Lənkərandakı təhsil müəssisəsinin – Xarici Dillər Təmayüllü Gimnaziyanın bağlanması xəbərlərinə rəsmi cavab: inanaq, yoxsa?!
Qədim tarixi, möhtəşəm təhsil uğurları ilə tanınan, vaxtilə rusdilli internat məktəbi kimi respublikamızda və keçmiş SSRİ-də məşhur qabaqcıl təhsil ocağı kimi tanınan Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyasının bağlanması ilə bağlı ciddi iddialar yayılıb.
Bu barədə mediyaya adıçəkilən müəssisədə çalışan bir qrup müəllim müraciət edib.
Onların sözlərinə görə, gimnaziyada fəaliyyət göstərən ibtidai siniflər bağlanıb: “Əslində biz də tam bilmirik məsələ nədir. Dəqiq məlumat ala bilmirik. Guya valideynlərə məktəbin adının dəyişildiyi, məşğələ sisteminin ləğv olunduğu deyilib. Məsələni dəqiqləşdirmək istəyirik, əgər belədirsə, biz müəllimlərə də xəbərdarlıq olunmalıdır”.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, son günlər Lənkəran şəhəri Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziyanın fəaliyyətinin dayandırılması, ibtidai siniflərin ləğv olunması və ya digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb: “Sözügedən təhsil müəssisəsində yeni tədris ilindən təmayül istiqamətlərinin genişləndirilərək xarici dillərlə yanaşı, digər humanitar sahələri də əhatə etməsi planlaşdırılır. Xarici dillər istiqamətində təhsil alan şagirdlərin təhsili məhdudlaşmır, əlavə olaraq sosial-humanitar (tarix və s.) istiqamətlərdə yeni imkanlar yaradılır. Bu isə şagirdlərin seçim imkanlarını artırmaqla yanaşı, onların maraq və biliklərinə uyğun daha geniş təhsil mühiti formalaşdıracaq.
Həmçinin təhsil müəssisəsindəki ibtidai sinif şagirdlərinin başqa müəssisələrə köçürülməsi, yeməkxananın ləğv edilməsi və müəssisədə çalışan əməkdaşların fəaliyyətinə xitam verilməsi məsələləri müzakirə mövzusu deyil. Şagirdlər əvvəlki illərdə olduğu qaydada təhsillərini öz gimnaziyalarında (uzadılmış gün rejimində) davam etdirəcəklər. Hazırda birinci siniflərə qəbul prosesi davam edir. Qısası, təhsil müəssisəsi öz fəaliyyətini tam qaydasında davam etdirir və yeni tədris ilinə daha geniş imkanlarla hazırlaşır”.
P.S. Məzunlarının arasında tanınmışlar əksəriyyət təşkil edən, müstəqillik dönəmində buraxılış sinifinin abiturentlərinin az qala 100 faizinin nüfuzlu ali məktəblərə daxil olan, respulikamızda və xaricdə tanınmış elm, iş adamları, mədəniyyət və ədəbiyyat adamları ilə fəxr edən, Lənkəran şəhərinin mərkəzində yerləşən, iri torpaq sahəsi ilə çoxdandır bəzi işbazların diqqətində olan bu məktəbin binası və əlavə tikililər – yataqxana, yeməkxana və idman kompleksi dağılmaq üzrə olsa da, onillərdir ki, Elm və Təhsil Nazirliyinin məmurlarının görməməzliyi təəccüb doğurur. İnanırıq ki, yaxın vaxtlarda bunlara rəsmi bir əncam çəkiləcək…
Fidan Etibar