“Necə dolanırsınız?” – İlsonu sorğuya YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan maraqlı cavab
YeniMedia.nət portalı ziyalılar arasında “Necə dolanırsınız?” sorğusunu kecirib. Bir-birini tanıyan müxtəlif peşə sahibləri rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz də onların səsləndirdiyi suala yazarlardan – yazıçı və şairlərdən cavab almğa çalışdır.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun deməyə sözü çoxdur. O az gileylənir və bunun səbəblərini açıqlayır:
“Bütün zamanlarda dövlətdən məvacib alanlar öz maaşlarının azlığından şikayət edirlər, əslində burada böyük həqiqətlər var, biznesmenlər, yaxud tez gəlir gətirən peşə sahiblərinə rəğmən, ziyalılar, yaradıcı insanlar, intellektuallar üçün əqli mülkiyyətə aid edilən kreativ-intellektual məhsullarına görə layiqli məbləğ almaq çox çətindir.
Şəxsən mən əvvəllər bir neçə işdə çalışırdım, hər yerdə 200 manat aldığımdan, nisbətən özümün xərclərimi qarşılayır, 4 nəfərdən ibarət ailə üzvlərimin tələbatını ödəyə bilir, hətta qoca ata-anama da yardım edirdim. Amma bu ilin əvvəlindən etibarən bəzi ağıllı məmurların verdiyi məntiqsiz qərara görə, bir şəxs yalnız 1 yerdə işləyə bilər, – digər işlədiyim yerdən çıxmağa məcbur oldum. Amma çalışdığım redaksiyadakı 360 manatlıq (bundan iki əvvəlki baş redaktorumuzu istefaya yolladıqdan sonra məvacibimiz nisbətən artmışdı) maaşla indi gəl dolan görüm nə edirsən….
Yaxşı ki, mən nə siqaret çəkir, nə də spirtli içkilər alüdəçisiyəm, istənilən halda bu pul heç yarım aya bəs eləmir. Əvvəllər yenə yazılarımız gedirdi, az da olsa, qonorar alırdıq, amma Elçin Hüseynbəyli baş redaktorluqdan gedəndən sonra isə, artıq yazılarımızı da vermirlər və bu məsələdə də boşluqdan asılıb qalmışıq.
İndi təsəvvür edin, bütün şüurlu həyatını bu millətin maariflənməsinə sərf edən, ona yaxın intellektual sayt, iki elektron kitabxana yaradan, yüzlərlə elmi məqalə, 6 kitab müəllifi olan, çoxsaylı ictimai qurumların rəhbərliyində təmsil olunan, Yeni Yazarlar və Sənətçilər Qurumuna sədrlik edən, 17 il mətbuatda çalışan, İnternet və TV-lərin tanınmış ekspertini intellektualı zəmanə və dövlətin vəzifə tapşırdığı boşboğazlar nə günə qoyub ki, artıq xaricə köçmək haqqında planlar qururam.
Cənab Prezidentə minnətdaram, çünki dövlət Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və başqa qurumların elan etdiyi qrant layihələrində iştirak edir, müəyyən mənada qonorar alırıq, onlar da olmasa, durumumuz lap ağır olacaq.
Kitab redaktəsi və məqalələrdən cüzi də olsa gəlirlərimiz olur, amma fiziki şəxs kimi Vergilər Nazirliyində qeydiyyatda durduğumuzdan, qazancın bir hissəsi də vergilərə və ödəmələrə gedir. Düşünürəm ki, millət və dövlət öz intellektualını bu günə qoymamalıdır: yeri gələndə məmurlar da Sabirin sabun bişirməyindən gözəl sitatlar gətirir, dolanışığa görə yaradıcılığına fasilə verdiyini yada salırlar, amma hazırda yazıb-yaradan yaradıcı adamlara qarşı bu biganəlik çox şəxsi dövlətimizə qarşı inamsız edir. Düzdür, cənab Prezident yazıçılarımıza illik Prezident təqaüdü təyin etsə də, o yalnız bir illik və hər kəsə bircə dəfə verildiyindən, həmişə bu imkandan yararlanmaq mümkün deyil.

