Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi: Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, Şuşada QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı keçirilib
Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib
2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub.
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi videoçarx da təqdim edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün, cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu platforma mühüm əhəmiyyət kəsb edib. İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirib. Məlumat verilib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilk forumuna hazırlıq prosesi də davam edir. Qarşıdakı dövrdə Azərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulması hədəflənir”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edib ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 22 mindən çox şəxs məskunlaşıb. O, QHT-ləri azad edilmiş ərazilərin reinteqrasiyasında, bərpa və sosial adaptasiya proseslərində fəal iştirak etməyə çağırıb: “Əminəm ki, bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycan Respublikasının Konstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə, həmçinin Azərbaycan həqiqətlərinin və dəyərlərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edəcək”.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev artıq Azərbaycanda dövlət-QHT münasibətlərinin “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulduğunu diqqətə çatdırıb: “Bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır. Bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.
“Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev son illər QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçidin gücləndiyini vurğulayıb. R.Hacıyev ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün müsabiqələr elan etdiklərini, prosesdə əsas tərəfdaşın ANAMA olduğunu bildirib. O, bu müsabiqələr çərçivəsində QHT-lərdən mina və PHS mövzusunda mühüm təşəbbüslər gözlədiklərini ifadə edib, Forumun işinə uğurlar arzulayıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial Sərmayələr Departamentinin direktoru Xalid Rəcəbov da ilk dəfə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün qrant müsabiqələri elan etdiklərini, bunun uğurlu başlanğıc olacağına inandıqlarını qeyd edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm və daim işgüzar olmasının vacibliyini önə çəkib, milli maraqların müdafiəsində Azərbaycan QHT-lərinin vahid mövqedən çıxış etməsini təqdir edib.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, “layihə yönümlü fəaliyyətinin yerini proses yönümlü sistem tutmalıdır” fikri təkcə texniki yanaşma kimi deyil, vətəndaş cəmiyyətinin özünütəşkil modelinə dair strateji çağırış kimi səslənir: “Layihə müəyyən məqsədin ifadəsidirsə, proses həmin məqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir. Layihələr keçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təmin edir. Azərbaycan vətəndaş cəmiyyəti indi bu keçidi reallaşdırmağa daha yaxındır”.
Daha sonra Forumun aparıcısı, tanınmış diktor Dilarə Səlim Azərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib.
Forum öz işini 4 panelə bölünərək davam etdirib.
QHT-lərin VI İnkişaf və Mübadilə Proqramında əldə olunmuş bilikləri QHT-nin işində necə istifadə edəcəyik?
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 18-19 oktyabr tarixlərində Şuşa şəhərində QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı həyata keçirilib.
Bbu barədə məlumatı “Davamlı İnkişafa Doğru” İB-nin sədri Namiq Heydərov bildirib. Onun sözlərinə görə, bu proqramın əsas məqsədi QHT-lərin ictimai faydalılığını artırmaq, fəaliyyətlərinin səmərəliliyini yüksəltmək, həmçinin iştirakçıların bilik və bacarıqlarının inkişafına dəstək göstərmək idi.
Proqram müddətində QHT-lər layihələrin hazırlanması istiqamətində nəzəri və praktiki biliklər qazandı, ideya formalaşdırmaq, layihə hazırlamaq, qrant sənədlərini düzgün şəkildə hazır etmək baçarıqlarını gücləndirdi, layihə strukturu, məntiqi çərçivənin hazırlanması barədə anlayış və bacarıqlarını artırdı.
Təlim iştirakçılarına layihələrinin hazırlanmasında nəticəyönümlü və məntiqi çərçivə yanaşmalarının tətbiqi təşviq edildi.
Bir QHT rəhbəri kimi təlimin bizim üçün böyük əhəmiyyətini qeyd edərək, təlimin nəticələrindən QHT-nin fəaliyyətində aşağıdakı istiqamətlərdə istifadə edəcəyimi düşünürəm.
- Strateji idarəetmədə
- Resursların idarə edilməsində
- Kommunikasiya və ictimaiyyətlə əlaqələr qurulmasında
- Layihələrin hazırlanması və icrasında
- Maliyyə və hesabatlılıq standartlarının tətbiqində
- Kommunikasiya strategiyasının qurulmasında
- Monitorinq və Qiymətləndirmə sisteminin qurulmasında
- İnnovativ yanaşmaların tətbiqində
- İctimai maarifləndirmə kampaniyalarının təşkilində və s.
Yekun olaraq, QHT-lərin VI İnkişaf və Mübadilə Proqramının təşkilatçısı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz adımdan və təşkilatımız adından təşəkkür edir və inanıram ki, Proqram çərçivəsində əldə etdiyimiz biliklər təşkilatımızın daha şəffaf, effektiv və innovativ fəaliyyət göstərməsinə imkan verəcəkdir. Bu biliklər yalnız daxili işlərimizdə deyil, həm də cəmiyyətlə qurulan tərəfdaşlıqda böyük fayda verəcəkdir.

Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır – TURAL ƏLİYEV
“Bu gün Azərbaycanda dövlət- QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulur. Bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır.
QHT.az xəbər verir ki, bunu Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib.
“Son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq, 115 ölkədən nüfuzlu QHT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Qlobal Cənubda dünya əhalisinin 80%-i yaşayır, bu ucsuz-bucaqsız regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirə bildi. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü dünyanın 3/2 hissəsini əhatə edən bölgədə beynəlxalq dəstək qazandı. Bakı Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahına çevrildi.
Bu gün Qlobal Cənub QHT Platforması Qlobal Şimalla müqayisədə beynəlxalq təşkilatlarda məhdud təmsilçiliklə razılaşmır, iştirakını artırmağa çalışır. Platformaya rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi tarixi imkanlar açır. Verilən məlumatlara görə, 2026-cı ilin mayında Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək.”
Agentlik 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırıb – AYGÜN ƏLİYEVA
Dünyada mövcud olan uğurlu təcrübələr göstərir ki, vətəndaş cəmiyyəti əlverişli şəraitdə daha səmərəli fəaliyyət göstərir. Əlverişli şərait dedikdə təkcə maliyyə dəstəyi deyil, həm də metodiki dəstək, eləcə də qanunvericilik təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Məhz bu yolla biz ictimai dəyərlər zəncirinə könüllü qoşulmanı təmin edə bilərik.
QHT.az xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
Aygün Əliyeva bildirib ki, II forumdan keçən dövrə nəzər salsaq, əminliklə deyə bilərik ki, Agentlik QHTlərin dəstəyi ilə bir çox uğurlu layihələr icra etmişdir və 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırmışdı.
Qlobal Cənub QHT Platformasının yaradılmasını isə Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsi hesab etmək olar.
Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 vətəndaş cəmiyyəti nümayəndəsi imza ilə dəstək verib. Bu Azərbaycan vətəndaş cəmiyyətinin həyatında bir ilk idi.
Bundan başqa Agentlik dövlət–özəl–QHT əməkdaşlığının ilk nümunələrini artıq yaradıb. Ek təbii səervətləri, Qarabağ Dirçəliş Fondu və BP ilə uğurlu əməkdaşlıq həyata keçirilib.
QHT.az

