Müasir geyimlər daha rahat, sərbəst və rəngarəngdir, insanlara özünüifadə imkanları verir, amma və lakin… – YYSİB sədri, mədəniyyət xadimi Aydın Xan Əbilovun mövqeyi

Hazırda cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də gənc nəslin geyim tərzidir. Son illərdə bu mövzu daha çox gündəmə gəlir, sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş mübahisələrə səbəb olur. Tez-tez müşahidə edirik ki, yaşlı nəsil gənclərin geyim üslubunu, dinlədiyi musiqini, həyat tərzini bəyənmir, bunu “dəyərlərin pozulması” kimi qiymətləndirir. Gənclər isə əksinə, yaşlı nəsli köhnəlmiş düşüncələrə sahib olmaqda ittiham edir. Nəticədə nəsillər arasında ziddiyyət yaranır və bu, cəmiyyətin mənəvi həyatına da təsir edir.

Bütün bunların fonunda unutmamalıyıq ki, hər bir dövrün öz dəbi, estetik anlayışı, özünəməxsus üslubu olur. Geyim də məhz bu anlayışların təzahürüdür. Yeni geyim tərzlərinin həm müsbət, həm də mənfi tərəfləri var. Müasir geyimlər daha rahat, sərbəst və rəngarəngdir, insanlara özünüifadə imkanları verir. Lakin bəzən həddən artıq açıq-saçıq geyimlər ictimai yerlərdə narahatlıq doğurur. Həqiqətən də çox vaxt belə geyinən gənc qızlara ətrafdakıların ikrahla baxdıqlarına şahid oluruq. Toplum isə istəyir ki, gənclərin davranışı və geyimi ümumi şərtlərə, mentalitetə uyğun olsun. Çünki mentalitet məsələsi də burada mühüm yer tutur. Azərbaycan cəmiyyətində ailə dəyərləri, abır-həya anlayışı, ədəblilik kimi prinsiplər hələ də yüksək qiymətləndirilir. Ona görə də çox vaxt ailələr övladlarının geyiminə qarışmağa çalışır. Bəziləri isə hesab edir ki, gənclərin geyimi yalnız onun və ailəsinin seçimidir. Əgər valideynlər övladlarının açıq-saçıq geyimdə ictimaiyyətə çıxmasına icazə veriblərsə, başqalarının buna qarışması düzgün deyil. Əlbəttə ki, söhbət biabırçı vəziyyətlərdən, əxlaqsızlıqdan getmir. Əgər hansısa gəncin müasir geyimi kiminsə zövqünə uyğun deyilsə, bu, daha çox həmin ailənin və gəncin öz məsuliyyətidir.

Tanınmış sənət adamlarının bu mövzu ilə bağlı çıxışları da bəzən müzakirələrə səbəb olur. Məsələn, Xalq artisti Afaq Bəşirqızı bir verilişdə çıxış edərək gənclərin, xüsusən qızların geyimini kəskin tənqid edib. Onun sözləri belə olub: “Mentalitet var? Oğullu-qızlı hamı döymədə. Qızların geyimi… Əncir yarpağı ilə çölə çıxsalar, geyindiklərindən abırlıdır”.

Aydın Xan Əbilov 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a açıqlamasında deyib ki, geyim indiyə qədər mədəniyyət və etnoqrafiya baxımından insanları, millətləri, ayrı-ayrı peşə, sənət adamlarını bir-birindən fərqləndirən vasitə kimi qəbul olunurdu. Onun sözlərinə görə, indi isə geyimin funksiyası dəyişilib: “Son illərə nəzər salsaq, görərik ki, əvvəlki kimi bahalı, trenddə olan geyimlərə deyil, sadə, ekoloji cəhətdən sağlamlığa uyğun, orqanik məhsullardan hazırlanmış və pambıq geyimlərə üstünlük verilir. Hesab edirəm ki, bizim müasir dövrdə geyimə və paltara olan baxışımız dəyişilməlidir. Əlbəttə, geyim onu geyinən şəxsin xarakterini, tərzini, necə insan olmasını göstərən vasitədir. Geyim həm də kütləvi dünya görüşünün məhsuludur. Məsələn, bir rəng və ya hansısa geyim bir ölkədə dəbə düşürsə, dövr edərək digər ölkələrə də yayılır.  Vaxttilə şalvarlar, ultra qısa geyimlər azsaylı insanlar tərəfindən istifadə edilirdi. Onları daha çox sənət adamları geyinirdilər. İndi isə kütləvi dəb halını alıb. Qızlarımız indi xaricdən gələn dəblə geyinirlər: qısa ətəklər və göbəyi açıq koftalar. Bunu normal qarşılamaq lazımdır, dövr dəyişib, çoxluq bu geyimlərdən hətta toylarda, şənliklərdə də istifadə edir”.

A.Əbilov bildirib ki, yaşlı nəsil gənclərdən fərqli olaraq bir qədər açıq-saçıq geyimlərdən çəkinməlidir: “Məktəbdə dərs deyən müəllimənin açıq-saçıq geyimdə şagirdlərin qarşısına çıxması düzgün deyil. Yaxud da yas mərasimlərinə rəngli paltarlar geyinilməməlidir, mental dəyərlər nəzərə alınmalıdır. Həmçinin iş yerlərində də açıq-saçıq geyinmək qəbul edilmir, çünki peşə etikasına əməl edilir. Azərbaycanda isə hər şey bir-birinə qarışıb. Toy geyimi ilə universitetə, qısa geyimlərlə yas mərasimlərinə gedirlər. Bu sahədə maarifçiliyə ehtiyac var”. 

Kulturoloq başqa ölkələrdən nümunələr də gətirib: “Yaponiya geyimlə bağlı bir neçə il əvvələ kimi konservant idi. İndi isə orada ciddi şirkətlər işdə kostyum və qalstukdan imtina edirlər, əksinə, sadə və rahat paltarlara üstünlük verirlər. Bu baxımdan nə qədər müzakirələr olsa da, hər nəsil geyimdə inqilabi dəyişiklik edir. Günümüzdə istəsək də, istəməsək də açıq-saçıq geyinmək dəbdədir. Bunun sağlamlıq və digər baxımdan fəsadları olsa da, belədir. Bəzən efirlərə çıxıb qısa geyinənləri tənqid edən şəxslərin öz ailə üzvləri açıq-saçıq geyimlərə üstünlük verirlər. Orta və yaşlı nəsil gənclərin geyimlərinə hörmətlə yanaşmalı, gənclər isə mental dəyərləri nəzərə almalıdır”.

Şahanə RƏHİMLİ,

https://musavat.com/news/xalq-artistinden-qizlara-encir-yarpagi-usyani_1184913.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir