“Dolu” bədii filmi: fəqrli kino, yoxsa… YYSİB sədri, yazışı-kulturoloq Aydın Xan Əbilovdan kulturoloji kinoresenziya



Tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbasın son illər ədəbiyyatımızın uğurlu
nümunələrindən hesab olunan “Dolu” romanı, həqiqətən, məmləkətimizin maştabında əsl “dolu”
sənət əsəri sayılar bilər. Onun ekran həllini səbirsizliklə gözləmiş sənətsevərlər isə indi müqayisə
aparmaq, polemik fikirlərini bölüşmək imkanı qazanıblar. 
Axı Qarabağ münaqişəsi həll olunmayıb, doğma torpaqlarımız hələ geri qaytarılmayıb, heç Aqil
Abbas da bu ağrılı mövzuda yazıb-yaratmağa son qoymayıb: Nizami Kino Mərkəzindəki media
və ziyalılar üçün keçirilən filmin təqdimatı zamanı yazıçının yeni kitabını da buna sübut kimi
göstərmək mümkündür…
Ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir
Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu olan, əsas rollarda
Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil
Süleymanlı və başqa aktyorlar çəkilən, 12012-ci ildə ekranlaşdırılan “Dolu” filmi haqqında
yazılan çoxsaylı resenziyalardan fərqlənən bu yazımın mübahisələr doğuracağını bilsəm də, belə
müzakirələrin gərəkliyini, son illərdə öləzləyən kino-tənqidçilik sahəsinə bir canlama
gətirəcəyini düşünürəm.
Özünəməxsus estetiktiv baxışlarıyla seçilən, bənzərsiz yaradıcılıq imkanlarıyla oxucularını
heyrətləndirən tanınmış yazıçı Aqil Abbas zəmanəmizin bu ağrılı probleminə hələ çox əsər
yazacaq, onlar əsasında yeni-yeni filmlər çəkiləcək deyə, tamaşaçılar tərəfindən birmənalı
qarşılanmayan, fəqət maraqlı ekran həllinə görə son illərin sənət nümunələri arasında fərqlənən
“Dolu” tammetrajlı bədii filmi haqqında mülahizələrimi bölüşürəm ki, “Qarabağnamə”lər
mövzusunda araya-ərsəyə gətiriləcək işlərin səviyyəsi daha yüksək olsun: fikirlərimin
subyektivliyini və ola bilər, bu ekran əsərinə ilkin təəssüratlardan yarandığını vurğulamaq yerinə
düşər…
Bir daha vurğulayım: bəlkə də bu mülahizələrimin bir qismini “Dolu” filminə şamil etmək olar,
ancaq onları oxucuların diqqətinə çatdırıram ki, hərb və müharibə, bir sözlə, Qarabağ
mövzusunda ekran əsərləri çəkiləndə, mütləq aşağıdakı məsələlərə xüsusi diqqət verilsin.
Yeni sənət əsərləri, kreativ düşüncə məhsulları olaraq, müəlliflərinə şöhrət gətirə, yaxud, əksinə,
tez də unudula bilər: bu mənada haqqında danışdığım bədii filmin yaradıcı heyətinin estetik
zəhmətini dəyərləndirir, mətbuatda “Dolu” haqqında təriflər yazanların fikirlərinə əksər halarda
şərik çıxır, bununla yanaşı, bəzi tənqidi düşüncələrimi ədəbi-mədəni sahənin adamlarıyla
bölüşmək, kino ictimaiyyətimizin diqqətinə çatdırmaq istəyirəm.
Dəyərli ədəbiyyat nümunələrinin, o cümlədən Aqil Abbasın maraqlı – oxunaqlı “Dolu” romanını
kino dilinə çevirməyin, tam dolğunluğu ilə əhatə etməyin çətinliyini xatırlatmaqla, əvvəlcədən
söyləyim ki, sözügedən bu ekran əsəri bədii filmdən çox, hansısa telesserialın qayçılanmış
variantını xatırladır. Yeri gəlmişkən, bu forma dünya kino sənətində qəbul ediləndir: tutalım,
M.Bulqakovun eyniadlı romanı əsasında çəkilmiş “Master və Marqarita” telesserialının ikihissəli
bədii film kimi işlənmiş qısa variantı da var.
Böyük ekran əsərlərinin üç növu olur: kommersiya kinosu, müəllif kinosu, dövlət kinosu
(keçmiş Sovetlər Birliyinə daxil olan respublikalara aiddir) – söhbət sənətkarlıq cəhətdən yox,
kulturoloji-ideoloji, maliyyə-texniki, bir qədər də estetik tərəflərdən gedir. “Dolu” filmi dövlət
sifarişi ilə çəkildiyinə görə sonunculara aiddir, bu isə öz növbəsində, yaradıcı heyətin üzvlərini

müəyyən mənalarda, çərçivəyə salıb, məhdudlaşdırmalara vadar edib. Bu mənada filmi daha çox
ideoloji savaş kinosu kimi də xarakterizə etmək mümkündür.
Filmin başlanğıcında, ən azı, 20-25 dəqiqə stabil, dinamikasız bir gedişat var ki, müharibə
mövzulu savaş filmlərində bu məqbul sayıla bilməz. Bundan sonrakı hadisələrin nəqletmə
dinamikası bədiiliyi üstələdiyinə görə filmin estetik – sənət tərəfini bir qədər zəiflədir.
Ənənəvi realist üslubda lentə alınmış bu ekran əsərinin mübahisəli tərəflərindən biri də baş
qəhrəmanın mövcud olmaması, yaxud dörd surət arasında bölünməsidir: komandir, raykom
katibi, “Drakon” ləqəbli obraz, polis rəisi. Bu dörd surətin hər biri müsbət qəhrəman obrazında
göstərilsə də, əslində klassik – ənənəvi kinonun estetik tələblərindən kənara çıxılıb. Bir daha
vurğulayım ki, filmdə əsas baş qəhrəman yoxdur, bu isə ənənəvi, realist janrda çəkilmiş filmləri
seyr etməyə meyilli Azərbaycan tamaşaçısını da, elə tənqidçiləri də qıcıqlandırır. 
Romanda isə əksinə, qəhrəman aydın görsənir: ermənilərə qarşı mətin mübarizə aparan Ağdam –
Qarabağ, yaxud zamanın və müharibənin özüdür. Fəqət vizual sənət növü sayılan kino baş
qəhrəmansız bir qədər baxımsız təsiri bağışlayır, tamaşaçısını tez yorur.
Bayaq da qeyd etdiyim kimi, dövlət sifarişi ilə araya-ərsəyə gələn “Dolu” filmi ənənəvi ekran
əsəri sayılır, əgər postmodern bir film olsaydı, məsələn, serb rejissoru Əmir Kustirisa, yaxud
bizim Vaqif Mistafayev üslubunda çəkilsəydi, onda başqa məsələ, istənilən sənət sınaqlarına göz
yummaq olardı. Tutalım, hər cür müqayisə birtərəfli olsa da, Qarabağ mövzusunda ilk ciddi
böyük ekran əsəri sayılan “Fərhad” filmində əksər obrazlar, bütün köməkçi süjet xəttləri əsas
qəhrəmanın dolğun surətinə canlandırmağa, tamaşaçı yaddaşına həkk olunmasına xidmət edir.
“Dolu”da isə tamaşaçının, belə demək mümkünsə, rəğbəti bayaq qeyd etdiyimiz dörd qəhrəman
üzərində yönələndirməklə, rejissor əsas mətləbdən uzaqlaşır.
Filmdəki iki əsas epizoda, yumuşaq ifadə etsək, qeyri-səmimilik müşahidə olunur: erməni qızını
əsir tutan kəşfiyyatçı dəstənin üzvləri onu sərbəst buraxırlar. Halbuki sonralar “Pələng” ləqəbli
obraz yaralanıb keçinəndə “Drakon”a son sözü bu olur: “Mən qız üzü görmədim!” Real
müharibə şəraitində – insanlığın arxa plana keçdiyi bir vaxtda qadın əsl qənimət sayılır, özü də
düşmən cəhbəsində olan yaraşıqlı incə varlıq olanda, tamam başqa situasiya yaranır. Dünyada
son illər çəkilən, keçmiş Yuqoslaviya, MDB ölkələrindəki oxşar münaqişələrin acı reallıqlarına
həsr edilmiş kino əsərləri xatırlayaq. Yeri gəlmişkən, bu, tipik azərbaycanlı gəncinin düşüncəsi
idi: əslində isə o epizodda Vətən, torpaq üçün, yaxud Qarabağdan, Ağdamdan ötrü “canım
qurban” deyə bilərdi. 
Düzdür, film yaradıcıları erməni əsir qadını epizodunda, – özlərini sığortalayaraq, – “Drakon”un
dilindən bu sözləri də söyləməyi unutmurlar: “Mən arvadlarla döyüşmürəm…” Amma müharibə
müharibədir və onun öz həqiqətləri, reallıqları, dəhşətləri, ağrıları, acıları var. Məlumdur ki, bəzi
hallarda hər iki tərəfdən əsir alınmış nəinki qadınlar və qızlar, həmçinin əsgərlərin də seksual
işgəncələrə, zorrakılığa məruz qalmışlar: bu barədə yaxın keçmişimizdə çoxlu tarixi faktlar var.
Yanılmıramsa, başqa bir filmimizdə bizim qadınların erməni vəhşiləri tərəfindən zorlanması
faktı da göstərilib. Mən hələ publisitik kitablarda, mətbuat yazılarında, sənədli və televiziya
filmlərindəki çoxsaylı faktları yada salmaq istəmirəm. 
Filmdə “qarabağizm”, problemin Ağdam ilə məhdudlaşdırılması anlaşılan deyil: məgər
müharibədə Qarabağdan olmayan, yaxud qeyri-ağdamlı şəhidlərimizin sayı azdır?! Senarist
olaraq A.Abbas da filmin əvvəlində göstərir ki, Lənkərandan 25 nəfər könüllü Vətən uğrunda
canından keçmək üçün Ağdama gəlir. “Drakon” ləqəbli obrazı oynayan Rza Rzayevi, – yeri
gəlmişkən, bu gənc aktyor, eləcə də “Pələng” rolunu oynayan Elvin Əhmədov kinomuz üçün
kifayət qədər yeni tapıntı sayıla bilər, – tutalım, elə öz ləhcəsi ilə danışdırıb naxçıvanlı, ya da
qubalı kimi göstərmək olmazdı? Axı Qarabağ, Ağdam, işğal altında olan başqa doğma

torpaqlarımız yalnız orada doğulan, şəhid olan, yaxud yaşayanların deyil, bütöv Azərbaycanın
yaralı ürəyidir…
Ekran əsrindəki jurnalist obrazı natamamdır: halbuki o rolda çox yaraşıqlı bir aktyor çəkilib. Bu
obrazı daha da inkişaf etdirmək mümkün idi, axı Qarabağ müharibəsi zamanı şəhid olan
jurnalist, qələm əhlinin sayı heç də az deyil?
“Drakon” obrazı bizim “Rembo”muz olmasa da, onunla bağlı epizodlar tələsik çəkilmiş və sanki
tamamlanmamış təsiri bağışlayır: məsələn, İnterpolun axtardığı, Ağdam kəndlərində soyqırım
dəhşətlərinə başçılıq edən erməni terroristini öldürmə səhnəsi çox zəif və aztəsirlidir. Halbuki
onun başının kəsilməsi səhnəsini verməmək şərtilə, daha maraqlı, ən azı, hələ də müharibə
şəraitində yaşadığımıza görə, ideoloji obrazlılıqla göstərmək mümkün idi.
Heç şübhəsiz, “Dolu” bizim yaxın keçmişimiz haqqında bir ideoloji filmdir və orada heç olmasa,
pafosa, milləti iki yerə parçalayan ideoloji-siyasi yanlışlığa yer vermək lazım deyildi. Xalq artisti
Fuad Poladovun ustalıqla yaratdığı raykom katibinin respublikanın ozamankı rəhbərliyinə qarşı
“qiyamı” inadırıcı görsənmir. Nəzərə almaq lazımdır ki, o vaxtlar respublikamızda indiki
imkanlar yox idi, üstəlik bir sistemdən ayrılıb, digərinə “oturuşmamışdıq” hələ: Azərbaycan bir
neçə istiqamətdə savaşa girişmişdi, ən azından hakimiyyət uğrunda çoxsaylı siyasi oyunlar
gedirdi. Belə bir şəraitdə 20-25 il bundan əvvəlki hadisələrə bugünkü baxışla qiymət vermək nə
qədər düzgündür? Filmə baxan zaman belə bir fikir yaranır: güya rəsmi qurumlar heç bir iş
görmür, müdafiə nazirliyi və Milli Ordu bilərəkdən Ağdamı ermənilərə təslim edir, xalq hərəkatı
lazımsızdır, Qarabağ – Ağdam uğrunda yalnız lotular, həbsxanada oturanlar vuruşur.
Erməniləri unudub, düşməni öz aramızda axtarmaq nə qədər düzgündür?! Ermənilərə o illərdə,
yazıçının da vurğuladığı kimi, sovet-rus ordusu və dünya terroristlərinin ən tanınmışları yardım
edirdi, yazıq azərbaycanlılar isə obrazlı ifadə etsəm, sıravi insanların umidinə qalmışdı. Film
rejissoru nədənsə bu incəlikləri unudur sanki. 
Təkrar etməyə məcburam: “Dolu”, söz yox, “Hərb və sülh” filmi deyil, fəqət, Qarabağ
müharibəsi, erməni işğalı yalnız Ağdamla məhdudlaşmırdı, kinoda isə şərti olaraq “ağdamizm”
saydığım baxış çox güclüdür. Belə çıxır ki, o zamanlar Azərbaycan dövləti, o cümlədən xalqımız
Ağdamı sadəcə hadisələrin ixtiyarına buraxmışdı. Axı elə deyildi axı: ən azı bunu o rayonun bir
çox kəndlərinin işğaldan qorunduğu faktı sübut edir. O vaxtlar Azərbaycanın hər yerindən
Qarabağ müharibəsinə insanlar axışır, ərzaq, silah, texnika alınıb göndərilirdi…
Təəccüblüdür, filmdə gender balansı pozulub: amma bir balaca yaddaşımızı silkələsək, Qarabağ
və Ağdam uğrunda savaşa çıxan nə qədər igid qız-gəlinlərimiz, tibb bacılarımız, xanım
həkimlərimiz vardı, onların “haqqını kəsmək” nə qədər düzgündür? Bir obrazı çıxmaq şərtilə,
qadınlarımız yalnız öldürülür, ya da acıları görüb fəryad qoparanlar kimi göstərilir…
Film Ağdam şəhərinin ermənilərin işğalı ilə bitir və axırda müəlliflər ruhları zəbt olunmuş
torpaqlara yollamaqla ideoloji vəzifəsini bitmiş hesab edir. Üstəlik də əsas qəhrəmanların hamısı
həlak olur. Ağdamın yarısı bizdədir, zənnimizcə, filmin sonluğu Ağdamın hansısa kəndinə real
hücumuyla bitsəydi, daha effektli, təsirli, necə deyərlər, “hərbi-vətənpərvərlik ruhunda” alınardı.
Axı bu sənədli film deyil, bədii ekran əsəridir: arzuları obrazlı formada verməkdə çəkinmək
lazım deyildi.
Bütün sadalanan cəhətlərinə baxmayaraq, “Dolu” maraqlı bir ekran əsəri, savaş filmi və yaxın
tariximizi özündə əks etdirən sənət nümunəsidir, ona baxmayanlar çox şeyi itirmiş olurlar.
Yuxarıdakı fikirlərim isə, yalnız “Dolu” filminə aid deyil, bəlkə də bundan sonra çəkiləcək ekran
əsərlərinə – bədii və televiziya nümunələrinə, sseriallara, hətta yaranacaq ədəbiyyat nümunələrinə
daha çox aiddir.

Kiçik bir yazıda “Dolu” filminin yaxşı tərəflərini sadalasaydıq, yəqin bir neçə qəzet səhifəsi
həcmində material alınardı: tutalım, quruluşçu rejissorun estetik tapıntılarını, baş operatorun əla
işini, bəstəkarın yazdığı uğurlu kino-musiqisini, aktyor oyununu xatırlaya bilərəm.
Bu barədə isə ayrıca bir yazımda qənatələrimi bölüşmək fikrindəyəm…

Aydın Xan Əbilov,

YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir