İstedad və zəhmətin bəhrəsi: yazıçı Qəni Camalzadə. Leyla Məcidova yazır
Azərbaycan ədəbiyyatında tarixi roman yazısına müraciət edən sənətkarları barmaqla saymaq olar. Bu da səbəbsiz deyil. Tarixi roman yazmaq bu günlə keçmiş arasında mənəvi körpü yaratmaqla
bərabər yazıçıdan yaradıcılıq məsuliyyəti tələb edir. Belə ki, tarixi həqiqətləri bədii təfəkkürün süzgəcindən keçirəndə gərək təhriflərə
yol verilməsin. Fərqi yoxdur, elmi və ya bədii əsər olsun, tarixi saxtalaşdırmaq olmaz. Bu baxımdan tarixə müraciət edən hər bir yazıçı tarixi hadisələri özünə bədii material seçərkən son dərəcə
diqqətli olmalı, oxucunu sual qarşısında qoymamalıdır.
Hacı Qəni Camalzadə özünü bu ağır yükün altına verməklə, fikrimizcə, məsuliyyətini lazımınca dərk edib və “Kiaksarın axırıncı
savaşı” adlı tarixi romanını oxucularının mühakiməsinə verib. Yazıçı kitabın əvvəlində qeydlərində deyir: “Kiaksarın axırıncı savaşı”
romanında tariximizin qədim və şərəfli dövrünü, Midiya imperiyasının yüksəliş dövrünü qələmə almışam. Eramızdan əvvəl qırx il hökmdarlıq eləmiş Şahənşah Kiaksar ömrünün sonunda, 486-cı ildə skiflərin Muğan düzündə qurduqları çarlığın iyirmi səkkiz illik varlığına son qoyub. Skiflərin bir qismini qırmış, qalanını da Dar Keçiddən
“İndiki Dərbənd” şimala, gəldikləri yerlərə qovmuşdu… Qeydlərinin sonunda müəllif oxucunun diqqətini Qarabağın fatehi prezident İlham Əliyevlə skiflərin 28 illik çarlığına son qoyan Şahənşah Kiaksar arasındakı oxşarlığa yönəldərək yazır: “Prezident İlham Əliyev düşmənlə Şahənşah Kiaksar kimi rəftar elədi. Qırx dörd gündə iyirmi
səkkiz illik işğala son qoydu, erməniləri torpaqlarımızdan qovdu. Yaxşı deyirlər ki, tarix təkrar olunur…
Mən bir tarixçi alim kimi “Kiaksarın axırıncı savaşı” romanını maraqla oxudum və belə qənaətə gəldim ki, Hacı Qəni Camalzadə bu kitabı hər şeydən öncə oxucularını qədim tariximizi öyrənməyə dəvət edir.
Çünki yazıçı bizi qədim Midiya dövrünə aparır. Məlum olur ki, Şahənşah Kiaksar 40 il hakimiyyətdə olub. Onun hərbi yürüşləri, qələbələri Midiya ordusunun döyüş taktikası habelə o dövrün
atəşpərəstlik dini və bir çox mənəvi dəyərləri barədə müfəssəl məlumat alırıq .
Romanda həmçinin Kiaksardan sonra Midiyanın süqutu da bədii boyalarla diqqətə çatdırılır. Göstərilir ki, taxt-tacın vəliəhdi Asfiaqın
hökmdar dövründə ölkə uğursuzluğa düçar olur. Əslində əsərdə Şahənşah Kiaksara müəllifin rəğbətini, onun hakimiyyətini örnək kimi
göstərməsini duymaq heç də çətin deyil. Çünki məhz onun dövründə Midiya öz çiçəklənmə dövrünü yaşayır və bir də suvari qoşun
növünün yaradıcısı kimi oxucuların yaddaşına həkk olunur.
Hacı Qəninin “Kiaksarın axırıncı savaşı” adlı romanı 2021-ci ildə işıq üzü görüb. Bu romana qədər çoxlu əsərləri oxucuların mühakiməsinə verilib. Onun ilk hekayəsi 1976-cı ildə tələbə ikən “Ədəbiyyat və İncəsənət “ qəzetində dərc olunub. Sonralar ”Kirpi”,
“Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azərbaycan” jurnallarında müəllifin satirik hekayələri işıq üzü görüb.
Həmin hekayələr eyni zamanda “Yeni səslər” almasında, eləcə də 1985-ci ildə “Yaxşı oğlanın dayısı” kitabında yer alıb. Oxucuların marağına
səbəb olan bu hekayələri ilə gənc müəllif bir yazıçı kimi ədəbiyyatda öz imzasını təsdiqləyib. Ədəbi uğurdan ruhlanan yazıçı 1988-ci ildə “Sonuncu yeznə” adlı daha bir hekayələr kitabını nəşr etdirir. 1998-ci ildə “Qohumların əsiri” adlanan üçüncü hekayələr toplusu oxuculara təqdim olunandan sonra müəllif roman janrına müraciət edib. Bir-birinin ardınca “Qızıl xotuğ” və “ Karxana” romanları kitab halında çap olunub. Həmin romanlar rus və ingilis dillərinə çevrilib.
Hacı Qəni Camalzadə Azərbaycan ədəbiyyatının xaricdə təbliğinə də dəyərli töhvə verib.Onun son beş ildə “Kiaksarın axırıncı savaşı” və “Şeytana daş atanlar” romanları ölkəmizin hüdudlarından
kənarda nəşr olunub. Hazırda daha iki roman üzərində işləyir.İ
ndiyə qədər müəllifin 15 cilddən ibarət “Seçilmiş əsərləri”min 6 cildi işıq üzü görüb.
Azərbaycan nəşrində özünə məxsus yaradıcılıq üslubuna malik olan Hacı Qəni Camalzadə artıq geniş oxucu auditoriyası qazanıb. Bu da
onun bulaq kimi axan şəffaf nəşr dilindən, maraqlı oxucunu intizarda saxlayan sujet qurmaq bacarığından həyatda ən mühüm hadisələri
süzgəcdən keçirib bədii materiala çevirmək qüdrətindən, bir sözlə, yaradıcılıq məsuliyətindən irəli gəlir.
Azərbaycan nəşrinə öz töhfəsini verən Hacı Qəni Camalzadə 1956-cı ildə Azərbaycanın Lerik rayonunda doğulsa da, kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 1971-ci ildə orta
məktəbi 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.
İstehsalatda müxtəlif vəzifələrdə çalışıb.1992-1993-cü illərdə birinci Qarabağ döyüşlərində iştirak edib. Hərbi xidmətdən təxris olunandan sonra təqaüdə çıxana qədər fərdi sahibkarlıqla məşğul olub. Bədii
yaradıcılığa gəldikdə isə hələ orta məktəb illərindən kiçik hekayələr yazmağa başlayıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi ilk hekayəsi
tələbə ikən işıq üzü görüb.
Sonralar kiçik hekayələrdən böyük romanlara qədər yaradıcılıq yolu keçib. Tarixi romana ilk dəfə müraciət edən müəllif “Kiaksarın axırıncı savaşı” adlı əsərini ortaya qoymaqla, ədəb ictimaiyyətin diqqətini cəlb edib. İnanıram ki, uğurlu yaradıcılıq axtarışlarını davam etdirən kifayət qədər yaradıcılıq təcrübəsi olan yazıçının istedadı və zəhməti layiqli
qiymətini alacaqdır.
Leyla Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent

