Ay yandım, kömək edin! Pritça. – Yunis Oğuz yazır
Padşahın kefi ala buludda gəzirdi. Ordusu qonşu dövlətin üzərində parlaq qələbə qazanmışdı. Nə qədər qənimət, var-dövlət, nə qədər əsir əldə etmişdi. Paytaxt üç gün idi yeyib-içirdi. Deyəsən bu qonaqlıq(orta əsrlərdə qonaqlığa toy deyilirdi) bitib tükənmək bilməyəcəkdi. Şadyanaqlığın üçüncü günü padşah baş vəziri yanına çağırdı. Qonşu padşahın daş-qaşla bəzədilmiş, qənimət kimi saraya gətirilmiş taxtında qalib görkəmində oturmuşdu.
Baş vəzir padşaha yaxınlaşıb baş əydi:
– Əmri-fərmanın, qibleyi-aləm!
Padşah müdrik görkəm alıb dilləndi:
– Vəzir, bu xalq ki var, qəhrəman xalqdır. Qəvi düşmənin çənəsini necə sındırdısa, düşmən uzun illər özünə gələ bilməz. Bu xalq hər cürə mükafata layiqdir. O, vəzirinə diqqətlə baxdı.
– Baş vəzir onun sözlərini təsdiqlədi:
– Düz buyurursunuz, qibleyi-aləm! Bu xalqla fəxr etmək olar, hər padşahın rəiyyəti olduğu kimi, hər rəiyyətin də padişahı olmalıdır.
Bu rəiyyət xoşbəxt rəiyyətdir ki, sizin kimi müdrik, uzaqgörən, ağıllı padşahı var.
Padşah onun sözlərindən məmnun qalaraq taxta yayxanıb dedi:
– Bilirsən vəzir, istəyirəm paytaxtda dövlətin hesabına Tənbəllər evi tikdirim. Qoy tənbəllər, işsizlər, sərgərdanlar gəlib o evdə qalsın, orada yatsın, yeyib-içsin. Necə baxırsan bu əmələ, hə?
Yazıq vəzir padşahın sözünün üstünə sözmü deyəcəkdi? Odur ki, cavab verdi:
– Əla fikirdir, qibleyi-aləm! Qoy rəiyyət kef eləsin.
Padşah cavabdan məmnun qalaraq dedi:
– Elə isə sabahdan bu təklifi həyata keçirt, şadyanalığı saxlayıb, ona xərclənən vəsaiti Tənbəllər evinə yönəldək. Qoy davullar çalınsın, fərmanım hər yerə çatdırılsın.
Elə də olur. Bu hadisənin üstündən bir il ötür. Bir gün baş vəzir başıalovlu özünü padşahın yanına çatdırır. O vəzirini həyəcan, təşviş içində görüb, başa düşür ki, nəsə ciddi bir hadisə baş verib. Dərhal soruşur:
– Nə baş verib, vəzir, yoxsa torpaqlarımıza düşmən soxulub?
O padşaha baş əyir:
– Yox, qibleyi-aləm, düşmən nəkarədir ki, torpaqlarımıza soxulsun? Dərdimiz Tənbəllər evinin dərdidir…
– Orada nə olub? – Vəzirin sözünü yarımçıq kəsdi.
– Qibleyi-aləm, məsələ ondadır ki, səltənətdə işləyən adam qalmayıb, hamı Tənbəllər evinə axışır. Başımı lap itirmişəm. Neyləyək, nə əmrin var?
Padşah ayağa durub sarayın döşəməsinə sərilən xalçanın üstündə fikirli-fikirli xeyli gəzişdi. Yaranan müşküldən (problemdən) çıxış yolu axtarmağa başladı. Nə düşündüsə, gəlib baş vəzirin qarşısında dayandı.
– Vəzir, sən belə et, – dedi.
– Əmri-fərmanındır, qibleyi-aləm!
O nəyisə yenə də götür-qoy edib dilləndi:
– Sən o Tənbəllər evinə od vurdur, qoy alovun dilimləri ərşə qalxsın. Kim o yanğından axırıncı çıxacaqsa, onu da padşahın və dövlətin tənbəli elan edək.
Vəzir onun sözünü təsdiqlədi:
-Yaxşı fikirdir, qibleyi-aləm!
Padşah özünün fikrinə əlavə etdi:
-Görünür rəiyyətə balıq vermək lazım deyil. Gərəkdir ona necə balıq tutmağı öyrədəsən….
Nağıl dili yüyrək olur.
Tənbəllər evinə od vurulur. Atəş, alovun dilləri ərşə qalxır. Ölkədə müftə yeyənlər dərhal qaçıb aradan çıxırlar. Odun, alovun içində iki nəfər qalır. Biri qışqırır:
-Ay yandım, kömək edin! Ay yandım, kömək edin!
Onun yanında uzanan o biri tənbəl deyir:
-Ə, sən canın, mənim də əvəzimə qışqır.
Nə isə bu iki nəfəri birtəhər oddan, alovdan xilas edib, ölkənin tənbəli elan edirlər.
O gündən isə padşah əmr edir ki, hər kəs bir sənətə sahib olmasa, ciddi cəzalanacaq. Nəhayət ki, padşah rəiyyətinə balıq tutmağı öyrədir.
P.S. Bu nağıla oxşar hadisə başqa variantda Qaraqoyunlar dövlətində baş vermişdi.

