Azərbaycanda qeyri-ənənəvi adların populyarlıq qazanması – Səbəb nədir? YYSİB sədri, mədəniyyət və ictimai xadim Aydın Xan Əbilovdan kulturolji rəy-açıqlama
2025-ci ildə Azərbaycanda doğulmuş qız uşaqlarına qoyulan adlar arasında Melisa adı birinci yerdə gəlir. Populyar qız adlarının ilk onluğunda Nilay, Aylin, Ayla adları da var. Populyar oğlan adlarının ilk onluğunda isə Miran adına rast gəlmək mümkündür.
Melisa, Nilay, Aylin, Ayla, Miran… Bunlar qeyri-ənənəvi adlardır. Bu cür adların populyar adlar arasında yer alması nə ilə əlaqədardır?
Mövzu ilə bağlı Medianews.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycan cəmiyyəti daima xarici filmlərə, məhsullara, adlara, ümumiyyətlə xaricdən gələn çox şeyə meylli olub. Xarici adların uşaqlara qoyulmasını bəyənmədiyini vurğulayan Aydın Xan Əbilov əlavə edib: “Düzdür, ad yaradıcılığı daima canlı, diridir. XX əsrdə biz Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza və digər şair, yazıçılarımızın, bir qədər sonra Anar Rzayev, Elçin Əfəndiyev, Əkrəm Əylisli kimi yazıçılarımızın yeni ad yaradıcılığı ilə tanış olmuşuq. Bunun sayəsində sırf Azərbaycan, qismən də əski türk adlarına qayıdış baş verib. Sovet dövründə İnqilab, Kolxoz, Oktyabr kimi adların da uşaqlara qoyulmasına şahidlik etmişik. Son zamanlar isə xarici bədii filmlərin qəhrəmanlarının adlarını uşaqlarına qoyan xeyli valideynlə rastlaşırıq. Dövlət adlarla bağlı müəyyən normativ aktlar qəbul edib. Həmin aktlarda valideynlərə öz uşaqlarına Azərbaycan adlarının qoyulması tövsiyəsi yer alıb”.
Yazıçı-kulturoloq qeyd edib ki, Azərbaycan adları ilə bağlı sonuncu kitab bir neçə il qabaq nəşr olunub: “Amma düşünürəm ki, adlar kitabını tez-tez yeniləmək lazımdır. Üstəlik, çox güman ki, Ədliyyə Nazirliyində milli adlarla bağlı elektron baza var. Uşağına ad seçmək istəyən valideynlərə ilk əvvəl həmin milli adların kataloqu təqdim edilməlidir. Başa düşürük, övladına ad seçmək valideynin hüququdur. Və valideyn yeni ad yaradıcılığında da iştirak edə bilər. Amma əcaib və daha çox əcnəbilərin adları ilə üst-üstə düşən adlara nə ehtiyac var? Olmazmı ki, elə milli adlardan istifadə olunsun? Artıq vətəndaşlıq qazanmış bir çox ad var, həm qızlara, həm də oğlanlara verilən o adlar qulağımıza xoş gəlir, gözəldir. Eyni zamanda unutmayaq ki, adlar uşağın gələcək taleyinə də təsir göstərə bilər. Adların özündə bir energetik hissiyyat var. Bəzən uşağın öz adından utandığını, sıxıldığını müşahidə etmək olur. Buna yol açmamaq üçün daha ciddi adlardan istifadə olunması məsləhətdir”.

Ad yaradıcılığı sahəsində problemləri bəzi məsul şəxslərin – məmurların xarici ölkələrdə təhsil alması, Azərbaycan adları ilə bağlı geniş təsəvvürlərinin olmaması ilə də əlaqələndirən Aydın Xan Əbilov deyib: “Eləsi var uşaqlıqdan ingilis bağçasına, məktəbinə gedib, sonra da xaricdə təhsil alıb. Bundan başqa əcnəbilərlə ailə quran azərbaycanlıların övladlarına xarici ad qoyulduğunu görürük. Biz əlbəttə ki, hər kəsə sayğı ilə yanaşırıq. Qəbul edirik ki, Azərbaycanda yalnız türklər yaşamır, milli azlıqlar, əcnəbilər, xaricdən gələnlər var. Qarışıq nikahlar çoxdur. Belə ailələrdə uşaqlara vərdiş etmədiyimiz adların qoyulmasına əslində normal yanaşırıq. Bəlkə də o adların hansısa gələcəkdə milliləşəcək, dilimizə oturacaq. Azərbaycan adlarının böyük hissəsi Türk-Azərbaycan mənşəli olsa da, bizdə ərəb, fars, rus, Avropa mənşəli adlar da var. Onların bir çoxu əvvəllər uşaqlara qoyulanda qulağa yad səslənirdi, kimlərinsə etirazına səbəb olurdu. Amma sonralar etirazlar səngidi, həmin adların bir qismi müəllif hüququ qazandı, daha çox uşağa verildi.
Adlarla bağlı digər bir məsələ dini adların həddən çox uşağa qoyulmasıdır. Ərəb, fars adlarının hətta dilimizə uyğunlaşdırılmış variantının da deyil, orijinalda olduğu kimi azərbaycanlı uşaqlara qoyulduğunu görürük. Fikrimcə, bununla bağlı mədəni, ictimai müzakirələr, debatlar aparılmalıdır. Bu debatlara məmurlar, ziyalılar, yazıçılar, dilçilər cəlb olunmalıdır. Telekanallarda, sosial şəbəkələrdə cəmiyyətin müxtəlif qruplarının adlarla bağlı təklifləri dinlənməli, mümkün qədər ortaq rəyə gəlinməlidir. Ad bankı yaradılmalıdır və bu bank qapalı olmamalıdır. Ad bankına müəyyən mənada sərbəst giriş imkanı verilməlidir ki, orada daha çox ad cəmlənsin. Adlar həm də dilin inkişafı deməkdir. Dilin leksikon zənginliyinə dəlalət edir. Adlar bizim tarixi, ictimai, siyasi, iqtisadi, mədəni əlaqələrimizin xüsusiyyətindən də xəbər verir. Məsələn, indi Türkiyə seriallarından, cizgi filmlərindən götürmə adlara çox rast gəlmək olur, çünki həmin seriallar, cizgi filmləri geniş nümayiş edilir, nəticədə bizim insanların qulağına oturuşur, adiləşir, övladları dünyaya gələndə həmin adlardan seçirlər. Ümumən götürəndə adlarla bağlı çox sərt inzibati addım ata bilmərik. Biz bu sahədəki problemləri əsasən tövsiyələrlə, maarifçiliklə həll etməyə çalışmalıyıq. Mədəni təsir olsa, düşünürəm ki, problemlər həllini tapar”.
Nailə Qasımova
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.
https://medianews.az/az/azerbaycanda-qeyri-enenevi-adlarin-populyarliq-qazanmasi