Cənub bölgəsinin Ramiz Huseynovu… Canlı körpü. Sevda Əlibəyli yazır
Bütün əmək fəaliyyətini Lənkəranın mədəni, ictimai-siyasi həyatına həsr etmiş Ramiz Hüseynovun doğum günüdür. Əziz həmkarımızı bu münasibətlə təbrik edir, sağlam canla uzun ömür arzulayırıq.
Ötən əsrin yetmişinci illərinin əvvəllərində Lənkəranda yerli qəzeti oxumağa başlayanda imzası tez-tez görünən müəlliflərdən biri də Ramiz Hüseynov idi. 1983-cü ildə yerli qəzetdə jurnalistlik fəaliyyətimə başlayanda Ramiz Hüseynov artıq qəzetdən ayrılmış, Lənkəran Şəhər Partiya Komitəsində ideoloji şöbənin müdiri idi. Bu gün də peşəsinin fanatı olan Ramiz Hüseynov, əslində, jurnalistikadan ayrı deyildi, ideoloji sahənin müdiri, eləcə də qəzetin rəhbərlərindən idi. Hər sahə müstəqil olsa da, sovet ideologiyası başqa cürdü – hər işə yuxarıdan nəzarət edilirdi. Sənət qanunlarına əsasən Ramiz müəllim bu sahəyə rəhbərlik etdi. Sonra Lənkəranda yeni yaranan Dövlət Universitetində müəllim, şöbə müdiri işləyib Lənkəran Televiziya Şirkətinin (“Cənub”) ilk baş redaktoru olub. Sonra Əmək və Məşğulluq Mərkəzinin direktoru, 2005-ci ildən dövlət qulluqçusu olaraq pensiyadadır. O zamana kimi tədbirlərdə görüşləri nəzərə almasaq, Ramiz müəllimlə heç bir salam-söhbətim olmayıb. Bu gün isə ruhuma ən yaxın əziz və doğma insanlardandır. Ramiz Hüseynov o vaxtkı redaksiya kollektiviylə bizim nəslin arasında canlı körpüdür. Zamanın hansı anından asılı olmayaraq zəng vurub kimi və ya hansı hadisəni soruşsam, sualıma hazırmış kimi bütün aydınlığı və təfərrüatıyla cavab verəcək. Ramiz müəllim mənim nəzərimdə canlı və nadir ensiklopediyadır. Ortaq dostlarımız olub. Və bu gün də var. Əsasən qəzetdə işlədiyimiz insanlar – Şəkər Aslan, Əyyub Rzayev, Vaqif Hüseynov, Həbib Səfərov, Kamal Rəhmanov, Hacıağa Səlimov, Əhmədağa Kərimli, Lənkəranda çayçılığın inkişafında və iqtisadiyyatında xüsusi xidməti olan Səadət Tağıyev və daha neçələri. Onlar artıq çoxdan torpağa qovuşublar. Amma Ramiz Hüseynovun yaddaşında sağdırlar. Onlardan yazı hazırlamaq istəyəndə canlı arxiv olaraq Ramiz müəllimə üz tutub müraciət edirəm.
Ramiz Hüseynov qəzetdən ayrılandan sonra böyük vəzifə kreslolarında əyləşməsinə baxmayaraq, jurnalistika bu gün də onun üçün nadir, dəyərli peşələrdəndir. “Söz” jurnalımızla əməkdaşlıq etməsi də təsadüfi deyil. Qələmə sarılıb bizimlə əməkdaşlığa başlayanda “Görkəmli adamların həyatına pəncərə” rubrikası Ramiz Hüseynovun öz tapıntısı idi. Kim idi bu pəncərədən görünənlər? – akademik Yusif Məmmədəliyev, böyük ədib, görkəmli professor Mir Cəlal Paşayev, sitrusçuluğun inkişafında xüsusi rolu olan, uzun illər Lənkəranda İstehsalat İdarəsinin rəisi işləmiş Fətəli Fətəlizadə, general Vaqif Nağıyev, Azərbaycan KP Mərkəzi Komitəsinin katibi İsa Məmmədov, SSRİ Xalq artisti Rəşid Behbudov, Ryazan Tibb Universitetinin professoru Ağaxan Talışinski, Əməkdar mühəndis Mirsəmid Abbasov, müəllim və hüquqşünas Cəlil Hüseynov, poeziyanın aslanı Şəkər Aslan, şeirləri bu gün də dillər əzbəri olan Vaqif Hüseynov, alim-cərrah Əliramiz Axundov, Əməkdar ticarət işçisi Şamməd Əsgərov, Cənub bölgəsinin bu gün də xatırlanan jurnalisti Əyyub Rzayev, uzun illər Lənkəran şəhər Partiya Komitəsində şöbə müdiri işləmiş Sona Əliyeva, “Kommunist” (“Xalq qəzeti”) qəzetinin Cənub bölgəsi üzrə müxbiri Sərdar Əliyev, babası Mirzəcan Hüseynov… Adlarını çəkdiyim bu adamların həyat və yaradıcılığını qələmə alıb, “Qızıl” ömrün əlvan sətirləri” kitabında əbədiləşdirərək özündən yadigar saxlayıb.
Ramiz müəllim yaşının ixtiyar çağını yaşayır – yaddaşı yerində, xatirələri qəlbində. Jurnalistikamızın patriarxına ağrısız-acısız, sağlam can, yaradıcılıq uğurları arzulayırıq.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru

