“Ekoloji məsuliyyət gündəlik həyat tərzinə çevrilməlidir”– QHT sədri İradə Həsənova

“Ekoloji təhsilin inkişafı inkişaf etmiş cəmiyyətin davamlı gələcəyi üçün əsas şərtlərdən biridir. Ekoloji maarifləndirmə təbii ehtiyatların qorunması, enerji səmərəliliyi və tullantıların idarə edilməsi kimi məsələlərdə şüurlu olmaq deməkdir. Davamlılıq isə indiki nəsillərin ehtiyaclarını qarşılayarkə, gələcək nəsillərin ehtiyaclarını nəzərə almaq deməkdir. Başqa sözlə desək, təbiəti və sərvətləri qoruyaraq gələcək nəsillərə yaşana bilən dünya buraxmağı hədəfləyir”.

Bu sözləri “Səma və Eko” Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri İradə Həsənova YeniMedaia.net portalına açıqlamasında bildirib. Onun sözlərinə görə, təhsil proqramlarında aşağıdakı məsələləri önə çəkmək vacib məsələlərdir:

  • Məktəbəqədər yaşdan başlayaraq ekoloji mövzuların kurikuluma daxil edilməsi;
  • İqlim dəyişikliyi, biomüxtəliflik, tullantıların idarə olunması, su və enerji resuslarının qorunması kimi mövzuların praktik nümunələrlə öyrədilməsi;
  • Ali təhsildə ekoloji ixtisasların və fənlərarası proqramların genişləndirilməsi.

Məktəblərdə “yaşıl güşələr”, məktəb bağları və ekoloji laboratoriyaların yaradılması, ekoloji maarifləndirməni gücləndirmək üçün məktəbdaxili və məktəbdənkənar tədbirlər təşkil edilə bilər.  Şagirdlərə və tələbələrə ətraf mühitin təmizlənməsi fəaliyyətləri, ağac əkmə proqramları və tullantıların çeşidlənməsi proqramları kimi təcrübələr təklif edilə bilər, həmçinin ekoloji təmiz yarışlar təşkil etməklə tələbələrin yaradıcılıqlarından istifadə edilərək həvəsləndirmək olar”.

QHT sədri həmçinin bildirib ki, davamlılıq və ekoloji maarifləndirmə mövzusunda digər məktəblər və QHT-lərlə əməkdaşlıq edilə bilər. Birgə layihələr, seminarlar və kampaniyalar təşkil etməklə şagirdlərə və tələbələrə daha geniş perspektiv əldə etməyə kömək etmək olar:

“Ekoloji məsuliyyətin gündəlik həyat tərzinə çevrilməsini, uşaqlarda və gənclərdə təbiətə sevgi və məsuliyyət hissinin aşılanmasını tətbiq edərək davranış və dəyərlərin formalaşdırılmasını təmin etmək olar. Unutmayaq ki, gələcəyin liderləri olan məktəblilərimiz üçün ekoloji maarifləndirmə və davamlılıq mövzusunda güclü təməlin qoyulması vacibdir. Onları təbiətin və resursların dəyərini anlamağa təşviq etməklə, onlara daha davamlı dünyaya doğru düzgün yolu göstərə bilərik”.

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir