Bədii-estetik düşüncəmizin Sara Oğuzu. #YYSIB sədri Aydın Xan Əbilovdan kulturoloji esse

Vərdişdir, Yazıçılar Birliyinə gedəndə bütün mərtəbələrə baş çəkirəm – illər boyu milli bədii söz sənətimizin inkişafında yanaşı çalışdığım, çoxdan doğmalaşdığım qələm yoldaşlarımla görüşməkdə xüsusi zövq alıram: ən üst qatda, – həmişə özlərinə də zarafatla söylədiyim kimi, – Tanrıya yaxın olan məkanda yerləşən ədəbi dərgilərin redaksiyalarındakı yazı və pozu adamlarıyla hər dəfə hal-əhval tutmasam, özümü yaxın insanlara qarşı biganəlikdə qınayıram… Sonucu kərə yazıçı-publisist Sara Oğuz Nəzirovanı o yay günü, elə çalışdığı “Azərbaycan” dərgisinin redaksiyasında gördüm: baxışlarında nigarançılıq, simasında çoxdankı ağrılardan cizgilər, fəqət duruşunda xanım-xatınlara məxsus bir mərdanəlik, hərəkətlərində olmazın nəzakət, davranışında estetlərə məxsus çalarlar, sözündə-söhbətində əsl yazıçı mədəniyyəti, ədəbiyyatçı incəliyi, sənətsevər intellektuallığı…

O son görüşümüz zamanı Sara xanımın əlindəki irihəcmli, nəfis şəkildə nəşr olunmuş qalın kitabı görüb səbrimi basa bilmədim, tələsik alıb vərəqlədim:

– Mübarəkdir, Sara xanım!

– Təşəkkürlər, ay Xan! İngilis dilinə çevrilmiş seçilmiş əsərlərimdir…

– Unutmamısız, siz mənə əsərlərinizin elektron variantını söz vermişdiz, www.kitabxana.net – Milli Virtual Elektron Kitabxanamızda yerləşdirmək üçün, –  deyə Sara xanıma artıq neçənci dəfə idi xatırladırdım.

– Narahat olmayın, əlimdə bir-iki iş var, qoy onları da yekunlaşdırım, hamısını verərəm. Eh, ay Xan, indi məgər ciddi ədəbiyyatla dərindən maraqlanan, oxuyan var ki, yazdıqlarımızı… – öz növbəsində Sara xanım da haqlı olaraq gileyləndi.

Sonralar bu qənaətə gəlməkdə haqlıydım ki, Sara xanım qədər öz yaradıcılığına xüsusi həssaslıqla yanaşan, yazdıqlarını sistemli surətdə sahmana salan, əsərlərini dünya dillərinə tərcüməsiylə ciddi məşğul olan az sayda yazıçımız var. Əbəs yerə deyil ki, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında – “Trafford” nəşriyyatı tərəfindən ingiliscə işıq üzü görmüş “Müasir Azərbaycan qadın nəsri” (“Modern Azerbaijani Women’s Prose”) antologiyasında Ə.Cəfərzadə, M.Nigarlı, A.Məsud, N.Məmmədli, M.Vəzir, G.Anarqızı,  N.Dəmirçioğlu, G.Lətifxan, S.Nuruqızı, A.Şıxlı və başqa xanım imza sahibləri ilə yanaşı Sara Oğuz – Nəzirovanın da dəyərli hekayələrinə xüsusi yer ayrılıb.

Sara xanım hətta ölümündən bir qədər əvvəl özünün www.saraoguz.com İnternet ünvanlı fərdi ədəbi saytını da yaratmağa macal tapmışdı, sanki hiss edirdi ki, ömür onsuz da vəfa etmir və ondan sonar yaradıcılığını qoruyan, gələcək nəsillərə çatdıran olmayacaq…

Bu istedadlı xanımın bədii-kulturoloji yaradıcılığıyla tanışlığım ilk dəfə ötən əsrin sonlarında, iqtisadi durumla əlaqədar hələ dövlət tərəfindən maliyyələşdirilmədiyinə görə ildə bir-iki dəfə dəfə nəşr olunan “Azərbaycan” dərgisinin səhifələrindən oxuduğum hekayələrlə başlayıb. O vaxtlar Sara Nəzirova imzasıyla yazan bu bənzərsiz, incə dəst-xətli müəllifin adda-budda məqalələriylə, tərcümələriylə rastlaşsam da, boynuma alım ki, davamıə olaraq onun yaradıcılığını izləməmişdim. Adlarını unutduğum, amma indi də ədəbi-estetik incəliklərini xatırladığım o hekayələrdən sonra Sara Nəzirova – Oğuz mənim tənqidi-kulturoloji maraq əhatəmə daxil oldu və  bu incə üslublu, ədəbiyyatımızda özünəməxsus yaradıcılıq cəhətlərilə başqa qələm adamlarından fərqlənə bilən, çağdaş nəsrimizə maraqlı estetik çalarlar qatan, nasir, publisist, ssenarist, estet, sənətşünas, dramaturq kimi imzasını təsdiqlədən yazarın əsərlərini ardıcıl olaraq izləyirəm.

Çoxəsirlik milli poeziyamıza rəğmən, gənc tarixini XIX əsrin əvvəllərindən götürən Avropa tipli peşəkar yazılı nəsrimizdə qadın yazarların sayı və çəkisi elə də çox deyil. Əsasən XX əsrin ortalarından etibarən, daha çox sovet dövründə yazıb-yaratamağa başlayan xanım imza sahiblərimizin siyahısı dövlət müstəqilliyimizi ikinci dəfə bərpa edəndən üzü bəri durmadan genişləndi. Doğrudur, kəmiyyət hələ keyfiyyətə bir elə ciddi təsiri olmasa da, artıq kifayət qədər tanınmış qadın yazıçılarımıza rast gəlirik ki, onların da sırasında Sara Oğuz Nəzirova imzası xüsusilə fərqlənir.

Bu istedadlı nasir və sənətşünasın avtobioqrafiyası, sözün hər mənasında, onun öz ömrünü sənətə, milli bədii-estetik sözə həsr etdiyindən xəbər verir. Ömür cığırına diqqət edək: Sara Oğuz 29 dekabr 1944-cü ildə Oğuz rayonunda dünyaya göz açıb. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı, 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini bitirib. 1984-cü ildə keçmiş SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunub, 1966-cı ildən 1988-ci ilədək Dövlət İncəsənət Muzeyində çalışıb. 1988-ci ildən etibarən AYB-də – «Azərbaycan» jurnalının nəsr şöbəsində çalışıb. 1968-ci ildən təsviri incəsənət haqqında məqalələri, eləcə də nəsr əsərləri respublikamızın və xarici ölkələrin dövri mətbuatında – qəzetlərində, jurnallarında dərc olunur. 1994-cü ildə ABŞ-dakı “İkarus” dərgisində nasir xanımın bir povesti ədəbiyyatımızı təmsil edib,1996-cı ildə YUNESKO-nun “The World Literature to Day” toplusunun payız sayında isə yazıçının “Kəpənək ömrü” povesti dərc olunub.

1983-cü ildə “Yazıçı” nəşriyyatında “Terrakota” kitabı , daha sonra “Qədir ağacı” (1986), “Tale damğası” (1992), “Gənclik” nəşriyyatında “Nağıl nabatı” (1990), “Şərq-Qərb” nəşriyyatında “Beton evdən yazılar” (1996), “Ziya” nəşriyyatında “Əşrəf Muradoğlu” (2007), “AMEA” nəşriyyatında – ingilis dilində “Selected works”  – “Seçilmiş əsərləri” kitabı çapdan çıxıb. Sonuncu kitab Oksfordun Bodlean kitabxanasında da yer alıb. Onun yaradıcılığı haqqında 2003-cü ildə «Elm» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə «Oğuz gözəlləməsi» kitabı nəşr olunub. Yazıçının ssenariləri əsasında “Azərbaycanfilm” kinostudiyasında “Batmış şəhərin incəsənəti”, “Nar ağacının nağılı”, “Qəsd”, “Söhbətül-əsmar”, “İçərişəhərin hamamları”, “Dost dosta tən gərək”, “Üfüqü ötənlər”, “Sirli bənövşə” adlı filmlər lentə alınıb.

Yazıçı qələmini dramaturgiya sahəsində də uğurla sınayıb: “Nağılını göstər”, “Mərd körpüsü”, “Qayıt”, “Sözün sehri” pyesləri dövlət teatrlarında tamaşaya qoyulub, əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərə çevrilib. 2010-cu ildə ən yaxşı hekayə üçün beynəlxalq müsabiqənin qalibi olub. 9 may 2012-ci il tarixdə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

…Və o qara tarixdə – 22 iyun 2014-cü ildə amansız xəstəlik Sara xanımı bu işıqlı dünyamızdan  birdəfəlik alıb aparanda ədəbiyyatımızda, humanitar-estetik fikrimizdə bir istedadın yeri də boş qaldı. Ölümündən bir qədər əvvəl Sara xanımın dediyi fikirlər əslində onun bütün həyat və yaradıcılığına şamil etmək mümkündür: “Mən yazıçı deyiləm. Yazıçının həyatını yaşayan insanam. Orada (kitablarımda, – red.) olduqca çoxlu həyat materialları var. Olduqca böyük sevgi var – vətənimə, xalqıma, əhatəmə. Doğrudan da, Azərbaycan mədəniyyəti elə yüksək səviyyədədir, elə zərif, incə çalarlıdır ki, onu sevməmək olmaz, onu elə-belə yazmaq olmaz”… Yazımı elə bu notlarla da bitirmək istəyirəm, düşünürəm ki, bu fikirlərə nəsə əlavə etsəm, Sara Oğuz – Nəzirovanın ruhunu incitmiş olaram…

P.S. Sara Mollaçı qızı Nəzirova (Oğuz) 1944-cü il 29 dekabrda Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirmişdir.

2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.

1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu.

S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmişdir. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyində işləyir, Azərbaycan Yazıçılar Birliyində – «Azərbaycan» jurnalının nəsr şöbəsində çalışırdı.

1968-ci ildən əsərləri dövri mətbuatda çap olunurdu. Maraqlı məqalə (xüsusən rəssamlığa aid), hekayə, povest, ssenari və pyeslərin müəllifidir. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında “İkarus” jurnalında onun povesti Azərbaycanı təmsil etmişdi.

1996-cı ildə YUNESKO-nun “The World Literature to Day” toplusunun payız sayında “Kəpənək ömrü” povesti dərc olunmuşdu. O, 2010-cu ildə ən yaxşı hekayə üçün Beynəlxalq müsabiqənin qalibi olmuşdu.

1983-cü ildə, “Terrakota”, 1986-cı ildə “Qədir ağacı”, 1992-ci ildə “Tale damğası”, 1990-cı ildə “Nağıl nabatı”, 1996-cı ildə “Beton evdən yazılar”, 2007-ci ildə “Əşrəf Muradoğlu” və ingilis dilində “Selected Works” kitabları çap edilmişdir.

Onun yaradıcılığı haqqında 2003-cü ildə “Elm” nəşriyyatında AMEA-nın Elmi Şurasının qərarı ilə “Oğuz gözəlləməsi” kitabı nəşr olunmuşdu.

         “Azərbaycanfilm”də “Batmış şəhərin incəsənəti”, “Nar nağılı”, “Qəsd”, “İçərişəhərin hamamları”, “Dost dosta tən gərək”, “Üfüqü ötənlər” filmləri onun ssenariləri əsasında çəkilmişdir.

Sara Nəzirovanın “Nağılını göstər”, “Mərd körpüsü”, “Qayıt”, “Sözün sehri” pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulmuşdur.

Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.

09 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Sara Oğuz 22 iyun 2014-cü ildə haqq dünyasına qovuşmuşdur.

Aydın Xan Əbilov,

 yazışı-kulturoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir