“Dünyada dövlətlər hisslərlə idarə edilmir” – Ramal Əliyev, YYSİB sədr müavini, ekspert
Bildiyimiz kimi dövlətlərin idarəetməsi emosiyalarla deyil, siyasi zərurət və maraqlarla formalaşır. Tarixən müharibə şəraitində olmuş bəzi qonşu ölkələr sonradan yaranan geosiyasi və iqtisadi ehtiyaclar səbəbindən əməkdaşlığa başlayır və müxtəlif layihələrdə tərəfdaş kimi çıxış edə bilirlər.
Bu cür yaxınlaşmalar müxtəlif kanallar vasitəsilə reallaşır. Mədəniyyət və incəsənət tədbirlərində dövlət təmsilçilərinin bir-birinə reglamentə uyğun şəkildə hədiyyə və ya bal verməsi də həmin diplomatik jestlərin tərkib hissəsidir.
Lakin bu yaxınlaşmaların öz çərçivəsi və həssas sərhədləri mövcuddur. Uzun illər silahlı münaqişə şəraitində yaşamış xalqlar ciddi itkilər veriblər; şəhidlər, yaralılar, dağıdılmış ailələr bu tarixən ağır yükün tərkib hissəsidir. Buna görə də düşmən tərəflə münasibətlərin yumşaldılması olduqca incə yanaşma tələb edir və bu istiqamətdə atılan hər addım ölçülü-biçili olmalıdır.
Bir həftə öncə musiqi müsabiqələrinin birində təmsilçimiz Samirə Əfəndi Ermənistan təmsilçisinə ən yüksək balı verməsi xalqımızda haqqlı olaraq ciddi narazıçılığa səbəb oldu.Samirə Əfəndinin öz bəyanatına əsasən qazi övladı kimi erməni təmsilçisinə bal verməsini ayrıca problem kimi qiymətləndirmirəm. Mövcud regional reallıqlar fonunda dövlətin müəyyən yaxınlaşma siyasəti mövcuddur və ehtimal ki, həmin bal da şəxsi qərar əsasında verilməyib. Lakin bal təqdim olunduqdan sonra erməni kişi təmsilçisinin qucaqlanması, həddən artıq səmimi davranışların nümayişi və fiziki yaxınlıq cəhdləri yolverilməzdir və ictimai həssaslığı nəzərə alaraq anlaşılmazlıq yaradır.
Azərbaycanlı qadın təmsilçinin bu cür davranışı, xüsusilə də cəmi bir neçə il əvvəl torpaq uğrunda can vermiş şəhidlərin, qazilərin ailələrinin emosional yükünü nəzərə alanda, tamamilə yersiz görünür. Ölkəni təmsil edən hər kəs, şəxsi baxışlarından asılı olmayaraq, bu həssas məqamlarda daha diqqətli və məsuliyyətli davranmalıdır. Təəssüf ki, Samirə Əfəndinin göstərdiyi jestlər mövcud ictimai qırmızı xətlərin aşılmasına səbəb olmuşdur.
Bu kimi tədbirlərdə Mədəniyyət Nazirliyinin daha təcrübəli nümayəndələri seçməsi, onların əvvəlcədən dəqiq və ciddi şəkildə təlimatlandırılması vacibdir. Əks halda şəhid ailələrinin və qazilərin mənəvi yaralarının yenidən dərinləşməsi qaçılmaz ola bilər.
YYSİB-nin sədr müavini ; Ramal Əliyev

