Bölgə ədəbi gəncliyi: İnternet, yoxsa ədəbiyyat?! İstedadlı yazıçı-pedaqoq Nurlan Quliyeva
Bakı ölkəmizin elmi-mədəni düşüncə mərkəzi olaraq nəinki bölgələrimizə, həm də qonşu dövlətlərə – istər soydaşlarımızın toplum halda yaşadığı İran, Rusiya, Gürcüstan, İraq, Türkiyə, istərsə də Orta Asiya respublikalarına, başqa Şərq məmləkətlərinə kulturoloji təsiri hər zaman araşdırmaçıları, tədqiqatçıları marağına səbəb olub. Nizamidən üzü bəri, Füzuli, Nəsimi, Tusi, Axundov Mirzə Cəlil kimi söz-düşüncə sahiblərimizin təsiri ilə yazıb-yaradan Şərq mütəfəkkirlərinin ədəbi-intellektual irsini xatırlayaq. Günü bu gün də bu təsirlər görünməkdədir: söz yox, bizim yerləşdiyimiz geosiyasi məkana görə Azərbaycan humanitar-intellektual düşüncəsi də müxtəlif xarici təsirlərə, həmlələrə məruz qalır. Bu müsbət təsirləri milliləşdirməyi, özümüzküləşdirməyi bacarır, eləcə də qonşu xalqlara ötürəndə özümüzdən onlara çox şeyləri qatırıq.
Son vaxtlar Bakıda da geniş vüsət tapmış yeni düşüncə-təsvir vasitələri bölgələrimizə necə, gedib çatırmı?! Budəfəki söhbətimiz də məhz bu yöndədir. Həmsöhbət olaraq Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Gəncəbasar (Gəncə və Göygöl) nümayəndəliyinin rəhbərini, cavan yazıçını – Göygöl rayonunun Üçtəpə kəndində dəqiq elmlər üzrə pedaqoq kimi çalışan, eyni zamanda “Sirli kainat”, “Fateh” kimi bədii-fantastik, eyni zamanda “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlı elmi-metodoloji kitabın müəllifi, Təhsil Nazirliyinin keçirtdiyi “İlin müəllimi” müsabiqəsinin qalibi Nurlan Quliyevadır.
-Nurlan xanım, sizcə, həyatımıza yenicə daxil olmasına baxmayaraq, ənənəvi təsəvvürlərimizi, düşüncə tərzimizi, dünyagörüşümüzü, hətta gündəlik yaşam tərzimizi dəyişən yeni İnformasiya-Kommunikasiya Texnologiyaları – kompüter, İnternet, sosial şəbəkələr ədəbiyyatın inkişafına nə qədər təsir edir?
-Yeni texnologiyaların yaranması, kompüterdən istifadə bacarıqlarının formalaşması, müxtəlif İnternet saytlarından, elektron resurslardan, portallardan, həmçinin sosial şəbəkələrdən istifadə cəmiyyətimizdə gedən qloballaşmanı daha da sürətləndirdi. Zamanəmizdə istər Azərbaycanda, –paytaxt Bakıdan tutmuş, ta əyalətlərə, kəndlərimizə qədər, – istərsə də bütün dünyada,
texnomodern Qərb mədəniyyətinin təsiri ilə böyüyən, informasiya bolluğunda yaşayan gənc nəsil yetişir. Məxsus olduğu xalqın milli-mədəni dəyərlərini əks etdirdiyini nəzərə alsaq, bu mənada, tərbiyyəvi gücə malik olduğunu nəzərə alsaq İnternetdə, sosial şəbəkələrdə ədəbiyyatın yayımlanması və təbliği zəruridir. Ədəbiyyatın inkişafına isə həmişə zaman və məkan amili güclü təsir göstərib. İKT-nin inkişafı ədəbiyyata yeni məzmun, ifadə vasitələri, fərqli mövzular verir, geniş imkanlar açır. Əğər müasir yazar informasiya mədəniyyətinə sahibdirsə, o ölkəsinin sərhədlərini aşır, İntrnet vasitəsilə dünyaya çıxır, sosial şəbəkələrdə yaradıcılığını formalaşdırır, 50 milyonluq soydaşımızla virtual təmasa girir.
-Əyalətdə yaşayan bir yazıçı kimi necə düşünürsüz, dünya və çağdaş milli söz sənətimiz forma dəyişikliyinə, fərqli estetik texnologiyaya, texniki yeniliklərə hazırdırmı?!
-Öz ölkələrində intellektual-kreativ insan kapitalın inkişaf etdirən dünya dövlətləri artıq İKT-dən istifadənin bütün sahələrdə – elm, incəsənət, ədəbiyyat və s. bəhrəsini görürlər.
Texnologiyalar bir alimə elmi işini modelləşdirmək, fəaliyyətinin nəticəsini əvvəlcədən görmək imkanı verir. İKT mədəniyyət – ədəbiyyat və incəsənətin bütün sahələrinə nüfuz edir: postmodern ədəbiyyat nümunələri, bənzərsiz rəsm əsərləri, müxtəlif məzmunlu və formalı filmlər və s. yaranır. Bunlara görə demək olar ki, dünya söz sənəti yeniliklərə hazırdır.
Çağdaş milli söz sətimizə gəlincə, hələ görüləcək işlərimiz çoxdur. Dünya fikir tarixində öz sözünü demiş klassiklərimiz ədəbiyyatda öz layiqli yerlərini tutublar. Müasir nəsil qələm adamlarımız isə sözlərə yeni çalarlar verməli, ən əsası, intellektual-fəlsəfi əsərlər yaratmalıdırlar ki, həm ingilis, rus, türk dilləri vasitəsilə dünyaya çıxışını təmin etmiş bizim gənc oxucuları, həm
də xariciləri maraqlandıra bilsinlər. Bədii ədəbiyyat milliliyi saxlamaqla dünyəvi ideyaları təblığ etməli, yazıçı geniş dünya görüşünə malik olmalıdır. Çağdaş milli ədəbiyyata intellektuallıq, virtuallıq, fərqli düşüncə texnologiyaları gətirilməlidir. Mən bunun gücünü öz yazılarımda görmüşəm: azərbaycanca yazdığım, sosial şəbəkələrdə paylaşdığım bədiiləşdirdiyim riyazi
hekayələrim xaricdə yaşayan, ana dilimzdə oxuyan İnternet istifadəçilərinin – türklərin, güneyli soydaşlarımızın diqqətini başqa yazılarımdan daha çox cəlb edir.
-Maraqlıdır, İnternet ədəbiyyatı dedikdə, şəxsən siz nəyi nəzərdə tutursuz: virtual, elektron, yaxud şəbəkə ədəbiyyatını?
-İnternet ədəbiyyatı müxtəlif dövrlərdə yazılmış, hazırda elektron varianta çevrilərək qlobal informasiya şəbəkəsində yerləşdirilən mətnlər sayıla bilər. Ümumiyyətlə, oxucuya virtual olaraq çatdırılan bütün növ ədəbiyyat nümunələri İnternet ədəbiyyatı sayılmalıdır, əslində. Buraya İKT-nin imkanları ilə əlaqədar yaranan və hətta sosial şəbəkələrdə formalaşan ədəbiyyatı – profil
yazılarını, qeydləri, şərhləri, eləcə də, müxtəlif forumların, virtual debatların müzakirələrini də əlavə etmək olar.
-Sizin necə, öz bloq, sosial şəbəkə səhifəniz, tutalım Feysbuk profiliniz, yaxud fərdi saytınız varmı? Zəmanəmizin bu texniki imkanlarından səmərəli istifadə edə bilirsiz?
-Sözsüz, özümün yaratdığım “Mədəniyyət” adlı saytım, müxtəlif İnternet resurslarındakı 10-a yaxın bloqum, bir çox qlobal şəbəkələrdə səhifəm, facebookda profilim və mədəniyyətimizi təbliğ edən qrupum var. İmkan daxilində bütün saytlarımı işlədirəm. Ən çox istifadə etdiyim isə Milli Virtual-Elektron Kitabxanadakı – kitabxana.net portalında yaratdığım bloqlar, mədəniyyətə aid nuraz.ucoz.ru ünvanlı fərdi saytım, facebook.com və twitter.com profil səhifələrimdir.
-Feysbukda yazılan status yazılarını, qeydləri, onlara ünvanlanmış şərhləri, aparılan polemika və müzakirələrini, sizcə, şəbəkə ədəbiyyatı saymaq olar?
-Bilirsiz, İnternet, o cümlədən onun aparıcı istiqamətinə çevrilmiş sosial şəbəkələr artıq dünya dövlətlərinin, beynəlxalq təşkilatları birləşdirən, müxtəlif xalqların, millətlərin, milyarlarla insanın bir araya gəldiyi virtual məkana çevrilib, bir sözlə, real həyatın elektron variantı kimi inkişaf etməkdədir. Bu məkandakı hər bir şəxs yalnız öz mədəniyyətini, dünyagörüşünü deyil,
həmçinin mənsub olduğu millətin mədəniyyətini nümayiş etdirir. Sosial şəbəkələr vasitəsilə ədəbiyyatımızı dünya miqyasında təbliğ edə, dünya söz – fikir sənətilə, fərqli mədəniyyətlərlə yaxından tanış ola bilirik. Feysbukdakı statuslar, qeydlər, şərhlər onu yazan şəxsin inteklektual səviyyəsindən asılıdır. İstedadlı şəxsin yazdığı və şəbəkədə paylaşdığı mətn, fikir, əsər gözəl bir
ədəbiyyat nümunəsi də ola bilər. Polemika və müzakirələrsə müzakirə olunan məsələni kimin necə görməsindən asılıdır…
-Şəxsən sizin yaradıcılığınıza, eləcə də əsərlərinzin yayılmasına, imzanızın tanınmasına İnternet və sosial şəbəkələrin təsiri böyükmü olub?
-Əlbəttə, yaradıçılığıma İnternetin çox böyük təsiri olub. Mən daha çox artıq öyrəşdiyim Feysbuk və Tvitter kimi qlobal sosial şəbəkələrdən istifadə edirəm. Onlarda kifayət qədər elektron izləyicim, virtual dostlarım və oxucularım var. Məktəb illərindən bədii əsərlər yazırdım.
Lakin yaşadığım mühitdə bu haqda danışmaq mümkün deyildi. İlk dəfə evdə “sirrimi” açdım. O anda köhnə kişilərdən olan müəllim atam heç özü də nə söyləyəcəyini bilməyib xeyli fikirə getdi. Amma məhz atam sonralar mənə çox dayaq oldu. Bilirsiz ki, bölgələrdə yazıb-yaradanlar, xüsusən də hələ yenicə başlamış, tanınmayan qadın müəlliflərin Bakıda öz əsərlərini çap etməsi çox çətin məsələ idi. Amma mən təkidlə çap olunmaq istəyirim. Göygöl, Daşkəsən rayonlarının, Gəncə şəhərinin mətbuat orqanlarında silsilə yazılarım çap olundu. Paytaxt qəzetlərinin biri fantastik hekayəmi nəşr etdi. Son 10 ildə yeni texnologiyaların, İnternetin inqilabi inkişafı yaradıcılığıma təkan verdi. Riyaziyyat və informatika müəllimi olduğumdan, kompüter texnologiyaları bacarıqlarını çox tez mənimsəmişdim deyə, yeniliklərdən tez xəbər tuturdum.
2009-cu ildə kitabxana.net saytında qeydiyyatdan keçib yeni yazdığım əsərləri orada yaratdığım nuraz.kitabxana.net ünvanlı bloqunda yerləşdirməyə başladım. Bununla da yaradıcılığımın yeni dövrü başladı. Az vaxta fantastik əsərlərdən ibarət “Sirli kainat” adlı kitabım araya-ərsəyə gəldi.
-Klassik bədii söz sənəti, yoxsa şəbəkə ədəbiyyatı, kağız kitab, yoxsa elektron kitab: seçiminiz?!
-Ənənəviyə hörmət edərək, milliyi qoruyaraq yeniliyə doğru getməliyik. Sözsüz şəbəkədəki hər
əsər ədəbiyyat nümunəsi ola bilməz – zaman özü mətnləri, yazıları ələyəcək, yaxşılarını seçəcək.
Amma İnternet şəbəkəsi gözlərimiz önündə geniş imkanları olan bir dünya açır – biz o dünyanın
sakinləriyik. Zaman və məkanın tələblərinə uyğun yaşamağa məcburuq, o mənada seçimim
şəbəkə ədəbiyyatı – elektron kitabdır.
Söhbətləşdi: Nihad Əbili
Söhbətləşdi: Aydın Xan Əbilov

