Odun tədarükü ilə bağlı “Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova xəbərdarlıq
Qışa hazırlıq məqsədilə ölkədə odun yanacağı tədarükü davam edir.
12 avqust 2025-ci il tarixinə Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 30 min 529 kubmetr həcmində oduncaq toplanıb. Odun tədarükündə əsasən qurumuş, xəstə və təhlükə yaradan ağacların kəsilməsinə üstünlük verilir.
“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, insan fəaliyyəti təbiətə ən böyük təsiri göstərən amildir:
“Planetin xam resurslarını hamının faydası üçün necə istifadə etməyi öyrəndikcə, biz öz yaşam qaynağımıza münasibətimizin fərqində olmalıyıq. İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, ətraf mühitin dağıdılması və çirklənmə bəşəriyyəti təbiətlə daha yetkin və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa məcbur edir.”

İradə Həsənova qeyd edib ki, Azərbaycan təbii zənginliyinə görə dünyanın qabaqcıl ölkələrindən biridir və burada 450-dən çox ağac və kol növü mövcuddur, onların bir qismi nadir və endemikdir:
“Meşələr iqlimin, havanın, su balansının tənzimlənməsində, torpağın qorunmasında və təbii fəlakətlərin qarşısının alınmasında mühüm rol oynayır. Son illər meşələrin bərpası istiqamətində işlər görülüb, lakin bəzi yerlərdə seyrəkləşmə və cins tərkibinin pisləşməsi müşahidə olunur. Bu proseslərin qarşısı alınmasa, respublika ağır ekoloji fəlakətlərlə üzləşə bilər.”

