“İslamın nüfuzuna kölgə salmaq istəyənlərə xalq özü tutarlı cavab verəcək…” – İlahiyyatçı Samid Quliyev


Son günlər bəzi ölkələrdə yaşayan azərbaycanlılar və xarici təsirli çevrələr tərəfindən ölkəmizin nüfuzlu din xadimlərinə qarşı qarayaxma kampaniyaları aparılır. Bu kontekstdə Azərbaycanın ilahiyyatçı alimlərinin birinin mövqeyi cəmiyyət üçün önəm daşıyır. YeniMedia.net portalı olaraq bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə Şöbəsinin imamı, tanınmış ilahiyyatçı və tədqiqatçı Samid Quliyevin mövqeyini öyrəndik.

— Son günlərdə bəzi şəxslər ölkəmizdə tanınan və nüfuzlu din xadimlərini müxtəlif yollarla gözdən salmağa çalışırlar. Sizcə bu cəhdlərin arxasında nə dayanır?

— Allahın adı ilə. Əvvəla onu deyim ki, Azərbaycan xalqı öz din xadimlərini yaxşı tanıyır. Xalq yaxşı bilir ki, kim minbərdə danışır, kim isə arxada başqalarının yazdığı ssenarini oynayır. Bu gün özünü “maarifçi”, “ziyalı” və ya “tənqidçi” kimi təqdim edən bəzi şəxslərin əsas niyyəti cəmiyyətə din adı altında nifaq salmaq, xalqla ruhani təbəqə arasında etimadsızlıq toxumu səpməkdir.
Bu, sadəcə yerli bir təşəbbüs deyil. Açıq şəkildə deyək: bu kampaniyanın arxasında xarici ideoloji mərkəzlərin izi var. Onların məqsədi İslamın bu torpaqlardakı sağlam damarını, xalqla ruhani arasında qurulmuş mənəvi körpünü sarsıtmaqdır. Lakin unudurlar ki, bu xalqın yaddaşında din bir işıq, ruhani isə o işığı qoruyan çıraqçıdır.

— Konkret olaraq hansı ruhanilər hədəfdədir və niyə?

— Hədəfdə olanlar odur ki, xalqın içindədir, minbərdə söz deyir, yasda-duada xalqla çiyin-çiyinə dayanır. Onlar təbliğatla yox, əməllə danışan adamlardır. Onlar xalqın inamını qazanmış ruhanilər və mənəviyyat daşıyıcılarıdır. Bu insanlar heç bir siyasi iddianın yox, mənəvi xidmətin sahibləridir. Məhz buna görə gözdən salınmaq istənilirlər. Amma unutmasınlar, bu insanlar xalqın duası ilə dayanırlar, iftiralarla deyil.

— Bu hücumlara qarşı cəmiyyət və ruhanilər nə etməlidir?

— Ən vacibi sakit qalmaq yox, ayıq olmaqdır. Biz emosional yox, şüurlu və mərifətli cavab verməliyik. Ruhanilər öz fəaliyyətini daha da şəffaf, ictimai yönümlü və məsuliyyətli şəkildə davam etdirməli, cəmiyyətlə bağlarını daha da gücləndirməlidirlər. Xalq isə başa düşməlidir ki, bu gün ruhanilər susdurulsa, sabah millətin mənəvi immuniteti zədələnəcək.
Burada dövlətin rolunu da qeyd etməliyik. Xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illərdə reallaşdırdığıtədbirlər,
dini maarifləndirmə layihələri və ruhanilərlə dialoq yönümlü siyasəti bu cür dağıdıcı kampaniyaların qarşısında möhkəm səddir. Bu həm milli təhlükəsizlik baxımından, həm də mənəvi davamlılıq baxımından çox önəmlidir. Komitənin ruhani institutuna göstərdiyi diqqət və açıq münasibət ruhani cəmiyyətində də müsbət qarşılanır və güvən yaradır.

— Son olaraq nə demək istərdiniz?

— Mən bir ruhani kimi yox, bu xalqın bir övladı kimi deyirəm: Əgər kimlərsə elə düşünür ki, ruhanini gözdən salmaqla minbəri çökdürəcək, bilməlidir ki, bu xalqın minbəri tarixən milli-mənəvi məfkurə ilə yoğrulub.
İslam dini bu xalqın ruhunda, ruhani bu xalqın həyatındadır. Onları ayırmaq istəyənlər bilməlidir ki, xalq özü öz dinini də, din xadimini də qorumağı bacarır.

Söhbətləşdi: Ayxan Hidayət, YeniMedia.net

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir