Qvardiya general-mayorunun əbədi ömür naxışları: əfsanəvi sərkərdə Həzi Aslanov. Leyla Məcidova yazır

Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərinə malik olduğunu dünyaya nümayiş etdirmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

Lənkəran şəhərinin mərkəzində bir abidə ucalır. Abidənin yanından keçən hər kəs bir anlıq da olsa ayaq saxlayır, xəyala dalır, gözlərinin önündə artıq tarixə qovuşmuş müharibənin dəhşətləri canlanır. Bu, yeganə Azərbaycanlı, iki dəfə Sovet İttifaqı Qəhramanı, tank qoşunları qvardiya general-mayoru, əfsanəvi sərkərdə Həzi Əhəd oğlu Aslanovun abidəsidir.

General tank üstündə təsvir olunub. Dünyanı faşizim taunundan xilas etmək üçün döyüşə yollandığı doğma Lənkərana heyranlıqla baxır. Qulağına daha güllə səsi deyil, mavi Xəzərin həsrətindən doğan narahat uğultusu və bir də abidənin önünə Lənkəranın gül çiçəklərini düzən, vətənə sədaqət andı içən üzü təbəssümlü gənclərin, məktəblilərin gülüş səsləri gəlir.

Bəli Lənkəranlılar öz cəsur həmyerlilərini heç vaxt unutmur, müqqəddəs ziyarət yerinə çevrilmiş və adını daşıyan xatirə parkında tez tez anım tədbirlərinə toplaşır, onlara qürur, baş ucalıq gətirən generalı şeir ilə yad edirlər. Yəni illər onu zaman məsafəsi baxımından bizdən ayıra bilmir, mənsub olduğu xalqına, vətəninə, eləcə də doğma Lənkərana getdikcə daha yaxın olur.

Həzi Aslanov haqqında çox kitablar yazılıb. Belə ki, böyük sərkərdənin qısa, lakin şərəfli həyat yolu, rəhbərlik etdiyi tankçıların yüksək döyüş keyfiyyətləri, yaradıcı komandir kimi dünya hərb tarixinə gətirdiyi yeniliklər, o cümlədən “ cinahlardan zərbə” taktikası, həmişə qələbə çalmaq əzmi İ.Oqulçaniskinin “Həzi Aslanov”, A.M.Sanovun “Volqadan Baltikədək”, P.P.Lebedonkonun ”Don çayı döngəsində”, P.İ.Popovun”sözdə döyüşçüdür”. N.Karlovun “Cəbhənin baş istiqamətində” Mir Cəlal Paşayevin “Sovet İttifaqı Qəhramanı H. Aslanov”, Hüseyn Abbaszadənin “ General”, Vaqif Əzizin ”Baqration əməliiyatı” bədii publistik kitablarında əbədiləşib.

General Həzi Aslanovun öz tankçısı sonralar SSRİ xalq artisti adına layiq görülən Mixail Şeydin hələ sağlığında hər il Bakıya gəlib Dağüstü parkında əbədiyyata qovuşan komandirinin qəbrini ziyarət edərdi. Onun qəhrəmanın keçdiyi əfsanəvi döyüş yolu və şəxsiyyəti haqqında təəsüratları ”Salam general” kitabında öz əksini tapıb.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Musa Bağırovun əməyi sayəsində əfsanəvi general-mayor Həzi Aslanovun 1945-ci ildə kinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının təqdim olunması ilə bağlı faktlar sənədlər, üzə çıxarılaraq “Sərkərdənin taleyi” kitabı çap olunmuşdur.

Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlının həmmüəllifi olduqları “Lənkəran” kitabında da qəhrəman general-mayor Həzi Aslanov haqında geniş məlumat verilib.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin “Qəhrəman Həzi”,”Salam General”, “Qafqaz dağları ətəklərindən Berlinədək”, “Vətənin şöhrətini ucaldanlar”, “Vətənə xidmət peşəsini seçənlər üçün” silsiləsindən təqdim etdiyi bu kitablarda xalqımızın görkəmli sərkərdəsi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları qvardiya general-mayoru Həzi Aslanovun həyat və şanlı döyüş yoluna çıraq tutulur.

Həzi Aslanovun vətənpərvərliyi və qəhrəmanlıq nümunələri bu gün də, gələcək də Azərbaycan gəncliyi, xüsusilə də Vətənə xidmət peşəsini – hərbi peşəni seçənlər üçün ən yaxşı örnəkdir.

Həzi Aslanovun ölməz qəhrəmanlıq obrazının yaradılmasında boya başa çatdığı, döyüşlərə yollandığı, doğma Lənkəranda yazıb-yaradan həmyerliləridə borclu qalmamışlar. Generalın qəhrəmanlığı yazarları hər zaman riqqətə gətirmiş və çoxsaylı dəyərli bədii-poetik, epik, dram əsərlərinin ortaya çıxmasına ilham verib.

Əməkdar İncəsənət Xadimi Məmmədhüseyn Əliyevin “Həzi Aslanov “ poeması, şair Şəkər Aslanın lirik şeirləri şair publisist Xudaverdi Cavadın “Generalla söhbət” lirik-epik poeması, yazıçı-publisist Sıyavuş Süleymanlının “Tale yolu” roman və b. kitablar məhz Həzi Aslanovun ayrı-ayrı döyüş məqamlarından bəhs edir.

İstedadlı şair-publisist Xudaverdi Cavadın “Generalla söhbət” lirik-epik poeması məhz qəhrəmanın Lənkəranda ucaldılan sözügedən abidəyə xitabən yazılıb. Ayrı-ayrı fəsil kimi oxuculara təqdim olunan hər söhbət Böyük Vətən müharibəsi illərində görkəmli sovet sərkərdələrinin fikirlərindən, habelə “Pravda”, “Krasnaya zvezda” , “Sın otçestva” və başqa qəzetlərdə həmyerlimiz döyüş qəhrəmanlıqlarına həsr olunan yazılardan götürülən sözlərdən epiqraflarla başlayır. Müəllifin xatırladığı kimi, o vaxt “Pravda” qəzeti öz baş məqaləsində yazırdı: “Düşmənə zərbə endirməyi Aslanovçulardan öyrənin!” Təbii ki, “Generalla söhbət” əsərinin birinci və ikinci söhbətləri generalın həyat yolunun Lənkəran dövrlərinə həsr olunub. Müəllif bu söhbətlərdə Həzinin uşaqlıq və gənclik illərini, orta məktəb həyatını, rayonun Gərmətük qəsəbəsində yaşadığı sevgi məcaralarını indi ev-muzeyi olan ata evindən cəbhəyə yola salınmasını, anası Nuşu xalanın ardınca su atmasını və s. məqamları lirik ricətlərlə xatırladır. Sonrakı söhbətlərdə xalqımızın keçdiyi ağır həyat sınaqları , o cümlədən 20 yanvar faciəsi, Qarabağ ağrısı, eyni zamanda böyük Zəfərin təntənəsi generalın diqqətinə çatdırılmaqla bərabər onun əfsanəvi sərkərdəlik bacarığı önə çəkilir:

Çox ağrı-acılar görüb bu həyat,

Yüz sevinc bir qəmi boğa bilməyir.

General sayı, artsa da, heyhat,

Hər ana Həzini doğa bilməyir.

Həzi Aslanov Volqadan Baltik respublikararına qədər döyüş yolu keçib. Yüksək sərkərdəlik bacarığı, qətiyyəti, ən çətin vəziyyətdə müstəqil və qələbəni təmin edən qərar qəbul etməsi, döyüş tapşırıqlarını yerinə yetirərkən yenilməz iradə və şəxsi nümunə göstərməsi, düşməni məğlub etmək üçün “Cinahlardan zərbə” taktikasını məharətlə tətbiq etməsi və s. döyüş keyfiyyətləri onun hərbi istedadının göstəricisi idi. Təbii k, bütün bunlar Sovet Ali Baş Komandanlığının diqqətindən yayınmırdı.

Keçmiş Sovet İttifaqı marşalları və görkəmli sovet sərkərdələri Ç.K.Jakov, L.A.Qovorov, S.S.Biryuzov, A.İ.Yemerenko, N.İ.Krılov və başqaları Həzi Aslanovun komandirlik istedadını yüksək qiymətləndiriblər.

Sovet İttifaqı marşalı G.K.Jukov öz xatirələrində yazırdı: “…Onun (Həzi Aslanovun) sərkərdə istedadı və qəhrəmanlığı Stalinqrad ətrafındakı döyüşlərdə daha dolğun şəkildə özünü göstərmişdir. Volqa sahillərində qəhrəmancasına döyüşlərdə göstərdiyi şəxsi igidliyə və mərdliyə görə ona Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad verilmişdir. Onun cəsarətli komandanlıq bacarığı əsgərləri yeni-yeni qələbələrə ruhlandırırdı. Həzi Əhəd oğlu Aslanovun gözəl həyatı və əsgəri hünərləri, böyük və parlaq şəxsiyyəti vətənimizə Azərbaycan oğullarının, bütün sovet xalqlarının hədsiz məhəbbətinin təcəssümüdür. Bu məhəbbət doğma vətənimizin hər qarış torpağını göz bəbəyi kimi qorumaq, lazım gələrsə, onun uğrunda candan keçmək kimi müqəddəs hissdən irəli gəlir. Məhz buna görə də Həzi Aslanov öz silah dostlarının , onu tanıyanların yaddaşında təkcə şanlı döyüş komandiri kimi yox, həm də Sosialist vətənini ürəkdən sevən əsl vətəndaş kimi qalacaqdır…”

Sovet İttifaqı Marşalı S.A.Qovorov da Həzi Aslanovu hərb sənətinin mahir ustası kimi örnək göstərirdi:” Alman barbarları ilə həlledici çarpışmalarda rus, ukrayna, qazax, gürcü xalqlarının Sovet İttifaqının bütün xalqlarının oğulları ilə bir sırada günəşli Azərbaycanın oğulları da şöhrət qazandılar… Azərbaycanın gələcək nəsilləri tank qoşunları general mayoru Həzi Aslanovun adını ehtiramla çəkəcəklər. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun bahadırcasına həyatı və ölümü Stalinqraddan Riqa körfəsinə və Şərqi Rusiyaya qədər gedən zəfər yolu nəsillər üçün rəşadət, mərdlik, vətənə sədaqət timsalı olacaqdır…”

Həzi Aslanovun cəbhə dostlarından biri də onun həmkəndlisi mayor Yədulla İsmayılov idi. Bütün döyüşlərdə generalla bir yerdə olan Y.İsmayılov müharibədən sonra Lənkərana, Gərmətük kəndinə qayıdıb. Bir çox vəzifələrdə çalışan keçmiş cəbhəçi tez–tez rayon tədbirlərinə, gənclərlə, orta məktəb şagirdləri ilə görüşlərə dəvət olunar, qısa, lakin şərəfli ömür yaşayan böyük sərkərdə haqqında öz xatirələrini danışardı. Tədbirlərdə keçmiş tankçıya həmişə bir sual ünvanlanardı: ”Bütün müharibələrdə qalib gələn Həzi Aslanov necə oldu ki, müharibənin sonunda düşmən gülləsinə tuş gəldi?”

O isə bu suala birdən-birə cavab verə bilmirdi. Gözləri dolar, xəyalən müharibə illərinə qayıdardı. Axırda tədbir iştirakçılarının səbrsizliklə gözlədiyi cavabı bu olurdu: ”Həziyə düşmən gülləsi dəymədi”…

Həzi Aslanovun ailəsi uzun illər Gərmətük kəndində yaşayıb. Atası Əhəd Lənkəran şəhərindəki kərpic zavodunda fəhlə işlədiyindən gedib-gəlmək ona çətinlik törədirdi. Ailə şəhərə köçməyi qərara alıb və indi muzey kimi hamının ziyarətgah yerinə çevrilən ev tikilib başa çatandan sonra köç reallaşıb. Lakin ailə şəhər həyatına uyğunlaşana qədər tez-tez Gərmətükə, ata yurduna gələrdilər. Balaca Həzinin burda uşaqlıq dostları vardı. 1911-ci ildə Gərmətükdə anadan olan, təxminən 70 il müəllim və məktəb direktoru işləmiş, Lenin ordenli Əbülqasım Qasımov sağlığında Həzi ilə indiki Gərmətük Məscid kompleksinin ətrafında döyüş oyunlarında iştirak etdiyindən danışardı. Deyərdi ki, mən yaşca Həzidən bir il kiçik idim. Həzi bizi döyüşmək üçün iki dəstəyə bölərdi. Silahlarımız da taxtadan düzəldilərdi. Günlərin bir günü Həzi gəlib bizə dedi ki, şəhərə köçürük, lakin sizi unutmaram. Belə də oldu. Həzi tez-tez şəhərdə məhəllə uşaqlarını da götürüb kəndə gələrdi və əvvəlki kimi döyüş oyunlarını davam etdirərdik. Sonralar hamımız böyüyüb müstəqil həyata qədəm qoyduq. Hamımız bilirdk ki, Həzi hərb sənətinin dalınca gedəcək Bakıda hərbi məktəbi bitirib. 1933-1938-ci illərdə Xarkov şəhərində hərbi xidmətdə oldu. Müharibə başlananda Həzinin uşaqlıq dostları kimi mən də cəbhəyə getdim. Həzini şəxsən görə bilməsək də, onun döyüş uğurları barədə radiodan, qəzetlərdən tez-tez məlumat alır və qürur duyurduq.

Həzi Aslanov “Pravda” qəzetinin 27 dekabr 1942-ci il tarixli sayında dərc etdirdiyi “Cinahlardan zərbə” adlı məqaləsində yazırdı: “Almanlara cinahlardan zərbə endirmək döyüşdə mənim əsas qaydamdır. Bu taktika mənim komandirlik etdiyim bölməyə müvəffəqiyyət qazandırır. Mənim tabeliyimdə olanlar bu taktikanı yaxşı mənimsəmişlər və uğurla tətbiq edirlər…”

Sonradan Həzi Aslanovun tabeliyində olan bölmənin qvardiya adlandırılması heç də təsadüfi deyildi. Cəmi 35 yaşında həyatı tərk edən generalın qəfil ölümü Aslanovçuları sarsıtdı. Axı onu daha böyük gələcək gözləyirdi. Onun böyük arzuları vardı. Həzi Aslanov Lənkərana göndərdiya məktubda yazırdı: “Çox istərdim ki, Lənkərana gələm, anamı, həyat yoldaşımı, uşaqları görəm. Lakin indi buna imkan yoxdur. And içmişik ki, torpağımızda almanlar son nəfərinə qədər məhv edilməyincə, vuruşmaqda davam edəcəyik…”

Təsadüfi deyildir ki, general-mayor Həzi Aslanovun övladları da onun peşəsini davam edərək qəhrəmanlıq tariximizdə böyük izlər qoyublar. Lənkəranda doğulan, burdan döyüşlərə yollanan general-mayor sonrakı olaylardan xəbərsiz yatır. O, Azərbaycana, Lənkərana əbədi ömürlə qayıtdı. Bu ömür elə iki dəfə Sovet İttifaqı Qəhrəmanının qızıl ulduzunun, saysız-hesabsız orden və medalların naxışları və bir də tunc abidəyə dönmüş qəhrəmanlığın pozulmaz izi ilə döndü…

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir