Psixoloqun harayı: Məktəblərdə təhlükəli trend: 14-15 yaşlı yeniyetmələr…


Son illər Azərbaycanda məktəblərdə yeniyetmələr arasında aqressiv davranışların artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə bəzi rayonlarda 14-15 yaşlı məktəblilər arasında bıçaqlanma kimi ağır hadisələrin qeydə alınması problemin miqyasını göstərir.

 Mütəxəssislər hesab edir ki, bu cür halların arxasında həm psixoloji, həm də sosial səbəblər dayanır.

Mövzu ilə bağlı YeniMedia.net portalına danışan psixoloq Aytən Ələkbərova bildirib ki, bu cür zorakı halların artmasının arxasında həm psixoloji, həm də sosial faktorlar dayanır:

“Ümumilikdə, son illərdə 14-15 yaşlı məktəblilər arasında bıçaqlanma və digər zorakı hadisələrin artdığını müşahidə edirik. Əvvəllər məktəbdə bir və ya iki şagirddə kriminal davranış meyli olurdusa, bu gün vəziyyət xeyli dəyişib. Bunun əsas səbəblərindən biri uşaqların izlədikləri seriallar və mediada gördükləri obrazlarla özlərini eyniləşdirmələridir. İstər yerli, istərsə də xarici seriallarda təqdim olunan davranış modelləri uşaqlar tərəfindən şüursuz şəkildə təqlid edilir. İnsan dərk etdiyi şeyi hadisəyə çevirməz, lakin bu yaş dövründə atılan bir çox addımlar məhz fərqində olmadan baş verir.

Bu gün uşaqlarda müşahidə etdiyimiz xaotik və düşünülməmiş davranışlar onların gələcək həyatına ciddi təsir göstərə biləcək nəticələr doğurur. Yeniyetmələr arasında aqressiyanın artmasının əsas səbəblərindən biri informasiyanın həddindən artıq çoxluğudur. Xüsusilə qeyd etmək lazımdır ki, bu yaş dövründə melatonin hormonunun azalması səbəbilə yuxu rejimi pozulur. Gecə normal yatmayan bir yeniyetmədən sakit, balanslı davranış gözləmək mümkün deyil. Yuxu çatışmazlığı onların həm psixoloji vəziyyətinə, həm də ünsiyyət bacarıqlarına mənfi təsir göstərir.

Bundan əlavə, əvvəlki illərdə uşaqlar əsasən bir məktəbdə, eyni müəllimdən dərs alırdılarsa, bu gün müxtəlif kurslara gedir, fərqli ailələrdən olan uşaqlarla ünsiyyətdə olurlar. Davranış və dəyər sistemlərinin uyğun gəlməməsi isə tez-tez konfliktlərə, nəticə etibarilə cinayət xarakterli hadisələrə yol aça bilir. Hər bir şeyin həddindən artıq bolluğu bəzən xeyirdən çox ziyan gətirir”.

Psixoloq əlavə edib ki, sosial mediada uzun zaman keçirən və valideyn nəzarətindən kənarda qalan yeniyetmələr risk qrupuna daxildir:

“Əgər əvvəllər uşaqlar əsasən ailə mühitində böyüyür və ailə tərbiyəsi alırdılarsa, bu gün artıq 7-8-ci sinifdən sonra özlərini daha sərbəst hiss edir, sosial mediada daha çox vaxt keçirirlər. Sosial mühitdə isə hər kəs ailəsində gördüyü davranış modellərini nümayiş etdirir ki, bu da müxtəlif problemlərə səbəb olur.

Bu səbəbdən uşaqların valideynlərə, müəllimlərə və yaşıdlarına qarşı davranışlarında ciddi xaos yaranıb. Psixoloji gərginlik, əsəblərin artması, bir-birini dinləməmək halları geniş yayılıb. Uşaq böyüklərlə, xüsusilə müəllimlərlə ünsiyyətdə hörmət və danışıq qaydalarını itirirsə, bu, onun yaşıdları ilə münasibətlərində də pozuntulara və hətta cinayətə meyilli davranışlara gətirib çıxara bilər.

Bu gün bir çox məktəb direktorları və məktəb psixoloqları etiraf edirlər ki, artıq uşaqlarla işləmək üçün metodik yanaşmaları yetərli deyil. Praktik psixologiyanın çatışmazlığı səbəbilə yeniyetmələrin temperamentinə və psixotipinə uyğun düzgün ünsiyyət qurmaqda çətinlik çəkirlər. Nəticədə valideynlər fərdi psixoloqlara müraciət etməyə məcbur qalırlar.

Əgər sağlam bir cəmiyyət görmək istəyiriksə, yeniyetmələrin ən gərgin və böhranlı dövründə onlara xüsusi diqqət və nəvaziş göstərilməlidir. Bu dövrdə yeniyetmələr hər şeyə aqressiya ilə reaksiya verə bilər. Onları dinləmək, anlayış göstərmək və düzgün istiqamətə yönləndirmək olduqca vacibdir. Çünki bu gün fərqində olmadan atılan bir addım gələcəkdə həm onların öz həyatına, həm də qarşı tərəfin ailəsinə ağır zərbələr vura bilər.

Bütün bunların əsas səbəbləri informasiyanın həddindən artıq çoxluğu və yuxu azlığıdır. Gecə saat 2–3-ə qədər sosial şəbəkələrdə aktiv olan, səhər isə dərsə gedən uşaqlar ciddi risk altındadır. Valideyn nəzarətindən və ailə diqqətindən uzaq qalan yeniyetmələrdə bu cür hadisələr daha tez-tez baş verir və gələcəkdə də baş verəcək.

Bu səbəbdən məktəblər və ailələr arasında mütləq şəkildə sıx əməkdaşlıq qurulmalı, valideynlərlə mütəmadi psixoloji söhbətlər aparılmalı və gərginliyi azaldacaq metodik çalışmalar həyata keçirilməlidir ki, bu cür halların qarşısı vaxtında alınsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir