayıtda küçə ticarəti ilə bağlı uzun illər xaotik vəziyyət mövcud olub. Bu hallara qarşı dövlət qurumları, icra strukturları, bələdiyyələr və hüquq-mühafizə orqanları müəyyən dövrlərdə ciddi mübarizə aparıblar. Lakin son illər bu mübarizənin zəiflədiyi müşahidə olunur. Bəlkə də bu, iqtisadi vəziyyət, işsizlik və digər problemlərlə bağlıdır.

Hazırda elə təəssürat yaranır ki, sanki 90-cı illərin əvvəllərinə qayıtmışıq. Küçə ticarəti ilə bağlı aidiyyəti qurumların apardığı mübarizə zamanı vətəndaşla qarşıdurmanın qarşısını almaq üçün düzgün və etik addımlar atılmalıdır.

Sözsüz ki, küçə ticarəti ilə bağlı mövcud vəziyyətin aradan qaldırılması vacibdir. Çünki bu sahədə bir çox problemlər yaranır və bununla əlaqədar indiyədək dəfələrlə profilaktik tədbirlər həyata keçirilib

Küçə ticarətinin müxtəlif növləri mövcuddur. Dünyanın bir çox ölkəsində bu sahədə fəaliyyət göstərən insanlara müəyyən imkanlar yaradılır. Azərbaycanda bu sahə ilə bağlı ayrıca normativ aktlar olmasa da, Nazirlər Kabinetinin müəyyən etdiyi qayda və tələblər var. Həmin qaydalara əsasən, tez xarab olan məhsulların və piyadaların hərəkətinə mane olan yerlərdə küçə ticarətinin aparılması qadağandır.

Sumqayıtda baş verən hadisədə vətəndaşların etirazı əslində küçə ticarətinə qarşı tədbirlərə deyil. Çünki cəmiyyət səkiləri zəbt edən avtomobillərə qarşı da narazılıq bildirir. Sadəcə bu hallarla bağlı tədbir görülmür, çünki avtomobillər parklanma haqqı gətirir. Küçə ticarəti ilə məşğul olan şəxslər isə lisenziyalaşdırıldıqdan sonra müəyyən ödənişlər edir və bu fəaliyyətlə qismən məşğul ola bilirlər. Lakin tez xarab olan məhsulların küçədə satışı təhlükə yarada bilər.

Bu hadisədə cəmiyyətin etirazı tədbirin özünə deyil, onun icra formasınadır. Dövlət tərəfindən maaş, kabinet və xidməti avtomobillə təmin olunan bir məmurun digər vətəndaşa qarşı bu cür kobud davranışı qətiyyən qəbulolunmazdır. Hüquq-mühafizə orqanlarının qərarı olmadan vətəndaşın məhsulunun götürülməsi və aparılması qeyri-qanunidir və bu, vəzifəsindən asılı olmayaraq pislənməlidir”.

media-7c8f5c01549f17cea03ca53dd504ba7faydinxan-jpg

Həmsöhbətimiz məmurun satıcıya davranışını digər vətəndaşlar kimi qınayaraq Prezident İlham Əliyevin məmurların xalqa münasibəti ilə bağlı səsləndirdiyi fikirləri də xatırladıb:

“Prezident İlham Əliyev dəfələrlə məmurların xalqa xidmət etməli olduğunu vurğulayıb. Bu xəbərdarlıqlara əməl etməyən bir çox məmurlar vəzifədən azad edilib, bəziləri isə hətta cəzalandırılıb.

Vətəndaşın özündən də çox şey asılır. Yəni, vətəndaş qanunları bilmədiyinə görə onu istəmsizcəsinə pozur. Əslində Sumqayıtdakı hadisə zamanı vətəndaş qəti etirazını bildirməli idi ki, “siz küçədə məhsul satışına icazə vermirsiniz, amma əvvələr mən bunu səkiyə çıxarıb satırdım və burada gizli bir şeydə yoxdur. Hər şey kameraların müşahidəsi ilə qeyd olunur”. Orada da görünür ki, vətəndaş ticarət köşkünün qarşısında kənd təsərrüfatı məhsullarını satır”.

A.X.Əbilov, həmçinin ölkədə kənd təsarüffatı məhsullarının satışı üçün yer qıtlığından da danışıb. Onun sözlərinə görə, marketlərdə, qapalı məkanlarda meyvə-tərəvəz satışı, küçə ticarətinin satışını öldürür:

“Bəs biz bir tərəfdən deyirik ki, kənd təsərüfatında iflas var, böhran içindədir. İnsanlar kənd təsərrüfat məhsullarını istehsal etsələr də, satmağa yer tapa bilmirlər.

Geniş satış şəbəkələrinin mövcudluğu kənd təsərüfatı məhsullarının satışına mane olurlar. Kəndçi öz məhsulunu rayondan gətirib, şəhərdə ucuz qiymətə əhaliyə sata bilmir.

Amma biz digər tərəfdən də onu deyirik ki, küçə ticarəti olmasın. Kənd təsərrüfatı məhsullarının yarmarkalarda satışı isə tamamilə başqa məsələdir. Vətəndaş orada satışını həyata keçirə bilər”.

Əbilov sonda insanların hərəkətinə mane olmayan küçə ticarətinə müsbət yanaşdığını vurğulayıb:

“Digər tərəfdən isə adi səkinin geniş olduğu küçələrdə vətəndaş rahat hərəkət edə bilirsə və satıcı məhsullarını həmin ərazidə satırsa, buna heçkim mane ola bilməz. Məmurun bu cür kobud davranışları heç cür başadüşülən deyil”, – deyə o əlavə edib.

Gülbəniz Səfərova

https://patrulaz.az/memurun-diger-vetendasa-qarsi-bu-cur-kobud-davranisi-qetiyyen-qebulolunmazdir-aydin-xan-ebilov-sumqayitdaki-hadiseden-danisdi#:~:text=kitabxana.net%20%E2%80%93%20Mir%20C%C9%99lal%20Pa%C5%9Fayev%20ad%C4%B1na%20Milli,t%C9%99sis%C3%A7isi%2C%20Prezident%20t%C9%99qa%C3%BCd%C3%A7%C3%BCs%C3%BC%2C%20yaz%C4%B1%C3%A7%C4%B1%2Dkulturoloq%20Ayd%C4%B1n%20Xan%20%C6%8Fbilovun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir