Şəhid Ailələrinin könlünə yol: “Könülləri al” layihəsi çərçivəsində mənəvi görüş

“Könülləri al” layihəsi çərçivəsində şəhid ailələri və qazilərlə mənəvi səhər görüşü..

Bu gün “Könülləri al” layihəsi çərçivəsində təşkil olunan səhər yeməyi görüşü sadəcə bir tədbir yox, ürəklərə toxunan, insanı düşündürən və birləşdirən mənəvi bir görüş kimi yadda qaldı. Şəhid ailələri və qazilərlə eyni masa arxasında əyləşmək, onların xatirələrini dinləmək, duyğularına şərik olmaq iştirakçılar üçün böyük mənəvi dəyər daşıdı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu an zalda dərin bir hörmət, qürur və kədər hissini eyni anda yaşatdı.

Tədbirin təşkilatçısı və aparıcısı, ekspert və jurnalist Əfsanə Nəbiyeva çıxışında qeyd etdi ki,
“Hörmətli şəhid valideynləri, dəyərli qonaqlar!
Bu gün burada bir süfrə arxasında bir araya gəlmək təkcə səhər yeməyi deyil, bu, Vətən uğrunda canından keçmiş oğullarımızın və qızlarımızın ruhuna hörmətin ifadəsidir. Şəhidlərimizin hər biri qəhrəmandır. Onların hər bir addımı, hər bir fədakarlığı bizə azad və müstəqil Azərbaycan nəfəsini yaşatdı. Amma bu qəhrəmanların arxasında duran siz, valideynlər, də eyni dərəcədə böyük qəhrəmanlarsınız. Siz övladlarınızı böyütdünüz, onlara vətən sevgisi aşıladınız və bu gün onlar sizin sayənizdə tarixə qızıl hərflərlə yazıldı.
Hörmətli qonaqlar, dəyərli şəhid valideynləri! Sizə dərin minnətdarlığımı bildirirəm ki, bu xüsusi səhər süfrəsinə dəvətimizi qəbul edib gəldiniz. Burada, bir araya gələrək, Vətən uğrunda canlarından keçmiş oğullarımızın və qızlarımızın xatirəsini yad etmək bizim üçün böyük şərəfdir.”

Görüş zamanı hər baxışda qürur, hər sözdə səbir, hər sükutda isə yaşanmış böyük bir tarix hiss olunurdu. Bu anlar bir daha sübut etdi ki, şəhidlərin ailələri və qazilər cəmiyyət üçün təkcə sosial bir qrup deyil, milli vicdanın və mənəvi gücün canlı təcəssümüdür.

Tədbirdə millət vəkili Ceyhun Məmmədov da iştirak edirdi. O, şəhid ailələri və qazilərə müraciət edərkən rəsmi çıxışdan daha çox, bir övlad, bir qardaş, bir vətəndaş mövqeyindən danışdı. Onun sözlərində səmimiyyət, dərin hörmət və insani məsuliyyət açıq hiss olunurdu. Hər ailənin yaşadığı acını, hər qazinin keçdiyi yolu anlayaraq danışması zalda xüsusi duyğu yaratdı. Bu çıxış bir daha göstərdi ki, şəhid ailələrinə diqqət təkcə vəzifə borcu deyil, həm də insani borcdur.

Görüşdə tanınmış YYSİB sədri, kulturoloq, ictimai xadim və ekspert Aydın Xan Əbilov başda olmaqla, çoxsaylı dəyərli ekspertlərin iştirakı tədbirə həm intellektual, həm də mənəvi dərinlik qatdı. Onların şəhid ailələrinə və qazilərə olan münasibəti, diqqəti və ehtiramı görüşün ümumi ruhunu daha da gücləndirdi.

İctimai xadim Aydın Xan Əbilov qeyd etdi ki, “Bu gün burada olmaq, şəhid ailələri və qazilərimizlə eyni süfrəni bölüşmək mənim üçün böyük şərəfdir. Bu insanlar təkcə bir ailənin yox, bütöv bir millətin qürur mənbəyidir. Şəhidlərimizin canı ilə yazdığı tarix bizim yaddaşımızda yalnız dərs kimi yox, həm də məsuliyyət kimi qalmalıdır. Bizim borcumuz bu ailələrin yanında olmaq, onları tək buraxmamaq və bu mənəvi dəyəri gələcək nəsillərə ötürməkdir. Şəhid analarının duası, qazilərin səbr və iradəsi bu xalqın ən böyük gücüdür.”

Tədbirdə iştirak edən ekspert heyəti də zəngin tərkibi ilə seçilirdi.
Qonaqlar arasında Dünya TV-nin aparıcısı Könül Həbibqızı, teleekspertlər Ülkər Piriyeva, Natəvan Arifqızı, Xəyalə Aydınqızı, Kazımlı Bəxtiyar, Ceyhun Süleymanov, Ədhəm Məmmədov və digər tanınmış simalar da yer alırdı. Onların iştirakı tədbirə əlavə dəyər və nüfuz qazandırdı.

Eyni zamanda hüquqşünas Şəfiqə Nağıyeva, dəyərli sənətkarlar və digər tanınmış mütəxəssislərin iştirakı görüşə xüsusi məzmun qatdı. Hər birinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və səmimi münasibət bu görüşün ruhunu daha da dərinləşdirdi.

Tanınmış aparıcı Könül Həbibqızı çıxışında bildirdi ki, “Bu gün burada gördüyüm mənzərə bir daha göstərir ki, Azərbaycan xalqı dərddə də, qürurda da birdir. Şəhid ailələrinin gözlərində həm ağrı, həm də böyük bir qürur var. Bu qürur bizi ayaqda saxlayan ən böyük dəyərdir. Qazilərimizin hər addımı, hər nəfəsi bizə Vətən sevgisinin nə olduğunu xatırladır. Biz bu insanlara sadəcə təşəkkür etməli yox, ömrümüz boyu onların yanında olmalıyıq.”

Teleekspert Ceyhun Süleymanov bildirdi ki,
“Bu gün burada təkcə bir tədbirdə yox, bir tarix dərsində iştirak edirik. Şəhidlərimizin ailələri və qazilərimiz bizim canlı yaddaşımızdır. Onların danışdığı hər xatirə, yaşadığı hər ağrı bu torpağın necə qorunduğunu göstərir. Bizim borcumuz bu ağrını paylaşmaq, bu qüruru yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Şəhidlərimizin adı çəkildikcə, onların ruhu yaşayır. Onların əmanəti olan bu ailələr bizim vicdanımızdır.”

Teleekspert və beynəlxalq jurnalist Ülkər Piriyeva həm də FIJET Federasiyasının Azərbaycan rəhbəri olaraq bildirib ki, “Bu süfrə sadə bir səhər yeməyi deyil, bu, həm də Vətən uğrunda can verən oğulların və qızların ruhuna açılmış ehtiram və dua süfrəsidir. Şəhidlər zirvədir, amma o zirvəni yaradan siz valideynlər də uca bir məqamsınız.
Övladlarınız torpağı, bayrağı, milləti naminə canından keçdi. Bu gün biz başıdik yaşayırıqsa, bu, onların qanı və sizin səbriniz hesabınadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan ordusu və qəhrəman Azərbaycan xalqı bu uğurun təməl daşıdır.
Şəhidlər ölmür, onlar xalqın vicdanında, tarixində və qəlbində əbədi yaşayır, siz tək deyilsiniz, ağrınız bizim ağrımızdır, qürurunuz bizim qürurumuzdur.
Çıxışımın sonunda Vətən qazisi və ekspert Kazımlı Bəxtiyarın şəhidlərimiz haqqında yazdığı “esse”ni səsləndirərək, onların qəhrəmanlığını bir daha yad edəcəyəm.”

Tədbir boyunca milli musiqilərimiz səsləndi, milli rəqslərimiz nümayiş olundu. Bu ifalar görüşə xüsusi rəng qatdı, qürur və birlik hissini daha da gücləndirdi.

Bu mənalı tədbirin ərsəyə gəlməsində böyük zəhməti olan jurnalist, Aktual.az xəbər saytının rəhbəri və ekspert Əfsanə xanıma xüsusi təşəkkür ifadə olundu. Onun təşəbbüsü və təşkilatçılığı ilə “Könülləri al” layihəsi şəhid ailələrinin könlünə yol tapdı və cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirdi. Qeyd edildi ki, belə layihələr insanları yaxınlaşdırır, qəlbləri birləşdirir və bizi daha güclü cəmiyyətə çevirir.

Tədbirin sonunda şəhidlərin əziz xatirəsi bir daha dərin ehtiramla yad edildi, qazilərə möhkəm can sağlığı və uzun ömür arzulanıldı. Bu görüş bir daha göstərdi ki, birlikdə olduqda, bir-birimizin dərdinə və sevincinə şərik olduqda həqiqi mənada güclüyük və bu güc xalqın mənəvi dayağına çevrilir.

Beynəlxalq jurnalist: Ülkər Piriyeva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir