İngilis sonetini Azərbaycanlaşdıran görkəmli şair-publisist. Şəkər Aslan məktəbi – İltifat Əhmədov yazır

Mərhum şairimiz Şəkər Aslanın cismani yoxluğundan 30 il keçir. Onun haqqında keçmiş zamanda danışmaq ağırdır. Çünki 90 illiyini qeyd etdiyimiz Şəkər müəllimin əziz xatirəsi onun ailə üzvlərinin, doğmalarının, yaxınlarının qəlbində yaşadığı kimi, bizim – onunla bir yerdə işləmiş jurnalistlərin, iş yoldaşlarının yaddaşında da özünə əbədi yer etmişdir.
Şəkər Aslan respublikamızın tanınmış, sayılıb-seçilən şairlərindəndir. Görkəmli şairimiz, mərhum Məmməd Arazın sözləri ilə desək: “Şəkər Aslan bölgə şairi yox, ölkə şairidir”. Ədəbi ictimaiyyətimiz bu gün də Şəkər müəllimin adını məmnuniyyətlə çəkir, onun xeyirxahlığını unutmur. Xüsusilə, ötən əsrin 80-ci illərinin əvvəllərində poeziyamıza, jurnalistikamıza yeni nəfəs, ab-hava gətirmiş bir qrup gənc yazar məhz Şəkər Aslanın tapıntıları, kəşfləri idi.
Onun xeyir-duası ilə poeziya aləminə gəlmiş o vaxtkı gənclər: Elşad Səfərli, Sərraf Talıb, Baloğlan Cəlil, İslam Rzayev, Ağamir Cavad, Bəxtiyar Əliyar, Əhməd Haqsevər, Balayar Sadiq, Samir Sədaqətoğlu, Zahir Əzəmət və başqaları ustad şairin ”Uğurlu yol”undan sonra “Leninçi” (indiki “Lənkəran”) qəzetində ilk yaradıcılıq nümunələrini, şeirlərini çap etdirmişlər. Adını çəkdiyim bu istedadlı qələm sahiblərinin hamısı indi bir neçə şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onlar özlərini Ş.Aslan məktəbinin yetirmələri hesab edir, bununla haqlı qürur hissi keçirirlər.
Şəkər müəllim təkcə poeziyada deyil, eyni zamanda, jurnalistika sahəsində də böyük bir məktəb yaratmışdı. Ömrünün çox hissəsi mətbuatla, doğma yerli qəzetlə bağlı idi. O, gənc yaşlarından qəzetdə ədəbi işçi kimi fəaliyyətini davam etdirmiş, Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı işləmiş, 1970-ci ildə oradan “Leninçi”yə redaktor vəzifəsinə göndərilmişdi. Bu vəzifədə 22 il, 1992-ci ilin iyun ayınadək çalışdı. Yeri gəlmişkən, bu sətirlərin müəllifi Şəkər müəllimdən sonra ikinci ən çoxstajlı redaktor olaraq 14 il fasiləsiz yerli qəzetə rəhbərlik etmişdir.
Mənim jurnalist kimi yetişməyimdə Şəkər müəllimin müstəsna rolu olmuşdur. Onun rəhbərliyi altında qəzetdə 8 il işləmişəm. 1984-cü ilin avqust ayında “Leninçi”də korrektor vəzifəsinə təyin edilməyimdən tutmuş xüsusi müxbir, məsul katib, redaksiya həmkarlar təşkilatının sədri, Azərbaycan Jurnalistlər Birliyi Lənkəran rayon təşkilatının katibi seçilməyimdə, eləcə də, partiya sıralarına qəbul olunmağımda Şəkər Aslan tərəddüdsüz, redaksiyadaxili təzyiqlərə baxmayaraq, əhəmiyyət vermədən qərar çıxarmışdı.
Sizi bir qədər əvvələ, ən yaxın keçmişimizə aparmaq istəyirəm. Onda Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin X sinfində oxuyurdum. 1979-cu ilin mart ayında qəzetin məktublar şöbəsinin müdiri Qüdrət Cəfərovun imzası ilə aşağıdakı məzmunda məktub aldım: “Hörmətli İltifat Əhmədov! Sizin redaksiyaya gəlməyinizi xahiş edirik”.
Səhərin gözü açılan kimi özümü redaksiyaya çatdırdım. Yaz tətili olduğundan məktəbdə dərs yox idi. O vaxtlar “Leninçi” qəzetinin redaksiyası indiki “Qala” xiyabanında, beşmərtəbəli bina ilə üzbəüz kitab mağazasının yanında yerləşirdi. Yol boyu beynimdə müxtəlif fikirlər dolaşırdı: “Görəsən, hansı məqaləmdə faktları təhrif etmişəm, səhvə yol vermişəm?!”
Bu düşüncələrlə məktublar şöbəsinin qapısını döyüb içəri daxil oldum. Qüdrət müəllim əlimdəki məktubu görüb:
– Səni redaktor Şəkər müəllim görmək istəyir, – dedi. Onun bu sözlərindən sonra həyəcanım daha da artdı. Ürəyim şiddətlə döyünməyə başladı. Qüdrət müəllim qabağa düşüb məni redaktorun kabinetinə apardı. İçəri daxil olan kimi dedi:
– Şəkər müəllim, sizin çağırdığınız İltifat Əhmədov budur.
Qəzet oxumaqla məşğul olan Ş.Aslan eynəyin altından mənə tərəf baxıb gülümsündü:
– Səni yekə kişi təsəvvür edirdim, – dedi. – Lap uşaqsan ki, yaxın gəl.
Şəkər müəllim əl verib mənimlə köhnə tanışlar, dostlar kimi, mehribancasına görüşdü. Eynəyini çıxarıb masanın üstünə qoydu. Yer göstərdi, hal-əhval tutdu.
– Yazıların xoşuma gəlir, – deyə Ş.Aslan əlavə etdi. – Daha yaxşı yazmaq üçün müntəzəm mütaliə ilə məşğul olmalısan. Çoxlu qəzet, kitab oxumalısan. Faktların dəqiqliyini, dürüstlüyünü dönə-dönə yoxlamağa çalış. Səni Etibar müəllimə tapşırmışam (qəzetin o vaxtkı məsul katibi Etibar Əhədov idi).
Həmişə ondan məsləhət al.
Sonralar redaktorluğu altında səkiz il işlədiyim Şəkər Aslanla ilk görüşüm yaddaşımda belə həkk olub.
Görkəmli şair-jurnalist-publisist-dramaturq Şəkər Aslan gənc kadrları işə götürərkən seçimində tələsmirdi. Onları sanki ələkdən keçirir, imtahana çəkir və sonda qərar verirdi. Ötən əsrin səksəninci illərinin əvvəllərində və sonlarında “Leninçi” qəzetinə dəvət etdiyi Rafiq Rəhimov, Sevda (Əliyeva) Əlibəyli, Esmira Ağayeva (İsmayılova), mərhum Ağaddin Babayev, Mehman Əliyev və başqaları etimadı layiqincə doğrultdular. İndi onların adı Cənub bölgəsində və respublikamızda tanınmış jurnalistlər, yazarlar kimi çəkilir.
Şəkər müəllim gözü-könlü tox, alicənab redaktor idi. O, əməkdaşlarından qətiyyən heç nə ummazdı. Qəzetin, kollektivin, jurnalistin şərəf və ləyaqətini hər şeydən uca tuturdu. Bu çətin, lakin müqəddəs sənətin adına ləkə gətirənlərlə barışmır, onları redaksiyanın həndəvərinə belə yaxın qoymurdu. Vaxtilə vəsiqə verdiyi ştatdankənar müxbirlərin bəzisinin bəd əməlləri barədə siqnallar eşitmişdi. Onlar mağazalara, ictimai iaşə obyektlərinə gedib müxbirə yaraşmayan hərəkətlərə yol vermişdilər. Şəkər müəllim belələrinin vəsiqələrini əllərindən almış və çap olunmalarına qadağa qoymuşdu.
İndiki qəzet bolluğunda, internet əsrində elə üzdəniraq redaktorlar peyda olmuşdur ki, onları yalnız bir məsələ düşündürür: bu gün dünənkindən, sabah bugünkündən daha çox qənimət toplamalı, eyş-işrətlə məşğul olmalı. Belələri üçün jurnalistika, qəzetçilik məfhumu yox dərəcəsindədir. Çox vaxt deyirlər ki, bu cür qəzet rəhbərləri idarə, müəssisə, təşkilat və şirkət rəhbərlərinin qapılarını ayda bir neçə dəfə kəsdirir, “haqq”larını tələb edirlər. Onlar hətta əməkdaşlarından da bunu umurlar. Tam məsuliyyətimlə və qətiyyətlə bildirirəm ki, belələrinin heç birinin jurnalist təhsili, diplomu yoxdur. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə və ən nəhayət, Şəkər Aslan məktəbini keçənlər heç vaxt belə naqisliyə yol verməzlər!..
Tələbkar, qayğıkeş redaktor və ictimai xadim. İstedadlı şair, publisist və dramaturq. Gənc jurnalistlərin, şair və yazıçıların himayədarı və dostu. Mehriban və səmimi ailə başçısı. Mən Şəkər müəllimi belə tanıyırdım və o, yaddaşımda məhz bu cür əbədiləşib!..
Allah rəhmət eləsin!
İltifat ƏHMƏDOV,
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
02 oktyabr 2025-ci il.
Şəkər Aslan – 90
Bu gün, şair, dramaturq, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatının laureatı olan Şəkər Aslanın doğum günüdür.
Şəkər Aslan 1935 -ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. Əmək fəaliyyətinə Lənkəran Mədəniyyət Evində başlayıb. 1964-1968-ci illərdə “Leninçi” (sonralar “Lənkəran”) qəzetində ədəbi işçi, 1968-1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970-1992-ci illərdə “Leninçi” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1992-ci ildə “Söz” ədəbi-bədii jurnalını təsis edib.1994-1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olub.
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1981) və “Şərəf nişanı” ordeninə layiq görülüb.
Ədəbi fəaliyyətə “Sosialist subtropikası” Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan “Koreyalı bacıma” adlı şeiri ilə başlayıb. Çap etdirdiyi şeir kitablarında Vətənə məhəbbət, doğma təbiətin gözəllikləri, müasir insanların zəngin mənəvi dünyası, istək və arzuları, sevgiləri öz əksini tapıb. Şeirləri bir sıra xarici dillərə tərcümə olunub. Publisistik məqalələrin, Lənkəran çayının tarixinə, xüsusiyyətlərinə həsr olunmuş “Samovara od salmışam” bədii-publisistik kitabının müəllifidir.
“Sən kimsən, Ata?” (1982), “Birtərəfli hərəkət” (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Şeirlərinə Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Ə.Əzimov, H.Adıgözəlzadə, Oktay Kazımov, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar musiqi bəstələyiblər.
Şəkər Aslan 12 iyun 1995-ci ildə, 59 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin.