Mənəviyyatla yoğrulmuş ömür. Ağaddin Babayev haqqında həzin xatirə…

Ömür heç kimə, heç kəsə vəfa etmir. Günlər, aylar, illər keçdikcə ömür qısalır, daralır. Amma elə yaşanan ömürlər var ki, o illərlə, yaşla yox mənalı ömürlə ölçülür.

Ağaddin Babayev məhz belə mənalı ömür yolçusu olub. Bu imza çoxlarına tanışdır. Hələ o, Şağlaser kənd orta məktəbinin 8-ci sinfində oxuyarkən xalq yazıçısı Hüseyn Abbaszadənin “General” romanının məktəb kitabxanasında keçirilmiş müzakirəsini bir xəbər yazıb poçtla “Leninçi” (indiki “Lənkəran” qəzetinə) göndərib.

Qəzetdə çap olunan yazı onun taleyində mühüm rol oynayıb. Ordu sıralarında xidmət etdiyi illərdə də, Bakıda İncəsənət İnstitutunda oxuduğu illərdə də rayon qəzeti ilə əlaqə saxlamış, müxtəlif mövzulu yazıları qəzetdə öz əksini tapmışdı. İş elə gətirir ki, 1990-cı ilin yanvarından Ağaddin Babayev “Lənkəran” qəzetində (qəzetin adı elə həmin ildə dəyişdirilib) tərcüməçi-müxbir kimi işə qəbul edilir. O, eyni zamanda N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi işçi kimi fəaliyyət göstərir.

Ağaddin Babayevin yerli qəzetdə hazırladığı talış dilində bir səhifəlik materiallar oxucuların marağına səbəb olur. Ağaddin müəllim cismani həyatda olmasa da, yazılarında-şeirlərində, hekayə və oçerklərində, tərcümələrində və s. yaşayır. Onun dünya ədəbiyyatından etdiyi tərcümələr çox gözəl və təbii alınırdı. Bəli, Ağaddin müəllim sənət və jurnalistika üçün doğulan sənətKar idi. Bir var gedib təhsil alasan hansısa peşə üçün. Bir də var ki, anadangəlmə sənət üçün doğulasan.

Bax, Ağamız sənət üçün, mənəviyyat üçün doğulanlardan idi. Onun yazılarını oxuyanda bir möcüzə ilə qarşılaşırdın. O, söz ləlindən, incisindən sətir-sətir, misra-misra söz sədəfi, dürrü yaradırdı. O, bahar, yaz kimi təravət, həzinlik gətirirdi yazdığı yazılara. Sadəcə, Ağaddin mənəviyyat aşiqi, fədaisi idi. Onun poeziyasında qəlblərin nisgili, kövrəkliyi, həzinliyi qabarıq şəkildə öz əksini tapırdı. O, qəlbən, ürəkdən yazırdı. Ağaddin elə əsərləri ilə oxucuların qəlbinə yol tapdı. Axı o, oxucunu düşündürən, narahat edən mövzulara önəm verirdi. Yazıları isə onun qəlbinin iç dünyasından pərvaz edən göyərçinlər idi. Axı göyərçinlər sülh müjdəçisidir. Ağaddin səmimi, mülayim təbiətli insan idi. Hətta onun baxışlarından incə bir həya tökülürdü. Zəngin mənəviyyat sahibi idi.

Bir müddət mərhum Məqsud Məmmədovun sponsorluğu ilə “Prizma” qəzeti buraxdılar. Qəzet qısa zamanda oxucuların rəğbətini qazandı. Çünki Ağaddin Babayevin söz sənətinin möcüzəsi qəzetin səhifələrinə nüfuz edirdi. Ağaddin Babayev APA-nın, eləcə də “Bakinski raboçiy”, “Vışka” qəzetlərinin bölgə yazarı idi. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü olan Ağaddin Babayev iki kitab müəllifidir. O, bütün ölkədaxili və ölkəxarici mətbuata abunə olardı. Ömrünün son günlərində çox sevdiyi “Vışka”, “Ədəbiyyat” qəzetlərinə abunə oldu…

Bir kollektivdə “Lənkəran” qəzetində Ağaddinlə işlədim. Həmişə gülərüz, xoş xasiyyətli idi. Heç kimin qəlbinə dəyməzdi. Çox mülayim, sadə və səmimi idi. Başqasının günahını tez bağışlayardı. Hamımız ona Ağa deyib müraciət edirdik. Mənfur xəstəlik isə ondan əl çəkmək istəmirdi. Günbəgün Ağaddinin sağlamlığı zəifləyirdi. Edilən müalicələr də artıq gücsüz idi. İyunun 21-i sübh azanı vaxtı Ağa gözlərini bu dünyaya əbədi yumdu. Lakin sözü və sənəti ilə əbədiyyata qovuşdu. Şağlaser kəndi, rayonumuz beləcə bir cəfakeş ziyalısını, qələm sərrafını itirdi. Belələrinin yeri həyatda boş qalanda, sanki yaşamaq insana cansıxıcı gəlir. Axı 69 yaş nədir ki…

Xeyir-şər adamı idi. Bütün tədbirlərdə layiqincə iştirak edirdi. Ağaddin gözəl, qayğıkeş ailə başçısı idi. Ailəni, övladlarını, nəvələrini çox sevirdi. Amma o xəstəlik Ağamızı bu dünyadan məhrum etdi. Lakin Ağaddin işıqlı, nurlu əsərləri ilə oxucuların qəlbində özünə mənəvi abidə qurdu. Bəli, səhərlər, sabahlar açılacaq, lakin Ağaddin bir daha durub oyanmayacaq. Açılan səhərləri, insanların gülüşlərini, ailəsinin həyatını ruhunda hiss edəcək. Asimandan baxacaq yer üzünə. Qədirbilən oxucular əsərlərini oxuduqca, ruhuna dua etdikcə Ağaddin Babayevin müqəddəs ruhu şad olar. Rahat yat əziz dost! Zaman gələcək nəvələrin, nəticələrin sənin nurlu, işıqlı yolunun davamçıları olacaqlar.

Sehran Yədullaoğlu,

publisist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir