“İnsan elektrik almayan cihaz deyil” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovun fikirləri
“30 yaşdan yuxarı insanların (burada həm qadınlar, həm də kişilər nəzərdə tutulur) ailə qurmaması bəzən onların şəxsi qərarı olmur. Bu prosesə ailə üzvlərinin, xüsusilə valideynlərin təzyiqi də təsir göstərir. İnsan zamanla bu təzyiqlərin və həyat təcrübəsinin təsiri ilə düşünməyə başlayır ki, artıq ailə qurmaq məsuliyyətindən uzaqlaşır. Bunun nəticəsində isə bəzi insanlar öz daxili düşüncələrini “elektrik almıram”, “ona qarşı hisslərim yoxdur” kimi ifadələrlə əsaslandırmağa çalışırlar. Amma əslində bu cümlələrin arxasında dərin psixoloji suallar gizlənir: “Niyə ailə qurmalıyam?”, “Ailə mənə nə verəcək?”, “Bu addım mənim həyatımda nəyi dəyişəcək”?
Mövzu ilə bağlı SİA-ya açıqlamasında YYSİB sədri, ictimai xadim, sosioloq Aydın Xan Əbilov bildirib ki, dünyada evlənmək üçün qəbul edilmiş bir standart yaş aralığı mövcuddur. Sivil və inkişaf etmiş cəmiyyətlərdə gənclər, adətən, müəyyən bir sosial-iqtisadi baza formalaşdırmadan evliliyə qərar vermirlər. Bu isə əsasən 25-30 yaş aralığına təsadüf edir. Həm sağlamlıq, həm də fizioloji baxımdan bu yaşlar ailə qurmaq və uşaq dünyaya gətirmək üçün daha əlverişli hesab olunur. Çünki yalnız bu zaman insan sağlam övlad yetişdirmək, onun təhsil, istirahət və hüquqlarını qorumaq üçün kifayət qədər hazırlıqlı olur: “25 yaşına qədər insanlar adətən ali təhsil alır, hərbi xidmət keçir, yaxud peşə öyrənərək iş həyatı ilə tanış olur. Bu mərhələlər həm şəxsi inkişaf, həm də gələcək ailə üçün iqtisadi təməl yaratmaq baxımından əhəmiyyətlidir. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrdə — məsələn, Çin, Koreya, Avropa ölkələri, ABŞ və Türkiyədə — erkən evlilik təşviq olunmur. Orada insanlar yalnız məsuliyyət daşıya biləcək, oturuşmuş sosial mövqeyə çatdıqdan sonra ailə qururlar.
Lakin son dövrlərdə Azərbaycanda müşahidə olunan tendensiyalar narahatlıq doğurur. İqtisadi, sosial, ekoloji və məişət problemləri bir çox insanı evlilikdən çəkindirir. Subay qalmaq halları geniş yayılıb. Evlənənlərin bir qismi isə 6 ay sonra boşanır. Bəziləri sadəcə pul toplayıb toy edir, lakin ailə dağılır. Rəsmi statistika açıqlanmasa da, boşanma nisbətinin 60%-ə çatdığı deyilir. 18-35 yaş arasında subayların sayı isə təxminən 40%-dir. Boşanmış və tək yaşayanları da nəzərə alsaq, bu göstərici ümumilikdə 60%-ə yaxınlaşır.
Qlobal təcrübədə 18 yaşında ailə quran bir şəxsin dərhal ev sahibi olması gözlənilmir. Kirayədə yaşamaq, maliyyə və məişət məsələlərini tədricən həll etmək normal hal sayılır. Lakin əsas problem ondadır ki, bəzi gənclər ümumiyyətlə məsuliyyət daşımaq istəmirlər. Halbuki bir insan ailə məsuliyyəti daşıya bilmirsə, cəmiyyətə də fayda verə bilməz.
Əcdadlarımız deyirdi: “Bir ev tikənə, bir də evlənənə Allah ruzisini verir.” Bu dərin hikmət həyatın davamlılığı və gələcəyə inam ideyasını daşıyır. Uşaq isə həyatın özüdür, onun davamıdır. Subay qalmaq və uşaqsız yaşamaq isə, əslində, bir soyun, bir nəslin davamını dayandırmaq deməkdir. Amma uşaq dünyaya gətirən şəxs, həm genetik, həm də mənəvi baxımdan gələcəyə bir iz qoymuş olur.
Unutmaq olmaz ki, insan sadəcə maddi varlıq deyil. Bizim ruhumuz, duyğularımız, qəlbimiz var. Allahı sevən bir insan Onun yaratdıqlarını da sevməli, qorumağa çalışmalıdır. Hüquqlarımızın sərhədi başqasının haqqına toxunduğumuz anda bitir. Bir-birimizi anlamağa, dinləməyə və dəstək olmağa çalışsaq, ailə çətinliklərini birlikdə dəf edə bilərik. Ailə, cəmiyyət və dövlət də məhz bu yolla möhkəmlənir və inkişaf edir.
Ailə qurmaq sadəcə evlənmək deyil, böyük məsuliyyət və vəzifədir. Uşaq dünyaya gətirməkdən tutmuş onun təhsili, sağlamlığı, sosial inkişafı — hər şey maliyyə və diqqət tələb edir. Bu baxımdan Azərbaycanda yeni ailələrin dəstəklənməsi üçün xüsusi dövlət proqramları hazırlanmalıdır. Məsələn, Rusiyada olduğu kimi, uşaq doğulan andan ailəyə maliyyə dəstəyi göstərilir və bu vəsait ipoteka və ya təhsil məqsədi ilə istifadə oluna bilir.
Təəssüf ki, ölkəmizdə doğum səviyyəsi də aşağı düşüb. Hal-hazırda orta göstərici 1.1–1.5 uşaq arasındadır. Halbuki əhalinin sabit şəkildə artması üçün hər qadın orta hesabla 2.5–3.1 uşaq dünyaya gətirməlidir. Əgər bu təmin olunmasa, gələcəkdə ölkənin yaşlı əhalisinin payı artacaq və demoqrafik balans pozulacaq.
Ən təhlükəli meyllərdən biri də gənclərin reallıqdan uzaqlaşaraq serial və sosial şəbəkələrdəki parlaq, lakin qeyri-real həyatı ideal kimi qəbul etməsidir. Bəzən qızlar evlənmək yerinə bir uşaqla aliment almağı və mənzili bölməyi üstün tutur. Bəzən oğlanlar qadınların və ya qohumların himayəsi altında yaşamağı seçir. Bu da ailənin və cəmiyyətin təməlini zəiflədir.
Fiziki əməklə işləmək istəyənlərin sayı azalır, lakin tez varlanmaq arzusu artır. Gənclər az maaşlı işlərə səbr etmədən münasibətlərini bitirirlər. Bu səbəbdən bir çoxu ölkəni tərk edir. Amma bu hallar əslində bəhanədir. Evlənmək və sağlam ailə qurmaq istəyən insan, səmimi istək və səylə bunu edə bilir”.
Ziya Hikmətoğlu
https://sia.az/az/news/social/1264687.html

