“Mina təmizlənməsi olmadan heç bir ekoloji layihə effektiv ola bilməz” – QHT sədri, ekoloq İradə Həsənova

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova mina və partlamamış hərbi sursatların həm insan təhlükəsizliyi, həm də sosial-iqtisadi inkişaf üçün yaratdığı ciddi təhdidlər barədə portalımıza açıqlama verib.

QHT sədri bildirib ki, minalar yalnız həyat üçün deyil, həm də ekoloji və iqtisadi proseslər üçün uzunmüddətli maneələr yaradır:

“Bu gün demək olar ki, mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur.

Qarabağda minalanmış ərazilərin təmizlənmsi təkcə təhlükəsislik tədbiri deyil eyni zamanda torpağın bərpası , ekosistemin dirçəlməsi və kənd təsərrüfatının yenidən canlanması üçün açar mərhələdir. Mina və partlamamış sursatlar torpaq istifadəsini illərlə bloklayır, bərpa prosesini yavaşlatır. Buna görə də minalardan təmizlənmə işləri nə qədər surətli aparılarsa torpağın ekololji və iqtisadi dövriyyəyə qayıtması da o qədər surətlənər”.

QHT sədri vurğulayıb ki, minalar əkinçilik və heyvandarlığın bərpasına imkan vermir, meşə və yaşıllaşdırma layihələrini dayandırır, insanların geri qayıdışını gecikdirir:

“Minaların təmizlənməsi isə torpaqlar hüquqi və faktiki istifadəyə açılır, kənd təsərrüfatı planları reallaşa bilir, kəndlərin, infrastrukturların tikintisi başlayır. Bu isə o deməkdir ki,torpaq bərpasında ilkin və kritik mərhələ  mina təmizlənməsidir. Bu olmadan heç bir ekoloji layihə effektiv ola bilmir.”

QHT sədri onu da bildirib ki, mina təmizlənməsi yalnız humanitar zərurət deyil, həm də regionun ekoloji və iqtisadi dirçəlişinin əsas şərtidir:

“Minalar torpaqda uzun müddət qaldıqda metal korruziyaya uğrayaraq toksid maddələr torpağa sızdırır, torpaq mikroflorası və faunası zədələnir, erroziya riski artır, bitkilərin tutma riski azalır. Minalar təmizləndikdə isə bioloji müxtəlifliyin bərpası üçün şərait formalaşır, yerli bitki növlərinin əkilməsi mümkün olur, torpağın üzvimaddə tutumu zamanla yüksəlir. Bunu da qeyd etmək lazımdır ki,minalar təmizləndikdən sonra belə torpağın tam ekoloji sağalması illər tələb edə bilər,lakin təmizlənmə prosesi isə bu yolu açan əsas şərtdir.

Meşə zolaqları və otlaq sahələri Qarabağın ekoloji balansı üçün vacibdir. Təmizlənmə nəticəsində erroziyanın qarşısı alınır, hevanlar üçün yaşam sahəsi genişlənir, yaşıllaşdırma layihələri sürətlənir,karbon udma potensialı artır,bu isə iqlim dəyişməsinə müsbət təsir göstərir”.

Sonda QHT rəhbəri vurğulayıb ki, mina təmizlənməsi Qarabağda hər bir bərpa mərhələsinin başlanğıc nöqtəsidir:

“Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır. Bir sözlə mina təmizlənməsi torpağın ekoloji bərpasını birbaşa surətləndirir.Bu səbəbdən Qarabağda mina təmizlənməsi təkcə humanitar yox, həm də ekoloji və iqtisadi dirçəlişin başlanğıc şərtidir”.

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir