“Övladlarımız artıq valideynlərin yox, smartfonların uşaqlarıdır” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov dan sosioloji analizlər

“21-ci əsrin ilk onilliyində həyatımıza daxil olan mobil telefon rabitəsi, daha sonra inkişaf edərək smartfon – yəni ağıllı cihazlara, o cümlədən internet, sosial şəbəkələr və messencerlərə çevrildi və bu texnologiyalar həyatımızın bütün sahələrinə təsir etməyə başladı. Son 30 ildə insanlar bir növ virtual həyata keçid etdilər. İstər ticarətdə, istər təhsildə, istərsə də insani münasibətlərdə smartfonların, ağıllı cihazların rolu get-gedə artdı.

Hətta laylaları belə artıq smartfonlardakı cizgi filmləri, əcnəbi uşaq filmləri – burada xüsusilə Rusiya, Türkiyə, Koreya, Yaponiya və ABŞ istehsalı olan məzmunlar – əvəz etməyə başladı. Uşaqlıqdan layla əvəzinə cizgi filmlərinə, oyunlara, kompüterə yönəlmiş uşaqlar böyüyəndə özlərini real dünyadan çox virtual dünyanın bir hissəsi kimi hiss etməyə başladılar və bu da onların asossial davranışlar nümayiş etdirməsinə gətirib çıxardı”.

Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Patrul.az-a açıqlamasında deyib.

O bildirib ki, övladlarımız artıq bizim yox, heç zamanın da yox, internetin, sosial şəbəkələrin, smartfonların, yaxın gələcəkdə isə süni intellektin övladları olmağa başladılar:

“Bəs günahkar kimdir? Zamanmı? Valideynlərmi? Texnologiyamı? İnsanların özümü? Yoxsa dövrün yeni tələbləri, dünyaya və həyata yanaşması? Məncə, bunların hər biri bu prosesin tərkib hissəsidir. Lakin ümumi götürəndə, istər dünyada, istərsə də Azərbaycanda insanların liberal təfəkkürə üstünlük verməsi, mənəm-mənəmlik, sərhədsiz azadlıq iddiaları, radikal həyat tərzi seçimi ailə institutunun, mənəvi, ruhi, sosial bağlarımızın zəifləməsinə səbəb oldu.

Gənclərimiz, xüsusilə uşaqlar valideynlərini deyil, internet “qəhrəmanlarını”, savadsız blogerləri dinləməyə başladılar. Təcrübəyə, elmi əsaslara söykənməyən, yalan və saxta məlumatlardan ibarət TikTok, YouTube kimi platformalarda yayılan videolar uşaqların dünyagörüşünü formalaşdırmağa başladı. Bu məzmunlar nə layladır, nə nağıldır, nə də valideynin emosional qayğısıdır. Bu, sırf virtual emosional bağlardır. Onlar artıq real həyatla deyil, smartfon, kompüter və internetlə bağlıdırlar”.

Sosioloq qeyd edib ki, hazırda bu məsələ daha da dərinləşir:

“Ümumiyyətlə, elmə, texnologiyaya, praktikaya və təhsilə dəyər verməyən cəmiyyətlər əvvəllər müharibə ilə işğal olunurdusa, bu gün həmin cəmiyyətlər artıq smartfon, internet, sosial şəbəkələr, süni intellekt kimi daha sadə və effektiv vasitələrlə idarə olunmağa başlayır.

Sadə bir nümunə: hər hansı dostunuzla telefonla danışarkən, yaxud telefona baxarkən bir şeyi düşündüyünüz zaman belə, alqoritmlər bu məlumatı analiz edir və həmin düşüncə ilə bağlı reklamlar telefonunuza gəlir.

Sosial, mənəvi və ruhi boşluq içində olan, mütaliədən, elmi kitab oxumaqdan, təhsildən uzaq düşən, dinc yolla “mangurtlaşdırılmış” bir virtual təbəqə formalaşır. Bu təbəqə yaxın zamanda süni intellektin idarə etdiyi kütləyə çevriləcək. Biz əvvəllər kosmopolit deyildiksə, indi artıq virtual nəslin nümayəndələriyik. Bu təbəqəni ani əmrlə yönləndirmək də mümkündür”.

media-inshot_20251225_151558798

A.Əbilovun sözlərinə görə, bunun qarşısını almaq üçün yeganə yol sürətli təhsil və elmi islahatlardır:

“Azərbaycan əhalisinin ən azı 80%-nə ali təhsil səviyyəsində real savad verilməli, bu sadəcə diplomla deyil, bacarıq, təcrübə, bilik və peşə səviyyəsində olmalıdır.

İntellektual səviyyəsi yüksək olan cəmiyyətlərdə heç kim düşünmür ki, uşaqları hansısa smartfon və ya sosial şəbəkə ələ ala bilər. Valideynlər real həyatda övladları ilə emosional bağ qurmalıdırlar. Ana, ata, baba, nənə, yaxın qohumlar və qonşular uşaqlarla zaman keçirməli, onların həyatına real təsir göstərməlidirlər.

Əks halda, telefon bir növ onların virtual həbsxanasına çevriləcək. Smartfonlar təhsilli cəmiyyətlər üçün silahdır, lakin savadsız və maraqsız cəmiyyətlər üçün fəlakətdir”.

Müsahibimiz bildirib ki, Azərbaycan hökuməti rəqəmsal inkişafla bağlı proqramlar hazırlayır:

“Lakin təəssüf ki, Azərbaycan dilli internet resurslarının inkişafı, elektron kitabxanaların formalaşdırılması istiqamətində ciddi addımlar atılmır.

Mustafa Paşa Elektron Kitabxanası – NET adlı layihə çərçivəsində 16 minə yaxın elektron kitab yerləşdirildikdə gördük ki, Azərbaycanda süni intellekt və internet üçün ilkin kontent formalaşdırılmasa, uşaqlar yad mənbələrə yönələcək və nəzarətdən çıxacaqlar.

Ona görə də dövlət səviyyəsində Azərbaycan dilində internet resurslarının inkişafına dair proqram qəbul edilməli, qrantlar ayrılmalı, beyin mərkəzləri işləməlidir. Beləliklə, uşaqlar internetə daxil olanda ilk olaraq milli resurslardan istifadə etsinlər. Əks halda süni intellekt gələcək nəsli qloballaşdıracaq, ingilisləşdirəcək, milli kimlikdən uzaqlaşdıracaq və bu da böyük təhlükədir”.

Ləman Sərraf

https://patrulaz.az/ovladlarimiz-artiq-valideynlerin-yox-smartfonlarin-usaqlaridir-sosioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir