Dəbdəbəli toylar: Zərurət, yoxsa fərqlənmək ehtirası? – YYSİB sədri, ictimai və mədəniyyət xadimi tanınmış kulturoloq Aydın Xan Əbilovdan sosial-mədəni tənqid
Aydin Xan (Əbilov): “Bahalı toylar nə toy sahibinin, nə də qonaqların maraqlarına cavab vermir, bundan qazanan “toy dəllal”ları olur”
“Keçmişdə orta, kasıb və bəy-xan toyları olsa da, son illər bizdə sosial statusundan asılı olmayaraq hamı dəbdəbəli toy etməyə çalışır”.
Bu sözləri Editor.az-a açıqlamasında YYSİB sədri, ictimai və mədəniyyət xadimi Kitabxana.net portalının rəhbəri, tanınmış kulturoloq Aydın Xan Əbilov söyləyib.
Onun sözlərinə görə, bahalı toylar nə toy sahibinin, nə də qonaqların maraqlarına cavab vermir, bundan qazanan yalnız “toy dəllal”ları olur: “Əslində toy mərasimi valideynlərinin öz övladlarının xoşbəxtliyi üçün düzənlədiyi bir mərasimdir. Əgər bu mərasim sonradan valideynlərin və toy edən bəy və gəlinin narahatlığını səbəb olursa, onlar maddi sərfiyyatdan dolayı əsəb gərginliyi keçirirsə, bu artıq şadyanalıq olmur. Düşünürəm ki, mənasız fərqlənmək ehtirasına və toy mərasimlərində gərəksiz təamların süfrəyə düzülməsinə ehtiyac yoxdur və buna son qoymaq lazımdır”.
Toy mərasimləri ilə bağlı maraqlı təkliflər irəli sürən Aydın Xan hesab edir ki, toyu bəylə-gəlinin yaşadığı rayonlarda deyil, digər bölgələrdə keçirmək daha yaxşıdır: “Yaxşı olardı ki, naxçıvanlı toyunu Naxçıvanda, gəncəli toyunun Gəncədə deyil, fərqli rayonlarda edəydilər. Bu həm də ölkədə daxili turizmin inkişafına şərait yaratmış olar. Digər tərəfdən “isveç stolu” ənənəsindən yararlanaraq, əvvəlcədən qonaqlardan menyu ilə bağlı sifarişlər almaq və bu yolla israfçılığa son qoymaq olar”.
Öz övladlarına az sayda qonaqların iştirakı ilə kiçik toy mərasimi təşkil etdiyini deyən kulturoloq digərlərini də bu ənənədən yararlanmağa çağırdı: “Uşaqların əmisi övladlarıma kiçik toy mərasimi hədiyyə etdi. Az sayda qonağın iştirak etdiyi mərasim zamanı əlavə israfçılığa yol verilməsə də, qonaqlar üçün maraqlı və yaddaqalan oldu. Düşünürəm ki, onların böyük toylarını da bu şəkildə qeyd edəcəm. Hər kəs başa düşməlidir ki, toy onlar üçün yüklənmə yox, şadyanalıq mərasimidir”.
Azər Niftiyev, Editor.az