Sakinlərdən xəbərsiz küçələrə ad verilməyəcək – Prezident səlahiyyət verdi… – #YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan açıqlamalar
İctimai və mədəniyyət xadimi Aydın Xan Əbilov: “Tək dünyasını dəyişən insanların deyil, eyni zamanda, sağ qalmış insanların da adı əbədiləşdirilə bilər”
Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq. Bununla bağlı Prezident İlham Əliyev “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.
Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
“Xüsusilə şəhidlər, milli qəhrəmanlar, görkəmli şəxsiyyətlərin adları küçə və prospektlərə verilən zaman əhalinin xahisi, rəyi nəzərə alınacaq”
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə başçısı İlham Əliyev müəyyən sərəncam və fərmanlar imzalayarkən milli mental dəyərləri nəzərə alır. Eyni zamanda, dünyada baş verən yenilikləri də nəzərə alıb, onların ölkəmizdə tətbiqini uyğun sayır: “Bu baxımdan küçə, prospekt, meydalara ad verilməsi ilə bağlı paytaxt sakinlərinin fikirlərinin öyrənilməsi ilə bağlı qanunvericilikdə müəyyən bəndlər var. Hesab edirəm ki, bu çox maraqlı tendensiyadır. Sovet dönəmində tanınmış insanlar, görkəmli alim, yazıçı, mütəfəkkir, tarixi şəxsiyyətlərin və Lenin ordeni almış şəxslərin adlarına küçələr verilirdi. O zaman həmin ərazidə yaşayan insanların yaxınlarının fikirləri, təklifləri, istəkləri nəzərə alınırdı. İndi də bu və digər dərəcədə təkliflər olan zaman dəyərləndiriləcək. Xüsusilə şəhidlər, milli qəhrəmanlar, görkəmli şəxsiyyətlərin adları küçə, prospektlərə verilən zaman əhalinin xahisi, rəyi nəzərə alınacaq. Təsdiqlənən yeni qanuna əsasən, ölkənin istənilən ərazisində və paytaxtda ad qoyma olan zaman yerli sakinlərin rəyi nəzərə alınacaq. Avropada və İsveçdə bununla bağlı maraqlı təcrübə var. Belə ki, isveçlilər bölgələrə və rayonlara xüsusi əhəmiyyət verir. Bələdiyyə bu tipli hadisələr zamanı yerli əhalinin, icmaların fikirlərini öyrənmək üçün tez-tez referendumlar keçirir. Bu təcrübənin ölkəmizdə tətbiqi əhəmiyətli ola bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan istedadlı insanların yaşadığı məkan olub: “İndinin özündə də bu torpağın, xalqın yolunda həm canından, həm də intellektindən keçən dəyərli övladlarımız var. Həmin şəxslərin gördüyü işlər, yerinə yetirdiyi missiyalara uyğun olaraq onların adları müxtəlif yerlərdə tarixləşdirilməli, əbədiləşdirilməlidir. Bu həm yeni nəsil, həm də keçmişin arxivləşdirilməsi üçün önəmlidir”.
Kulturoloq hesab edir ki, tək dünyasını dəyişən insanların deyil, eyni zamanda, sağ qalmış insanların da adı əbədiləşdirilə bilər: “Sağlığında insanın adı əbədiləşdirilirsə, bu çox gözəl olar. Digər insanlar da bundan müsbət motivasiya alacaq. Məsələn, bir çox şəhər və paytaxt ərazisində yol qovşaqları, dairələr xeyriyyəçilik edən, müxtəlif sahələrdə xidməti olan şəxslərin adını daşıyır. Düzdür, bu qeyri-rəsmidir. Ancaq insanlar həmin yolları sağ qalan insanların adı ilə adlandırır. Məsələn, Əhmədin dairəsi, küçəsi və s. Bu məsələ də nəzərə alına bilər”.
Günel CƏLİLOVA