”Atmosferdə karbon qazının artması qlobal ekoloji tarazlığı pozur” – “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB-nin sədri İradə Həsənova
“Atmosferdə karbon qazının artması ekoloji tarazlığı pozur”
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova YeniMedia.net portalına açıqlamasında atmosferdə karbon qazının (CO₂) artması ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.
Onun sözlərinə görə, CO₂ səviyyəsinin kəskin yüksəlməsi ilk növbədə qalıq yanacaqların həddindən artıq istifadəsi, sənaye fəaliyyətinin artması və meşələrin qırılması ilə əlaqədardır. İradə Həsənova bildirib ki, bu proseslər qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb olur, nəticədə dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələrinin çoxalması və ekosistemlərin pozulması kimi ciddi problemlər yaranır:
“Karbon qazı elektrik enerjisi istehsalı, nəqliyyat və sənaye proseslərində kömür, neft və təbii qaz kimi qalıq yanacaqların yandırılması nəticəsində yaranır. Həmçinin, meşə yanğınları və vulkan püskürmələri kimi təbii proseslər də bu qazın atmosferdə artmasına təsir göstərir. Ağaclar karbon qazını udmaqla təbii balansın qorunmasında mühüm rol oynayır. Lakin meşələrin yanması və ağacların kütləvi şəkildə kəsilməsi nəticəsində atmosferdə CO₂ konsentrasiyası yüksəlir. 1880-ci ildən bəri atmosferdəki karbon qazının miqdarı 43 faiz artaraq rekord həddə çatıb. Bu artımın əsas səbəbi insan fəaliyyətidir.”
İctimai Birliyin sədri vurğulayıb ki, hazırda da karbon qazının həcmi artmaqda davam edir və bu, bəşəriyyət üçün ciddi xəbərdarlıqdır. O, ekoloji fəlakətlərin qarşısını almaq üçün qlobal səviyyədə addımlar atmağın vacibliyini bildirib:
“Biz bütün bəşəriyyət kimi ehtiyat tədbirləri görməli, karbon emissiyalarını azaltmalı, həddindən artıq istehlak və istehsalı, resursların israfını məhdudlaşdırmalı, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməliyik. Bu yolla atmosferdəki karbon qazının artmasının qarşısını almaq mümkündür.”
İctimai Birliyinin sədri İradə Həsənova portalımıza iqlim dəyişikliyinin əsas səbəblərindən biri olan istixana qazlarının artmasına diqqət çəkib.
Onun sözlərinə görə, istixana effekti yaradan əsas qaz — karbon qazıdır və insan fəaliyyəti nəticəsində atmosferdə bu qazın miqdarı sürətlə artır:
“Yer və atmosfer qapalı mühitlərdir. İnsan fəaliyyəti baş vermədikcə karbonun miqdarı sabit qalır. Lakin mədən yanacaqlarının çıxarılması və yandırılması nəticəsində atmosferdə karbon qazının səviyyəsi yüksəlir. Bu isə təkcə Yer səthinin temperaturunun artmasına deyil, həm də okean suyunun keyfiyyətinin azalmasına gətirib çıxarır. Karbon qazının su ilə reaksiyası nəticəsində əmələ gələn karbon turşusu okeanların turşulaşmasına səbəb olur, bu isə dəniz canlıları və bitki aləmi üçün ciddi təhlükə yaradır. Okeanlarda fauna və floranın məhv olması biomüxtəlifliyin azalmasına, ekosistemlərin zəifləməsinə və təbii ehtiyatların tükənməsinə gətirib çıxarır. Bu, dünyanı gələcək nəsillərin yaşayışı üçün yararsız hala sala bilər.”
İctimai birlik sədri vurğulayıb ki, karbon izinin azaldılması hər bir fərdin və cəmiyyətin məsuliyyətidir:
“Resurslardan səmərəli istifadə etməli, mədən yanacaqlarından istifadəmizi azaltmalı, bərpa olunan enerji mənbələrinə üstünlük verməliyik. Ehtiyacımız olmayan məhsulları almaqdan çəkinməli və həm ekoloji, həm də iqtisadi baxımdan qənaətcil davranmalıyıq. Gələcək riskləri daha dəqiq qiymətləndirmək üçün süni intellekt imkanlarından da istifadə edilməlidir. Bu istiqamətdə atılacaq hər bir addım iqlim dəyişikliyinin qarşısının alınmasına və gələcək nəsillərə sağlam mühitin ötürülməsinə töhfə verəcək”.
Nihad Əbilli

