“Təkcə bir şəxsin canına qıymaqla iş bitmir” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan sosial bəla haqqında
“İntiharla bağlı bilirik ki, bəşəriyyət öz sivil mərhələsinə qədəm qoyandan bu yana hər zaman ictimai, sosial, mədəni, hətta elmi və ədəbi mübahisələr mövcud olub və bu, davam edir. İntiharın müxtəlif formaları var: fərdi şəkildə özünə qəsd edənlər, eləcə də ictimai, siyasi, mədəni, sosial, etnik və ya milli problemləri qabartmaq, həm ölkə daxilində, həm də xaricdə bu məsələlərə diqqət çəkmək üçün şüurlu şəkildə özünə qəsd edən şəxslər olur”.
Bunu SİA-ya açıqlamasında YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, Avropada və keçmiş sovet respublikalarında dissidentlər buna əl atırdılar: “Son illərdə isə intiharın daha qəribə və mənasız formaları yaranıb. Əvvəllər sevgi, məhəbbət, sosial təzyiqlər, cinsi azlıqlara qarşı zorakılıq və yeniyetmələrin psixoloji problemləri kimi səbəblər ön planda idi. Amma bu gün daha narahatedici hallar mövcuddur: kompüter oyunları və sosial şəbəkələr vasitəsilə intihara təhrik edilən uşaqlar və yeniyetmələr. Belə hallar artıq Pakistanda, digər ölkələrdə və bizim ölkədə də müşahidə olunur.
Bir intihar hadisəsi böyük sosial, etik, iqtisadi və hüquqi problemlərə səbəb olur. Təkcə bir şəxsin canına qıymaqla iş bitmir – həmin hadisə nəticəsində hüquqi orqanların fəaliyyəti, ailənin travması, cəmiyyətin zədələnməsi və dövlət resurslarının səfərbər olunması baş verir. Bundan əlavə, bəzi hallarda dini sektalar və radikal qrupların təsiri altında kütləvi intiharlar da baş verir. Həmçinin, bəzi bloqerlər və sosial media fenomenləri diqqət çəkmək üçün canlı yayımda intihar edir.
Günel Fərzəliyeva

