Deputatlardan “toy mafiyası”na üsyanına ictimai xadimlər YYSİB sədri Aydın Xan Əbilov və VHP sədri Sabir Rustqmxanlının etirazı

Neqativ hallara necə son qoymalı?

Milli Məclisdə səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycanda toy mövzusu artıq təkcə ailə məsələsi deyil, sosial və ictimai problemə çevrilib.  Milli Məclisin iclasında çıxış edən deputat Razi Nurullayev bildirib ki, ölkədə toy mədəniyyəti ciddi şəkildə deformasiyaya uğrayıb. Onun sözlərinə görə, şadlıq evlərində süfrələrdə həddindən artıq yemək çeşidləri təqdim olunur, tonlarla qida tullantıya çevrilir, bahalı dekorasiyalar və şou proqramlar ailələri ağır maliyyə yükü altına salır.

Mövzuya deputat Aqil Abbas da münasibət bildirib. O, toylarla bağlı narahatlıqları bölüşdüyünü desə də, inzibati üsullarla bu problemin həllinin mümkün olmayacağını qeyd edib. 

Deputatların bu çıxışları göstərir ki, “toy mafiyası” adlandırılan bahalı və nümayişkaranə toy sistemi artıq parlament səviyyəsində açıq tənqid olunur. Lakin əsas sual cavabsız qalır: bu israfçılığa qanunla son qoymaq mümkündürmü, yoxsa problemin həlli yalnız cəmiyyətin öz seçimindən və düşüncə dəyişikliyindən asılıdır? Görünən odur ki, toy mədəniyyətində real dəyişiklik yalnız inzibati tədbirlərlə deyil, ictimai qınaq və maarifləndirmə ilə mümkündür.

Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” - Aydın Xan  Əbilov | KONKRET

Aydın Xan Əbilov

Yazıçı-kulturoloq  Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, toylar Azərbaycan xalqını digər xalqlardan fərqləndirən, ən gözəl dəyərləri özündə birləşdirən kulturoloji hadisədir: “Toy mətbəximizi, incəsənətimizi, süfrə mədəniyyətimizi və çoxsaylı elementləri özündə birləşdirir. Toy biznesi, ümumiyyətlə, Azərbaycan sənayesinə 2 milyarda qədər xeyir verən, əlavə iş yeri yaradan və minlərlə insanın məşğul olduğu bir sahədir. Fikir verin, toyda nə qədər sahələr birləşir və bundan xeyli sayda insan qazanc əldə edir. Belə olan halda oturduğumuz ağacın budağını baltalamaq nəyə lazımdır? Toylarda insanlarımız sosiallaşır, bir-birilərini görürlər. Toylar mərhəmət və sosial yardımlaşma aksiyasına çevrilir. Yaxınlar nikaha şahidlik edirlər, ağsaqqallar xeyir-dua verir. İndi biz deyirik ki, bunların hamısını dayandıraq”. 

Razi Nurullayev “Azəriqaz”la bağlı şikayətlərdən yazdı: “Qərara gəldik ki,  15 nəfərlə danışaq...” | Modern.az

Razi Nurullayev

Kulturolıq deputat Razi Nurullayevin bəzi məsələlərdə haqlı olduğunu qeyd edərək deyib ki, toyları kommersiya xarakterli hadisəyə çevirmək olmaz: “Bu, mənəvi və ruhi hadisədir. Burada iki nəsil birləşir, gənclər ailə qurur. Biz dəfələrlə təklif etmişik ki, qidaların çoxluğunu azaldın. O yeməklərin bir hissəsini uşaq və qocalar evinə verin. Musiqiçilərə həddindən artıq pul verilir. Biz toyların təsnifatını dəyişdirməliyik. Yuxarı təbəqənin nümayəndəsinin toyu qidalarla həddindən artıq boldursa, orta və aşağı təbəqə bir qədər fərqli olmalıdır. Aşağı və orta təbəqə çalışmalıdır ki, ayağını yorğanına görə uzatsın. Tənqid edənlər belə toyda bir balaca yemək zəif olanda ağız büzürlər”. 

A.Əbilov deyir ki, Azərbaycan toylarında müəyyən islahatlar baş verib: “Əvvəllər qız və oğlan toyu ayrı olurdu, “fata kəsdi” və “ciyər axşamı”, qadın və kişi elçiliyi kimi  müxtəlif mərasimlər keçirilirdi. İndi bunların sayı azalıb və daha çox restorandakı toy mərasimi ətrafında cəmləşib. Bundan o yana daha nə qədər sadələşdirə bilərik ki?  Biz öz milli-mənəvi dəyərlərimizin hamısını vururuq. Bir ara da yas mərasimlərini müzakirəyə çıxardılar. 40 günlük yas mərasimini 3 gündən də az etdilər və yasda ehsanın ləğvinə cəhdlər oldu. İndi də toyu tezbazar bir kampaniya çərçivəsinə salmaq istəyirlər. 

Kimsə həddindən artıq yemək bişirirsə, sizə nə dəxli var? Hər kəs bunu öz cibinin pulu ilə edir. Belə getsə, sabah da gəlib bizə deyəcəklər ki, ad gününüzü qeyd etməyin. Belə qadağaların axırını biz görmüşük. Sovet hökuməti elə belə qadağalarla özünü dağıtdı. Azərbaycan cəmiyyəti özü üçün unikal və demokratik sistem qurub. Hər kəs bir-birindən razıdır və qarşılıqlı olaraq köməkləşirlər.

Türkiyədə heç kim toylarla bağlı təklif vermir, tənqid etmir. Orada gəlinə kilolarla qızıl bağışlayırlar. Ancaq Azərbaycanda özünü piar etmək istəyənlər toyu və yası müzakirəyə çıxarırlar və qamçılayırlar”.

Sabir Rüstəmxanlı əməliyyat olundu, son durumunu açıqladı - FOTO

Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlı qəzetə bildirib ki, toy ailələrin və şəxslərin şəxsi ailə bayramı olsa da, həm də ictimai bir məsələdir: “Yaslara etiraz ediləndən sonra 3-7 mərasimləri birləşdirildi, cümələr isə məhdudlaşdırıldı. İnsanlar maddi baxımdan çətinlik çəkirdilər. Bu baxımdan toylar da qaydasına salınmalıdır. Azərbaycanda toyxana mafiyası var. Onlar qiymətləri günü-gündən artırırlar. Masaların qiyməti fantastik dərəcədə yüksəkdir. Çox vaxt ev yiyəsi restorana borclu qalır. Gəlinlə bəy şənlikdən çox ödəyəcəkləri məbləği fikirləşirlər. Bir dəstə quldur isə bundan qazanc güdür.  Ona görə də toylarda da dəqiq normativlər müəyyənləşməli və ona uyğun olaraq camaat toyxanalarda toy etməlidir. Ya da ki, “palatka toyu” dövrünə qayıdaq. İnsanlar yarım saat yeməyini yeyib, sonra da rəqs edib çıxıb gedirdilər. İndi isə saat 6-dan gecə 11-ə kimi səs-küydən insanın beyni dağılır. Müğənnilər disk qoyub fonoqram oxuyurlar. Bu anormallıqlara son qoyulmalıdır”. 

Şahanə RƏHİMLİ,

https://musavat.com/news/deputatlardan-toy-mafiyasi-na-usyan_1225994.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir