Dünya Dəniz Günü: “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovanın açıqlaması

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Dünya Dəniz Günü ilə bağlı YeniMedia.net portalına açıqlama verib.

QHT sədri bildirib ki, Dünya Dəniz Günü Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsis edilib və 1978-ci ildən etibarən qeyd olunur. Bu il 29 sentyabr tarixinə təsadüf edən günün əsas məqsədi okeanların və dənizlərin Yerdəki həyata və canlı təbiətə verdiyi töhfəni vurğulamaqdır.

“Dənizlər karbonun udulmasında, iqlim dəyişikliyi ilə mübarizədə və günəş enerjisinin paylanmasında mühüm rol oynayır. İnsan varlığının davamlılığı üçün dəniz və okeanlardan rasional istifadə zəruridir. Dünya Vəhşi Təbiət Fondunun məlumatlarına əsasən, Yer səthinin 71%-ni əhatə edən və bir milyard insanın qida mənbəyi olan dənizlər həddindən artıq balıq ovu, qlobal istiləşmə və çirklənmə səbəbindən ciddi təhlükə altındadır. Dənizlərin çirklənməsinin 80 faizi quru fəaliyyətlərdən qaynaqlanır. Axıdılan təmizlənməmiş çirkab sular, sənaye tullantıları və plastik maddələr ekosistemə böyük ziyan vurur”.

İradə Həsənova əlavə edib ki, dünya üzrə dənizlərin 40%-ni əhatə edəcək qlobal dəniz ehtiyatları şəbəkəsinin yaradılması təkliflər sırasındadır. Bu qoruqlar nəsli kəsilməkdə olan növlərin qorunması və bərpası üçün ən güclü vasitə hesab olunur:

“Dənizlərin və okeanların qorunması gələcək nəsillərə daha təmiz dəniz və yaşana bilən dünya buraxmaq baxımından prioritetlərimizdəndir. Vətəndaş cəmiyyəti olaraq biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir