“İsrailin iştirakına etirazlar başa düşüləndir, amma Azərbaycan mədəniyyətlə siyasəti qarışdırmır” – Azərbaycanın İsrail iştirak etsə də “Eurovision 2026”ya qatılmasına tənqid edənlərə YYSİB sədri, mədəniyyət və ictimai xadim Aydın Xan Əbilovun tutarlı cavabı
Dünya mediası “Eurovision 2026″da İsrailin iştirak edib-etməyəcəyi ilə bağlı müxtəlif müzakirələr aparır. Ona görə ki, bir çox ölkə İsrailin beynəlxalq musiqi yarışında iştirakı halında “Eurovision 2026″a qatılmayacağını açıqlayıb. Buna səbəb isə Netanyahu hökumətinin Qəzzadakı hücumlarını davam etdirməsi göstərilir. Azərbaycan isə “Biz siyasətə qarışmırıq” mövqeyini ortaya qoyaraq, müsabiqəyə qatılacağını bildirib. Bu qərar xüsusilə Türkiyə ictimaiyyəti tərəfindən sərt tənqid edilib.
Bəs Azərbaycanın bu mövqeyi, yəni siyasəti mədəniyyətlə qarışdırmamaq düzgün addımdırmı?
Bu barədə İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Patrulaz.az-a açıqlamasında bildirib ki, Eurovision-da İsrailin iştirakına etirazlar başadüşüləndir, amma unutmamalıyıq ki, hər dövlətin siyasi və iqtisadi maraqları var. İsrail isə həm II Qarabağ müharibəsində, həm də əvvəl və indi Azərbaycana dəstək göstərib:
“Mədəniyyət və incəsənət dünyanın ən böyük siyasətidir. Biz fərqinə varmadan, bəzən mədəniyyət və incəsənət proseslərindən danışarkən özümüz də bilmədən böyük siyasətdən danışırıq. Geokulturoloji proseslər dünyada son illər çox sürətlə inkişaf edir. Bu və digər ölkələrdə baş verən hadisələr – süni intellektin gəlişi, nəsillərarası qarşıdurma, Nepalda baş verən TikTok inqilabı və son illərdə müşahidə olunan digər olaylar, xüsusilə informasiya əsrində yalançı və saxta məlumatların geniş istifadə olunması mədəniyyətin necə böyük bir silah olduğunu sübut edir.
Mədəniyyət deyəndə biz daha çox incəsənət, musiqi, kino və ədəbiyyatı nəzərdə tuturuq, amma əslində mədəniyyət çox daha geniş mənanı özündə birləşdirir. Buna görə də kulturoloji prosesləri dərk etmək və layiqincə qiymətləndirmək vacibdir. Azərbaycanda keçirilən müxtəlif humanitar forumlardan tutmuş Eurovision və Formula yarışlarına qədər olan tədbirlər hamısı geokulturoloji qlobal adətlərimizdir. Bu adətlərdən isə, bilirsiniz ki, biz geniş istifadə edirik.
Eurovision-da İsrailin nümayəndəsinin iştirakı və bu iştiraklara qarşı etirazlar əlbəttə ki, başa düşüləndir. Amma nəzərə alaq ki, hər bir dövlətin həm siyasi, həm də iqtisadi maraqları var. İsrail həm II Qarabağ müharibəsində, həm ondan əvvəl, həm də indi Azərbaycanı dəstəkləyib. Eyni zamanda Azərbaycanın yanında olub; Azərbaycan iqtisadiyyatının böyük hissəsi neft və qaz məhsullarının ixracı İsrail ilə bağlıdır. Biz öz bazarımızı hansısa konfliktə görə itirə bilmərik.
Necə ki, Fələstində vaxtilə Qarabağ hadisələrinə heç bir reaksiya gəlmədi və bizi dəstəkləmədilər – əksinə, Fələstinin siyasi rəhbəri Ermənistana “qardaşımızdır” dedi. Baxmayaraq ki, siyasətdə “qardaşlıq” yoxdur, amma bu bizə pis təsir etmişdi. Qəzzada baş verən hadisələr və səbəbləri haqqında çox danışılıb. Ərəblərin də oradakı mövqeyi, indiki müharibənin qızışması və İsrailin həyata keçirdiyi əməliyyatlara reaksiyalar barədə fikirlər var. İsrail orada əməliyyatlar həyata keçirəndə Azərbaycan da ən azı “durdurun” siyasi bəyanat verməklə öz reaksiyasını bildirib.
İki qonşu xalqın bir-birinə müharibəsi böyük mənada Eurovision-da hansısa ölkənin iştirakına qarşı etirazımız kimi müəyyənləşdirilə bilməz. Əksinə, biz istərdik ki, həm Fələstin, həm də İsrail xalqları (yəhudilər və ərəb xalqı) dinc yaşasınlar. Hər iki tərəflə tarixi bağlılıqlarımız və dostluğumuz var. İstəmərik ki, hansısa proses zamanı bizim münasibətlərimiz yalnız qlobal informasiya məkanında saxta xəbərlərə çevrilsin. Azərbaycan həmişə əzələnin yanında olub; Azərbaycan Fələstinə maddi yardım göstərib. İsraillə də geniş əlaqələrimiz var. Onlar bizim strateji tərəfdaşlarımız sayılır”.
A.X. Əbilov qeyd edib ki, bu məsələlərlə bağlı Türkiyədə müəyyən qüvvələrin fəaliyyətinə şahid oluruq. Onun sözlərinə görə, həmin qüvvələr bəzən çalışırlar ki, Azərbaycanı Türkiyənin düşməni kimi təqdim etsinlər.
Əbilov həmçinin bəzi Türkiyə KİV-lərində Azərbaycanın İsrailin “Eurovision 2026”ya qoşulmasına görə yarışmaya qatılmayacağı barədə yayılan xəbərlərə də münasibət bildirib:
“Bununla bağlı Türkiyədə bizi sevməyən qüvvələr artıq kampaniya şəklini alıb. Əslində orada türk olmayan çoxsaylı şəxslər, o cümlədən erməni əsilli Türkiyə vətəndaşları və digər millətlərdən insanlar mövcuddur və onlar hər dəfə çalışırlar ki, Azərbaycanı Türkiyənin düşməni kimi göstərsinlər.
Qardaşlaşmış bu iki ölkənin strateji tərəfdaşlıqları bir çox beynəlxalq məsələlərdə, o cümlədən Türkiyədə və bəzən Azərbaycandakı qüvvələr tərəfindən düzgün qiymətləndirilmir. Aranı qarışdırmaq istəyən həmin qüvvələr Azərbaycanı həmişə müzakirə meydanına çıxarır və bizim qərarımızı qəbul etmədən – “Azərbaycan İsrailə görə Eurovision-dan imtina edir” başlıqlı yalnış xəbərlər yayırlar. Biz nə İsrailə görə, nə də başqa dövlətlərə görə Eurovision-dan imtina etmirik. Bütün beynəlxalq tədbirlərdə həmişə iştirak edirik. Lazım olan anda Azərbaycan maraqları tapdalanarsa, əlbəttə ki, etirazımızı bildiririk və iştirak etməyirik.
Qonşu Rusiyanın bizə olan son günlərdə münaqişələri yaransa da, hətta bizim babalarımız can verdiyi SSR İkinci Dünya Müharibəsinin qələbə calması ilə paradada biz iştirak etmədik. Çünki marağımız bunu tələb edirdi və bizə qarşı olan kobud münasibətə biz bu cür cavab verdik. Sadəcə sülh yolu ilə, dinc yolu ilə etirazımızı qoşulmamaq, getməmək və rəy bildirməmək vasitəsi ilə göstərdik. İndi İsrail iştirak edəcək, ya etməyəcək, bununla bağlı Azərbaycanın müsabiqəyə qoşulmaması ilə bağlı mənasız bir iddia ortaya buraxıblar. Düşünmürəm ki, bu belədir. Bizim dövlətimizin başçısı var, mədəniyyət siyasətimizi həyata keçirən məsul şəxslər var. Dövlət başçısının qərarına uyğun olaraq da ictimaiyyətin etirazına rəğmən o yarışmada və bu tipli beynəlxalq forumlarda, qurum, tədbir, təşkilatlarda iştirak etmək lazım olduğunu dövlət başçısı özü gözəl bilir. Necə ki, indi BMT-də tədbirlər keçirilir və dövlət başçısı da oradadır xanımı, Birinci vitse-prezident ilə birlikdə. O cümlədən də bu məsələlərdə də dövlət tərəfindən qəbul ediləcək və ona uyğun da hərəkətlər ediləcək”.
Ekspert sonda Qəzzada müharibə şəraitində çətinliklə yaşayan insanların vəziyyətinə münasibət bildirib:
“Onu da deyim ki, Fələstində çox böyük bəşəri faciələr baş verir, müharibənin acısını uşaqlar, qadınlar, xəstələr, qocalar, yeniyetmələr öz üzərində hiss edirlər. Orada müharibə şəraitinə görə humanitar fəlakət baş verir. Buna qarşı əlbəttə Azərbaycan ictimaiyyəti də etiraz edir. Sivil insanlar da, o cümlədən mən də etirazımı bildirmişəm, amma bu etiraz yalnız o mövcud şəraiti yaradanlara və o situasiyaya görədir. Tezliklə sülhə gəlin, müharibəyə, münaqişəyə son qoyun deyirik. Amma bu heç də o demək deyil ki, biz beynəlxalq aləmdə Fələstinin ərəbləri, ya da İsraili hansısa bizim marağımıza uyğun gələn məsələlərdə dəstəkləməyəcəyik. Bu dəstək yenə də davam etdiriləcək. Düşünürəm ki, müharibənin qarşısını yalnız mədəniyyət, mədəni insanlar ala bilərlər. Ona görə də gözləyək ki, situasiya necə olacaq. Hələ Eurovision-a çox qalıb, indidən o barədə fikir söyləmək düzgün olmaz”.
Cəmilə Cəfərzadə

