Ekoloji təmiz həyat tərzinin əhəmiyyəti nədir? QHT sədri, ekoloq İradə Hənovadan açıqlama
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova ekoloji təmiz həyat tərzinin vacibliyinə dair portalımıza verib.
Onun sözlərinə görə, ekoloji cəhətdən təmiz həyat tərzi həm planetin gələcək nəsillər üçün qorunmasına, həm də insanların sağlamlığına mühüm təsir göstərir:
“Daha ekoloji cəhətdən təmiz olmaq planeti gələcək nəsillər üçün qorumağa kömək edəcək, zərərli maddələrə məruz qalmanızı məhdudlaşdıracaq və məlumatlı qərarlar qəbul etməyə imkan verəcəkdir. Gündəlik həyatınızdakı kiçik dəyişikliklər belə fərq yarada bilər. Tullantıların təkrar emalı, havanı çirkləndirən qazların qarşısının alınması, yaşıllıqların artırılması və ozon təbəqəsinə zərər vuran məhsullardan uzaq durmaq ekoloji tarazlığın qorunması üçün əsas addımlardandır”.
QHT sədri bildirib ki, ətraf mühitin mühafizəsi yalnız fərdi məsuliyyətlərlə məhdudlaşmır, həm də dövlət siyasəti, beynəlxalq müqavilələr və yerli səviyyədə həyata keçirilən proqramlarla dəstəklənir:
“Bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və davamlı kənd təsərrüfatı kimi layihələr ətraf mühitin mühafizəsinin əsas elementləridir. Plastikdən istifadənin azaldılması, enerjiyə qənaət, ictimai nəqliyyata üstünlük verilməsi və ekoloji təmiz məhsullardan istifadə hər bir vətəndaşın bu prosesdə rolunu gücləndirir. Bu gün ətraf mühitin mühafizəsi fərdlərin gündəlik vərdişlərindən tutmuş sosial həyatın hər sahəsinə yayılıb. Sadə addımlar belə təbiətin qorunmasına mühüm töhfələr verir.”
“Ətraf mühit keçmişdən miras deyil, gələcək nəsillərə ötürülməli dəyərdir – QHT sədri
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova açıqlamasında ekologiya sahəsində görüləcək işlərdən danışıb.
Onun sözlərinə görə, ətraf mühit canlı və cansız elementlərin yaratdığı bir mühit olmaqla, insanların sağlam və təhlükəsiz həyat şəraitini təmin edən ən vacib amillərdəndir:
“Ətraf mühit keçmişdən miras deyil; qorunmalı, inkişaf etdirilməli və ən yaxşı şəkildə gələcək nəsillərə ötürülməlidir. Ətraf mühitimizi qoruya bilməsək, enerji resurslarımıza zərər verə bilərik və Yerin bizə təklif etdiyi imkanlardan səmərəli istifadə edə bilməyəcəyik. Buna görə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli və yerinə yetirməlidir”, – deyə İradə Həsənova qeyd edib.
QHT sədri ətraf mühitin qorunması üçün vacib addımlar sırasında şüurlu cəmiyyət formalaşdırılmasını, təkrar emalın genişləndirilməsini, suya qənaət edilməsini, plastik torba və birdəfəlik məhsulların istifadəsinin azaldılmasını, kağız israfının qarşısının alınmasını və ictimai nəqliyyatdan istifadənin artırılmasını göstərib.
İradə Həsənova həmçinin vurğulayıb ki, ətraf mühitin sağlamlığı insanların rifahı üçün birbaşa təsirə malikdir:
“Hava, su və torpağın çirklənməsi nəticəsində insanlar zəhərli maddələrə məruz qalaraq sağlamlıq problemləri yaşayırlar. Buna görə ətraf mühitin mühafizəsi ekoloji tarazlığın qorunması, mövcud pisləşmələrin aradan qaldırılması və ekoloji dəyərlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə o bildirib.
Nihad Əbilli

