Gəlin qaynananı niyə bıçaqladı? – Ailələrdə qan su yerinə axır: YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan aktual münasibətlər…
Xəbər verdiyimiz kimi, Astara rayonunda 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.
İlkin araşdırmalarla qətl hadisəsinin ailə-məişət münaqişəsi zəminində törədildiyi müəyyənləşib. Araşdırmalar davam etdirilir.
Qaynana-gəlin münasibətləri əsrlərdir Azərbaycan ailə mühitinin ən mürəkkəb, bəzən də ən gərgin mövzularından biri olub. Bəzi ailələrdə bu münasibətlər mehribanlıq və qarşılıqlı hörmət üzərində qurulsa da, çox zaman gizli narazılıqlar, incikliklər və ailədaxili çəkişmələr faciə ilə nəticələnir. Astaranı sarsıdan son hadisə də məhz bu köhnə problemin acı nəticəsi oldu. Bəs necə edək ki, əsrlərlə davam edən bu qarşıdurmaya son verək? Ailə institutlarımızda hansı islahatlar aparılmalıdır ki, qaynana gəlinlə, gəlin də qaynana ilə üz-üzə gəlməsin.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda ailədaxili münaqişələrin artmasının arxasında dərin sosial və mədəni səbəblər dayanır. Onun sözlərinə görə, sosial müavinətlər, işsizlik yardımları və uşaq pulları bəzən insanların əməkdən uzaqlaşmasına, passiv və tənbəl bir təbəqənin yaranmasına gətirib çıxarır:
“Bölgələrdə kişilər kütləvi şəkildə Rusiyaya, Türkiyəyə və Bakıya üz tutur, kəndlərdə isə qadınlar, uşaqlar və yaşlılardan ibarət zəif sosial struktur yaranır. Bu da psixoloji gərginlik, boşanmalar və ailədaxili konfliktlərlə nəticələnir. Kənd təsərrüfatı ilə məşğul olanlar da artıq fəaliyyətindən çəkilir. İstilər, məhsulun ucuz qiymətə alınması və sosial maraqsızlıq kəndləri iqtisadi cəhətdən çökdürür. İnsanlar marketlərdən ərzaq alır, kənddə işləməkdən imtina edirlər. Beləliklə, həm kənd boşalır, həm də ailə sistemi zəifləyir. Sosial mediada vaxt keçirən, savadsız və işsiz gənclər aqressiv bir topluma çevrilir. İnternet, mesajlaşma imkanları və azad münasibət şəraiti ailədaxili xəyanətləri artırır. Ailə üzvləri bir-birindən uzaqda yaşadığı üçün nəzarət və bağlılıq da itir”.
A.Əbilovun fikrincə ailədaxili cinayətlərin səbəbləri sırasında iki amil önə çıxır: “Birinci yerdə qaynatadan gələn seksual zorakılıq, digəri isə xəyanət və bunun nəticəsində baş verən qətllərdir. Bu, həm hüquqi boşluqlarla, həm də mədəni stereotiplərlə əlaqəlidir”.
Yazıçı hesab edir ki, problemin həlli üçün kompleks tədbirlər vacibdir:
“Ən əsası ailənin qorunmasına yönəlik dövlət proqramları hazırlanmalıdır. Azərbaycanda maarifləndirmə gücləndirilməli, ailə qanunvericiliyinin tələbləri sərtləşdirilməli və kəndlərdə iqtisadi və sosial inkişaf təmin edilməlidir. Ailə məsuliyyətdir. Əgər ailə üzvləri bir-birinə sahib çıxmırsa, münaqişə və fəlakət qaçılmazdır. Əgər bu problemlər vaxtında həll olunmasa, ailə institutu sürətlə dağılacaq və cəmiyyətin kökü zədələnəcək. Dövlət, cəmiyyət və media bu məsələyə susmamalıdır. Ailədə baş verən zorakılıq təkcə şəxsi faciə deyil, milli təhlükəsizlik məsələsidir. Aydın Xan Əbilov bu məsələdə ictimaiyyətin hər kəsə aid məsuliyyət daşıdığını vurğulayır”.
Sultan Məmmədli
https://musavat.com/news/gelin-qaynanani-niye-bicaqladi-ailelerde-qan-su-yerine-axir_1188759.html

