“Ədibin Evində” unudulmaz görüş: görkəmli yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayev işığında
2025-ci ilin 15 noyabr tarixində “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Bakı şəhərinin Xəzər rayonunun Binə və Qala qəsəbələrində yerləşən tam orta məktəblərinin XI sinif şagirdləri üçün ”Məktəblilər Ədibin evində” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdən əvvəl ”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən şagirdlər üçün Qız Qalasına və Şirvanşahlar sarayına tur proqramı təşkil edilmişdir.
Daha sonra tədbiri “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva açaraq, şagirdlərə görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin bənzərsiz yaradıcılığı haqqında danışmış və fondun fəaliyyəti haqqında məlumat vermişdir.
By tədbirdə iştirak etmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Gülşən Paşayeva öz çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili“ elan edildiyini diqqətə çatdıraraq, Azərbaycan Respublikasının Konstitusiyasının hər bir vətəndaş üçün böyük bir önəm daşıdığını vurğulamış və şagirdləri bu sənədlə yaxından tanış olmağa çağırmışdır. O, Konstitusiyada öz əksini tapmış bir sıra məsələlər, o cümlədən xalq hakimiyyəti və dövlətin əsasları, dövlət dili, əsas hüquqlar, azadlıqlar və vəzifələr haqqında şagirdlərə qısa məlumat vermişdir.
Hər iki məruzə interaktiv formatda keçirilmiş və tədbirin sonunda şagirdlərə xatirə hədiyyələri təqdim edilmişdir.

