“Sosial media asılılığı yeniyetmələrdə həm psixoloji, həm də fiziki sağlamlıq problemlərinə səbəb olur” – Psixoloq Fəridə Musəvi

“Sosial media asılılığı bu gün getdikcə artan və ciddi problemlər yaradan bir vəziyyətdir. İnsanların sosial media platformalarına daimi bağlı qalması, fiziki və psixoloji sağlamlıq üzərində mənfi təsirlərə səbəb ola bilər. Bu vəziyyət fərdlərin real həyatda münasibətlərini zəiflədə, yuxu rejimini poza və şəxsi inkişaflarını məhdudlaşdıra bilər. Davamlı informasiya axınına məruz qalmaq isə emosional problemlərə yol açır.”

Amerika Psixoloqlar Assosiasiyasının (APA) üzvü psixoloq Fəridə Musəvi YeniMedia.net portalina verdiyi açıqlamasında bildirib ki, sosial media asılılığı fərdlərin sosial media platformalarına idarəsiz bir şəkildə bağlanması ilə xarakterizə olunur. Bu, gündəlik funksionallığı pozacaq səviyyədə, idarə edilə bilməyən və təkrarlanan sosial media istifadəsi ilə davam edən davranış asılılığıdır.

Psixoloq qeyd edib ki, müxtəlif yaşlarda olan şəxslərdə bu problem geniş yayılıb və yeniyetmələr arasında xüsusilə müşahidə olunur:

“Bədənin və psixologiyanın formalaşan dövründə bu asılılığa məruz qalan yeniyetmələrin qarşılaşacağı problemlər az deyil. Sosial media istifadəsi dopamin səviyyəsini artırır və beyin sağlamlığına mənfi təsir göstərir. Depressiya, qayğı və emosional sarsıntılar daha çox müşahidə olunur, diqqət dağınıqlığı və konsentrasiya problemləri yaranır ki, bu da akademik uğuru azalda bilər.”

Fəridə Musəvi əlavə edib ki, sosial media istifadəsinin uzun müddət olması gündəlik öhdəliklərin pozulmasına, zaman idarəetməsinin itirilməsinə və üz-üzə əlaqələrin azalmasına gətirib çıxarır. Gecə saatlarına kimi sosial mediada vaxt keçirmək yuxu pozğunluğu, göz və əzələ yorğunluğu, əsəb gərginliyi və psixoloji sarsıntılara səbəb olur.

Psixoloq vurğulayıb ki, yeniyetmələr çox zaman psixoloji qaçış kimi sosial mediaya müraciət edirlər:

“Məsuliyyətdən qaçma, stress, narahatlıq və ya mənfi duyğularla mübarizə aparmamaq üçün sosial media bir qaçış sahəsi kimi seçilir. Bu asılılıq yalnız psixoloji deyil, həm də bədən sağlamlığını çox yönlü olaraq təsir edir uzun müddətli ekran istifadəsi, hərəkətsiz həyat tərzi və nizamsız yuxu vərdişləri həm fiziki, həm də zehni sağlamlıq problemlərinə yol açır.”

Fəridə Musəvi onu da qeyd edib ki, sosial media istifadəsi məhdudlaşdırıldığında yeniyetmələr narahatlıq, qəzəb və kədər hissi yaşayır, hətta ailədən uzaqlaşaraq emosional çöküş yaşayırlar. Bu isə dərslərdə, iş həyatında və ailə münasibətlərində performansın azalmasına səbəb olur.

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir