Göyçayda, Şəhər Mərkəzi Kitabxanada tanınmış yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirildi
İyulun 30-da tanınmış yazıçı-romanist, publisist, I Qarabağ müharibəsi veteranı Hacı Qəni Camalzadə ilə Köyçay Şəhər Mərkəziləşdirilmiş Kitabxana Sistemində – Mərkəzi Kitabxanada görüşü keçirildi.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Rayon ziyalıları və qələm sahibləri, Rəsul Rza ev muzeyinin əməkdaşları, oxucuların iştirak etdiyi tədbirin aparıcısı paytaxtdan gələn mötəbər qonaqları – yazıçı Hacı Qəni Camalzadə ilə “Mentalitet” Yeni Nəslə Sosial Mənəvi Dəstək İctimai Birliyinin sədri, “Mədəni Niyyət” qəzetinin baş redaktoru, araşdırmaçı, publisist Hacı Rahim İsmayılovu salamladı, sonra isə yazıçının həyat və yaradıcılığı haqqında müxtəsər məlumat verdi.
Sonra söz məhsuldar yazıçı-publisist Hacı Qəni Camalzadəyə verildi. Yazıçı öz çoxillik yaradıcılığı, eləcə də yazdığı tarixi romanlar və çoxsaylı hekayələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi, mütaliə mədəniyyyətinin çağdaş durumu ilə əlaqədar gördüyü işləri yada salaraq təkliflərini dilə gətirdi.
“Mentalitet” Yeni Nəslə Sosial Mənəvi Dəstək İctimai Birliyinin sədri, “Mədəni Niyyət” qəzetinin baş redaktoru, araşdırmaçı, publisist Rahim İsmayılov yazıçının yaradıcılığı haqqında fikirlərini bölüşdü, ölkəmizdə və xaricdə dəfələrlə nəşr olunan romanları, çoxsaylı kitabları və 15 cildlik “Seçilmiş əsərləri” haqqında danışdı.
Görüşdə iştirak edən rayon ziyalıları və qələm sahibləri, öz növbəsində, yazıçının əsərləri haqqında fikirlərini səsləndirdilər, müəllifə suallarını ünvanladılar, yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda MKS-nin direktoru bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi və qonaqlarla xatirə şəkilləri çəkildi.

